Geri

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Xətai Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Xətai Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd payız-qış mövsümü ərəfəsində rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Xətai Rayon İcra Hakimiyyətinin və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətləri və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə və yanğınlarla mübarizə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Sonra Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov çıxış edərək yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışıb, yaşayış massivlərində fərdi avtomobillərin nizamsız parklanmasının, məhəllələrə girişlərin qeyri-qanuni maneələrlə məhdudlaşdırılmasının yanğın-xilasetmə əməliyyatlarına əngəllər törətdiyini, onların səmərəliliyini aşağı saldığını qeyd edərək, yerli icra və özünüidarəetmə orqanlarını belə hallarla qəti mübarizəyə çağırıb. O, həmçinin rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında ətraflı məlumat veriblər. Həmçinin, Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirənin sonunda yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu

Gəncə şəhərində aparılan qanunsuz tikintinin qarşısı alınıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu