Geri

Qəbələdə “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans keçirilir

Martın 12-də Qəbələ şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Тədbirdə BMMT-yə üzv və təşkilatla əməkdaşlıq edən ölkələrin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərləri iştirak edir.

Konfransın əsas müzakirə mövzusunu mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığında qurumlararası koordinasiyanın təşkili, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, təsirinin minimuma endirilməsi, risklərin idarə edilməsi, irimiqyaslı fövqəladə hallar zamanı əhalinin həyat təminatının təşkili və beynəlxalq humanitar yardımlarının idarə olunması və digər məsələlər təşkil edir.

Konfransda giriş sözü ilə çıxış edən Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, son illər dünyada baş verən fəlakətlərdə yüz minlərlə insan həlak olub, dövlətlərə böyük zərərlər dəyib. Artan risklər şəraitində əhalinin həyat təhlükəsizliyini təmin etmək vacib məsələlərdəndir.

Nazir qeyd edib ki, Azərbaycan və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında əlaqələrin qurulmasından 20 il ötür və bu dövrdə tərəflər arasında sıx əməkdaşlıq münasibətləri qurulub.

Azərbaycanın da fövqəladə hallar riskinin yüksək olduğu zonada yerləşdiyini bildirən nazir, həmçinin, burada təbii risklərlə yanaşı, potensial təhlükə yaradan obyektlərin də mövcud olduğunu qeyd edib. Bu baxımdan, FHN-in beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verdiyi xüsusi vurğulanıb.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi isə çıxışında Azərbaycanda konfransın təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. Baş katib onu da qeyd edib ki, konfransda 150-dən artıq nümayəndə iştirak edir və bu konfrans təşkilatın tarixində bir dönüş nöqtəsi olmaqla üzv dövlətlərin səylərinin birləşdirilməsinə öz töhvəsini verəcəkdir.

Konfransda FHN-in fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Daha sonra mülki müdafiə sahəsində əhalinin hazırlığı, fövqəladə halların qarşısının alınması və əhalinin həyat təminatının təşkili sahələri üzrə konfrans iştirakçılarının məlumatları dinlənilib. Həmçinin, Azərbaycan FHN tərəfindən təqdimat keçirilib.

Qeyd edək ki, konfrans çərçivəsində Bakı şəhərində FHN-in qüvvə və vasitələrinin cəlb olunması ilə taktiki xüsusi təlim də keçiriləcəkdir.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin şəxsi heyəti üçün “Heydər Əliyev İli” çərçivəsində Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. ...

Ardını oxu