Geri

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin və Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binalarının açılışı olmuşdur

16 dekabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur.

Mərasimdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak etmişdir. Əvvəlcə, nazir binanın rəmzi açılışını bildirən qırmızı lenti kəsmiş, sonra binada yaradılan şəraitlə tanış olmuşdur. Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsi, 67 ünvanında yerləşən yeddi mərtəbədən ibarət, ən müasir standartlar səviyyəsində inşa olunmuş inzibati binada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”ndə nəzərdə tutulan və ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydalar”ının tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının bir pəncərə prinsipi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, tikintisinə icazə tələb olunan obyektlərin layihə sənədləri digər sənədlərlə yanaşı yerli icra hakimiyyəti orqanı tərəfindən ekspertizadan keçirilməsi üçün Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə göndərilir. Yeni inzibati binada iş prosesinin avtomatlaşdırılması, o cümlədən də ekspertiza zamanı layihəyə dair iradların layihəçi ilə birbaşa əlaqə yaratmaqla aradan qaldırılması məqsədi ilə mərkəzi proqram təminatı yaradılmış, elektron sənəd dövriyyəsi elektron imza vasitəsilə təmin edilmişdir.

Binanın ikinci mərtəbəsində ekspertizadan keçirilməsi tələb olunan sənədlərin qəbulu, tikinti layihələrinin ekspertizadan keçirilməsində iştirak edən dövlət qurumlarının nümayəndələrinin yerləşməsi, informasiya xarakterli məsləhətlərin verilməsi üçün müvafiq yerlər nəzərdə tutulmuşdur.

Binanın yeddinci mərtəbəsi isə Agentliyin tərkibində fəaliyyət göstərən informasiya mərkəzi üçün nəzərdə tutulmuşdur. Mərkəzin funksiyası Baş İdarədə və Agentliyin tərkibində olan bütün qurumlarda elektron sənəd dövriyyəsini təmin etmək və eləcə də bütün iş prosesinə nəzarəti həyata keçirməkdən ibarətdir. 

Həmin gün Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışı olmuşdur.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının rəmzi açılışını bildirən qırmızı lenti kəsmişdir. Tibb Mərkəzinin yeni inzibati binası zirzəmi və üç mərtəbədən ibarət olmaqla ən müasir standartlara uyğun inşa olunmuş, bina ən son tibbi avadanlıqlarla təchiz edilmişdir. Zirzəmidə şüa-diaqnostika bölməsi, laboratoriya bölməsi, EKQ, EXOEKQ kabineti, cərrah otağı, aptek, sterilizasiya, anbarlar və digər köməkçi otaqlar yerləşir. Şüa-diaqnostika bölməsində rentgenskopiya, rentgenqrafiya, flüoroqrafiya, dental ortopantomoqrafiya, dental 3D kompüter tomoqrafiyası və ultrasəs müayinələri aparılır. Laboratoriya bölməsində qanın ümumi və biokimyəvi analizi, qanda test və immunoferment üsulu ilə infeksiyaların təyini, infeksiyaların polimeraz zəncir reaksiyası üsulu ilə təyini və digər analizlər aparılır.

Birinci mərtəbədə Mərkəzin inzibati hissəsi və Poliklinika şöbəsi yerləşir. İkinci mərtəbədə nazirliyin Xüsusi Həkim Ekspertiza Komissiyası, plazmaferez, stomatologiya, fibroqastroduodenoskopiya və kolonoskopiya  kabineti və Mərkəzin Stasionar  şöbəsinin terapiya bölməsi yerləşir. Üçüncü mərtəbədə Mərkəzin Stasionar şöbəsinin cərrahiyyə  bölməsi, 5 çarpayıdan ibarət reanimasiya və intensiv terapiya bölməsi, üç əməliyyat otağından ibarət əməliyyat bloku və mətbəx yerləşir.

 

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu