Geri

FHN-in Akademiyasında Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

5 noyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimdə fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, Nazirliyin məsul vəzifəli şəxsləri, Akademiyanın müəllim və professor heyəti, FHN-in Vətən müharibəsində döyüşmüş əməkdaşları, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərliyi, FHN Akademiyasının kursantları və onların valideynləri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış ümummili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Sonra Zəfər Gününə həsr olunmuş hərbi andiçmə və təntənəli buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən nazir müavini Etibar Mirzəyev fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun adından tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Bu günün tarixi əhəmiyyətindən danışan E.Mirzəyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Ordumuz cəmi 44 gün ərzində tarixdə misli görünməmiş qəhrəmanlıq göstərərək 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etdi. Vətən yolunda canlarını fəda etmiş şəhidlərimizin yenilməz iradəsi və qəhrəmanlıqları sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Böyük Zəfərlə bitmiş Vətən müharibəsində Fövqəladə Hallar Nazirliyinin də şəxsi heyəti üzərinə düşən vəzifələri şərəflə yerinə yetirib, xüsusilə düşmənin mülki obyektlərə endirdiyi zərbələr nəticəsində baş vermiş yanğınların söndürülməsi, dağıntılar altından insanların xilas edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. Həmçinin, FHN-in bir qrup əməkdaşının müharibədə Ordu sıralarında döyüşdüyünü xatırladan nazir müavini təəssüflə qeyd edib ki, müharibə günlərində oktyabrın 28-də Ermənistan tərəfindən döyüş bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə endirilmiş raket zərbələri nəticəsində Nazirliyin Mülki müdafiə qoşunlarının 1 hərbi qulluqçusu xidməti vəzifələrini yerinə yetirərkən şəhid olub.

Sonda E.Mirzəyev kursantları təbrik edib, onlara təhsildə və xidmətdə uğurlar arzulayıb.

Sonra çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. B.Salayev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən danışıb, qəhrəman əsgər və zabitlərimizin Vətən qarşısında unudulmaz xidmətlərini qeyd edib. B.Salayev, həmçinin Akademiyanın fəaliyyəti barədə məlumat verib, kursantları təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Toğrul Məmmədov, Vətən müharibəsi iştirakçısı, FHN-in Statistika və informasiya texnologiyaları idarəsinin rəis müavini Fəxri Ağayev və kursant valideyni Xəyyam Hüseynzadə çıxış edərək mərasim iştirakçılarını Zəfər Günü münasibətilə təbrik ediblər.

Tədbir Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib. Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Rafiq Sadıqov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb.

Rəsmi hissədən sonra tədbir iştirakçıları FHN-in İdman-sağlamlıq klubunun idmançılarının nümunəvi çıxışlarını izləyiblər.

 

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu