Texnika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar mühəndisi, professor Fuad Mahmud oğlu Hacızadə 1974-cü ildə Sankt-Peterburq Dövlət universitetini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasında indiyədək işləyir.
1974-2008-ci illərdə Milli Aerokosmik Agentliyində (MAKA) işləyib. Həmin Agentlikdə o, mühəndis vəzifəsindən başlayaraq MAKA Ekologiya institutunun direktoru (1991-2007-ci illər) və sonra 2008-ci ildə Agentliyin baş direktoru I müavini vəzifələrinə qədər yüksəlmişdır. 2009-2011-ci illərdə Azərbaycan Respublikası Fövqəladə hallar nazirliyi Akademiyası rəisinin elm və təhsil məsələləri üzrə I müavini, sonra isə Nazirlikdə Elm və təhsil məsələləri üzrə şöbədə işləmişdir. 2017-ci ildən indiyədək AMEA Geologiya və geofizika institutunda baş elmi işçi vəzifəsində işləyir. Elmi fəaliyyəti ilə yanaşı o, təhsil sahəsində də uzun illər çalışır. Hal-hazırda F.M.Hacızadə Azərbaycan Memarlıq və İnşaat universitetinin “Ekologiya” kafedrasının professorudur. 180-elmi əsərin, o cümlədən, bir monoqrafiyanın və bir tədris vəsaitin müəllifidir. O, 2015-ci ildən AR Prezidenti yanında “Elmin İnkişafı Fondunun” ekspertidir.
Professor F.M.Hacızadə çalışdığı sahələrdə bir sıra mühüm elmi-texniki layihələrə rəhbərlik etmişdir. O cümlədən, 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə nazirliyinin xüsusi tapşırığı əsasında rəhbərlik etdiyi MAKA Ekologiya institutu tərəfindən Qarabağın dağlıq ərazilərində erməni separatçıları tərəfindən çəkilmiş hərbi təyinatlı yolların və hərbi obyektlərin aşkar edilməsi məqsədi ilə xüsusi təyinatlı təyyarədən aerofotoçəkiliş işlərinin aparılmasına rəhbərlik etmışdır.
2008-ci ildən Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə (Əmr №14 30.01.2008) Azərbaycan Respublikasının ilk Milli telekomunikasiya “AZƏRSPEYS” peykinin hazırlanması, orbitə buraxılması, orbital mövqenin və tezliklərin əldə olunması üzrə ilk İşçi qrupunun üzvü kimi fəaliyyət göstərmişdir.
Professor F.M.Hacızadə 2007-2018-ci illər Sankt-Peterburq şəhərində nəşr edilən “BİOSFERA” (Междисциплинарный научный и прикладной журнал «БИОСФЕРА») jurnalı redaksiyasının üzvü olub.
F.M.Hacızadə 1999-cu ildən Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvüdür. O, həmçinin, Rusiya Federasiyasının üç elmlər akademiyasının həqiqi üzvü seçilmişdir:
- Rusiya Təbiət Elmlər Akademiyasının həqiqi üzvü (Российская Академия Естесственных Наук РАЕН-2012-ci ildən),
- Tibbi-Texniki Elmlər Akademiyasının (Rusiya Federasiyası) üzvü (Академия медико-технических наук)-2013-ildən,
- Beynəlxalq Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi Akademiyasının (Rusiya Federasiyası) həqiqi üzvü- 2017-ci ildən.
Fuad Hacızadə 2018-ci ildə ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi, habelə kosmik tədqiqatlar sahəsində apardığı səmərəli araşdırmalarına görə Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Beynəlxalq Elmlər Akademiyasının M.V.Lomonosov adına medalı ilə təltif olunmuşdur.
2022-ci ilin may ayında keçirilən “TEKNOFEST Azərbaycan” festivalında alimin xüsusi layihəsi təqdim edilib. Onu, tək Azərbaycanda deyil, respublikamızdan kənarlarda böyük elm mərkəzlərində də tanıyırlar. Onun rtəhbərliyi altında texnika üzrə doqquz fəlsəfə doktorluq və bir elmlər doktorluq dissertasiyaları müdafiə edilmişdir. Hal-hazırda fövqəladə hallar üzrə beş doktorantın elmi rəhbəridir.
Professor F.M.Hacızadə 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və Respublikanın ictimai həyatında fəal iştirak edir.