Geri

Sahib Abduləli oğlu Fərzəliyev

Sahib Abduləli oğlu Fərzəliyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaat” fakültəsinin dekanı, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin eksperti, AR-nın qabaqcıl elm təhsil işçisi, Potensial Sumqayıt Mütəxəssislər Birliyinin sədri, NK yanında Tikinti sahəsində bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının üzvü, YAP-nın üzvü, müharibə veteranı, ANME-nin qızıl medal mükafatçısı, t.ü.f.d., professor.

1960-cı il may ayının 23-də Cəbrayıl rayonunun Minbaşılı kəndində anadan olmuşdur. O, 1967-ci ildə Minbaşılı kənd orta məktəbinə daxil olmuş və 1977-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.

Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və “sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmişdir. Əmək fəaliyyətinə 3 saylı Evtikmə Kombinatında başlamışdır. 1983-1987-ci illərdə o, evtikmə kombinatının 103 saylı tikinti idarəsində mühəndis, böyük mühəndis və şöbə müdiri vəzifələrində çalışmışdır.

1987-ci ildə İnşaat Mühəndisləri İnstitutunun Elmi-Tədqiqat sektoruna baş elmi işçi-bölmə rəhbəri vəzifəsinə keçmişdir. 1988-1992-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda dissertant olmuş, namizədlik dissertasiyasını tamamlamış və müdafiə edərək texnika elmləri namizədi, alimlik dərəcəsi almışdır.

1987-1990-cı illərdə “Dəmir beton konstruksiyaları” kafedrasında saat hesabı, 1990-2011-ci illərdə “Tikintinin təşkili və idarə olunması” kafedrasında assistent, baş müəllim, dosent vəzifəsində işləmişdir. 2011-2021-ci illərdə “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasının müdiri, 2022-ci ildən “İnşaat” fakultəsinin dekanıdır. Unversitetin Elmi Şuralarının üzvü və “Elm və Təhsil üzrə Komissiyasının” sədridir.

O, elmi-pedaqoji fəaliyyəti dövründə 183-ə yaxın elmi məqalənin, 17 tədris proqramının, 5 metodik göstərişin və 8 dərslik və dərs vəsaitinin müəllifidir. O, həmçinin, bir çox yerli və beynəlxalq konfranslarda müxtəlif mövzularla çıxış edib.

O, respublikamızda yüksək ixtisaslı peşəkar bir mütəxəssis kimi öz fəaliyyətini davam etdirmişdir. O, bir sıra layihə İnstitutları ilə əməkdaşlıq etmişdir. Uzun illər o, Baş Elmi-Bərpa Layihə İnstitutunda, FHN-də, AzMİU-nun “Layihə İnstitutu” MMC-nin aparıcı mütəxəssisidir. Respublikamızda aparılan irimiqyaslı tikinti işlərinin layihələndirilməsində yaxından iştirak edir.

S.A.Fərzəliyev respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən ziyalılardandır. O, 1990-cı ildə Bakı şəhər yerli sovetinin deputatı seçilmişdir. 1998-ci ildə “Potensial” Sumqayıt Mütəxəssislər” Birliyini təsis etmişdir və hal-hazırda həmin birliyin sədridir. Birlik 23 ildir xeyirxah, humanist bir fəaliyyətlə məşğul olur. Öz müstəqilliyini bərpa etmiş respublikamızda vətəndaş cəmiyyətinin qurulmasına, demokratik dəyərlərin dərkinə, şəfaf və ədalətli idarəçiliyin formalaşmasına, sosial-iqtisadi inkişafa Birlik öz töhfəsini vermişdir. Belə ki, S.Fərzəliyev bu dövrdə yerli və beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirilən 35-dən çox layihənin rəhbəri olmuşdur.

S.A.Fərzəliyev müharibə veteranıdır. Onun bir sıra orden, medal və dövlət təltifləri vardır. Ailəlidir. 2 oğlu, 4 nəvəsi var.