Geri

FHN-nin "112 " qaynar telefon xəttinin fəaliyyətə başlamasından 5 il ötür

Fövqəladə Hallar Nazirliyinin "112 " qaynar telefon xəttinin fəaliyyətə başlamasından 5 il ötür.

Prezident İlham Əliyevin 2006-cı il fevralın 28-də imzaladığı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təşkil edilməsi haqqında" Fərmanı ilə "112" qaynar telefon xətti yaradılmış, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112 zəng mərkəzi" təşkil olunmuşdur.

FHN-nin "112 " qaynar telefon xəttinin fəaliyyətə başlaması insanların təhlükəsizliyi və mümkün olan xoşagəlməz hadisələrin qarşısının alınması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində atılmış addımlardan biridir. "112" telefon xidməti artıq insanların hər hansı hadisə zamanı, çətin şərait, çıxılmaz vəziyyət yarandıqda müraciət etdikləri ünvana çevrilmişdir.

"112 zəng mərkəzi"nə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan şəhərdaxili, bütün respublika ərazisində isə GSM ("Azercell", "Bakcell", "Nar Mobile") və ya CDMA tipli simsiz telefon və bütün növ taksofonlardan zəng etmək olar. Xidmət pulsuzdur. "112" zəng mərkəzinin operatorları 24 saat ərzində (fasiləsiz) məlumat qəbul edir və operativ tədbirlərin görülməsi üçün müvafiq strukturları xəbərdar edir.

Son illər ərzində mərkəzə daxil olan zənglərin statistikası da insanlarda xidmətə inamın artdığının göstəricisidir. Gün ərzində telefonçu-operatorlar 10-15 min zəng qəbul edirlər. Bu zənglərin, təxminən, 150-200-nü konkret müraciətlər təşkil edir ki, həmin müraciətlər də dərhal aidiyyəti üzrə yönləndirilir. Ümumilikdə götürsək, 2007-2010-cu illər ərzində "112" zəng mərkəzi 32 mindən artıq müraciəti aidiyyəti üzrə yönəltmişdir. Ötən 5 il ərzində "112" zəng mərkəzində işin keyfiyyətini artırmaq istiqamətində xeyli iş görülmüşdür. Mərkəzdə 10 operator, radio rabitəçi və dispetçer üçün iş otaqları yaradılmış, Tetra MTM-700 rəqəmsal, CM-360, CP-160 analoq tipli radiostansiyalar, operativ zalda 2 ədəd iri monitor quraşdırılmış, bütün iş yerləri kompyuter və rəqəmsal telefonlarla təchiz olunmuşdur. Mərkəzə daxil olan zəngləri qəbul etmək üçün mini ATS quraşdırılmış, hər hansı qəzalar zamanı zənglərin fasiləsiz qəbulunu təmin etmək məqsədi ilə şəhər ATS-dən 2 Mbit axına malik əlavə optik rabitə xətti çəkilmişdir.

Yeniliklər içərisində 2010-cu ildən istifadə olunan "BİMAS" (Böhran İdarəetmə Mərkəzinin Avtomatlaşdırılmış Sistemi) proqram təminatı qeyd olunmalıdır. Bu proqram vasitəsilə "112" zəng mərkəzi və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi arasında fasiləsiz əlaqə saxlamağa imkan verən 100 Mbit rəqəmsal axına malik şəbəkə yaradılmışdır. Mərkəzə daxil olan müraciətlər və görülmüş tədbirlərin hamısı "BİMAS" da qeydiyyata salınır və monitorlarda görünür.

Hər gün fasiləsiz olaraq növbə çəkən "112" zəng mərkəzinin əməkdaşları öz işlərinə son dərəcə ciddi və məsuliyyətlə yanaşırlar.

Bir daha xatırlatmaq istəyirik ki, fövqəladə hal yarandıqda "112" nömrəsinə müraciət edin və əmin olun ki, ən qısa zamanda sizin köməyinizə çatacaqlar.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 16 iyun 2021-ci il tarixində Mingəçevir şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə müraciəti

Dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları, təəssüf ki, minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir, yaşıllıqlar yanaraq külə dönür. ...

Ardını oxu