Geri

FHN Akademiyasında “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

FHN Akademiyasında 17 aprel 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmışdir.

Tədbirdə fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, AMEA-nın vitse-prezidenti,  Milli Məclisin deputatı akademik İsa Həbibbəyli,  institut rəhbərləri, alimlər iştirak etmişlər.

Əvvəlcə, konfrans iştirakçıları Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuş, sonra FHN Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və muzeylə tanış olmuşlar.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlamışdır. Konfransı aparan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirmişdir ki, bu tədbir ölkəmiz üçün çox əlamətdar bir dövrə təsadüf edir. Belə ki, aprel ayının 11-də ölkəmizdə prezident seçkiləri keçirilmiş və İlham Heydər oğlu Əliyev seçicilərin mütləq əksəriyyətinin səs çoxluğunu qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Bu qələbənin Azərbaycan xalqının iradəsinin təzahürü olduğunu bildirən natiq konfrans iştirakçıları adından cənab İlham Əliyevi təbrik etmiş, ona möhkəm can sağlığı və Azərbaycanın daha da çiçəklənməsi və tərəqqisi naminə fəaliyyətində uğurlar arzulamışdır.

Etibar Mirzəyev qeyd etmişdir ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla tariximizin şanlı səhifələrindəndir. Qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirmişlər. Nazir müavini demişdir ki, Ümummilli Liderin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları, həmçinin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi həmin tarixi fakta dövlət səviyyəsində ehtiramın nümunəsidir. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən bu konfransın da dövlət başçısının müvafiq sərəncamına uyğun keçirildiyini xatırladan E.Mİrzəyev bu tədbirin gənc nəslin öz şərəfli tairxlərini mükəmməl öyrənməsində mühüm rol oynayacağına ümid etdiyini bildirmişdir.

AMEA-nın vitse-prezidenti,  Milli Məclisin deputatı akademik İsa Həbibbəyli çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə daim sadiq qaldığını, bu ənənələrin Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirildiyini vurğulamışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin və dövlət xadimlərinin tarixi irsininin akademik səviyyədə araşdırılması işinin ümummilli lider Heydər Əliyev tərəfindən başladıldığını və dövlət başçısı İlham Əliyevin nəzarəti altında bu gün də aparıldığını diqqətə çatdırmışdır.

Konfransda  “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifəsidir” mövzusunda məruzə ilə çıxış edən  AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Xalq Cümhuriyyəti tarixinin Azərbaycan xalqının şərəf səlnaməsi adlandıraraq ilk demokratik respublikamızın yaradılmasından süqutuna qədər olan tarixi mərhələlər, cümhuriyyət qurucularının fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Akademik gənc nəslin, eləcə də FHN-in Akademiyası kursantlarının Vətənimizin, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin tarixini mükəmməl öyrənmələrinin vacib olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, ilk demokratik respublikamızın tarixi ulu öndər Heydər  Əliyevin hakimiyyətə qayıdışından sonra elmi səviyyədə və geniş miqyasda tədqiq olunmuş, Ümummilli Liderin şəxsi göstərişi ilə mükəmməl “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” tərtib olunaraq nəşrə hazırlanmışdır. Qeyd olunmuşdur ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev də Cümhuriyyət tarixinin araşdırılması işini xüsusi diqqətdə saxlayır və bu istiqamətdə böyük miqyaslı elmi işlər görülmüşdür. Son illər Xalq Cümhuriyyəti ilə bağlı çoxsaylı monoqrafiyalar işlənmiş, sənədlər müxtəlif ölkələrin arxivlərindən tapılaraq tədqiq olunmuş və nəşr edilmişdir.

AMEA-nın Elm tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli “Azərbaycanın təhsilində tarixi varislik”,  AMEA Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil məsələləri”,  AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat”,  AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi ƏhmədovAzərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət rəmzləri və müasir dövr”, FHN-in Akademiyasının rəisi general-mayor, texnika üzrə fəlsəfə doktoru, dosent  Pənah Süleymanov “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və əhəmiyyəti” mövzularında məruzələrlə çıxış etmişlər.

Bildirilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq kimi qarşısına şərəfli məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya göstərmişdir. Natiqlər Cümhuriyyət xadimlərinin qısa müddət ərzində gördüyü işlərdən, həyata keçirilmiş islahatlardan söz açmış, müsəlman Şərqində ilk dəfə olaraq demokratik təsisatların bərqərar edilməsindən, hətta qadınlara səsvermə hüququnun Avropa ölkələrinin çoxundan xeyli əvvəl verildiyindən danışmışlar. Təəssüf hissi ilə qeyd olunmuşdur ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmişdir.

Konfransın sonunda fövqəladə hallar nazirinin müavini general leytenant Etibar Mirzəyev tədbirin keçirilməsində verilən dəstəyə görə AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirmiş, mühazirəçi alimlərə və digər iştirakçılara təşəkkür etmişdir.

Digər məlumatlar

Hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək....

Ardını oxu

Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) nümayəndə heyəti ölkəmizdə səfərdədir

1 dekabr 2021-ci il tarixində Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) rəhbərinin müavini İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Məlumat verildiyi kimi, bu gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. ...

Ardını oxu