Əlillik və müyəssərlik üzrə beynəlxalq ekspert (Sertifikatlar)
15 dekabr 1958-ci ildə Şamaxı rayonunun Dəmirçi kəndində anadan olmuşdur.
1975/76-cı ildə Şamaxı rayon Dəmirçi kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.
1977/79-cu ildə Sovet ordusunda hərbi xidmətdə olmuşdur.
1979/80-cı illərdə Bakı şəhəri 61 saylı texniki peşə məktəbini, 1982/85-ci illərdə Bakı Baza Enetgetika Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir.
1981/87-ci illərdə Bakı Baş Tikinti İdarəsində sahə ustası işləmişdir.
1987-ci ildən I qrup əlilliyi olan şəxsdir, bitərəfdir.
1990/95-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının tətbiqi riyaziyyat fakultəsini bitirmişdir. Mühəndis proqramçıdır.
İctimai fəaliyyət.
1989-cu ildə Azərbaycan Əlillər Cəmiyyətinin, 1991-ci ildə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda cəmiyyətinin” yaranmasında iştirak etmişdir. 1994-cü ildən 2003-cü ilə kimi “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyəti”nin sədri olmuşdur. Təşkilat 1998-ci ildə Dünya Əlillər Birliyinin üzvü seçilmiş və o, milli təmsilçi olmuşdur. 2003-cü ildən Əlil Təşkilatları İttifaqının təsisçilərindən biri və onun prezidentidir.
1995 - 2003-cü illərdə Azərbayacan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur. 1999-cu ildən Azərbaycan Milli QHT Forumunun təsisçilərindən biri və idarə heyətinin üzvüdür.
2005-ci ildən Ombudsman yanında “Ekspertlər qrupu”nun və 2015-ci ildən “Biznes və İnsan hüquqları” komissiyasının üzvüdür.
UNICEF-in “Ombudsmanın fəaliyyətinə dəstək” layihəsi üzrə məsləhətçi-eksperti, BMT-nin Əlilliyi olan Şəxslərin hüquqları üzrə Konvensiyanın yerinə yetirilməsi üzrə beynəlxalq layihələrin qiymətləndirilməsi üzrə expertdir, Mərkəzi Asiya və Azərbaycanda əlillik məsələlərinin araşdırılması üzrə ekspert olmuşdur.
2010-cu ildən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya üzrə işçi qrupun üzvü olmuşdur. 2013 cü ildə İnsan Huquqlarının monitorinqi və BMT-nin müqavilə qurumlarına hesabatların hazırlanması üzrə Ekspert Qrupunun üzvü olmuşdur.
2015-2023-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi, Bakı Nəqliyyat Agentliyi yanında yaradılmış İctimai Şuraların üzvü olmuşdur.
Beynəlxalq Əlil Təşkilatları Birliyinin vitse-prezidenti, Dünya Əlillər Birliyinin Şərqi Avropa və MDB ölkələri üzrə şöbəsinin sədridir. Rəhbərlik etdiyi təşkilat 6 beynəlxalq təşkilatın üzvü, o isə təmsilçidir. 2015-ci ildən BMT-nin ECOSOC qurumunda xüsusi statuslu üzvdür. Avropa Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Milli Platformasının, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın, Müyəssərlik üzrə Profesionalların Beynəlxalq Assosiasiyasının, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Maraqlı Tərəflər Qrupunun üzvüdür.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə təlimçidir, 57 layihə və proqramın koordinatoru olmuşdur.
“Əlilliyi olan insanların hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu layihəsinin, “İctimai birliklər haqqında”, “Qeyri-Hökumət Təşkilatları (İctimai Birliklər və Fondlar) haqqında”, “Sosial sifariş haqqında”, “İctimai İştirakçılıq haqqında” qanun, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın (2010-2014 və 2014-2018-ci illər üzrə) layihələrinin hazırlanmasında iştirak etmişdir.
“Bina və qurğuların layihələndirilməsində əlilliyi olan və hərəkət imkanları məhdud şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması Qaydaları”nı hazırlamışdır.
BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası və Universal Dövri İcmal üzrə paralel
hesabatların hazırlanması və Nyuyork və Cenevrədə təqdimatı. (2013, 2014, 2018, 2019)
Əlillik məsələlərinə aid 7 kitab, müxtəlif broşur, plakat və digər nəşrlərin müəllifidir.
47 regional və beynəlxalq tədbirlərdə iştirak etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi medalı və dövlət təltifləri var.
Evlidir, 2 oğlu və 3 nəvəsi var.