Geri

İlham İldırım oğlu Mərdanov

25 iyul 1965-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşam.

1982-ci ildə Bakı şəhərindəki 135 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinə qəbul olunmuşam. Tələbəlik illərində universitetin ictimai həyatında fəal iştirak etmiş, tələbə elmi cəmiyyətinin diplomu ilə mükafatlandırılmışam.

1987-ci ildə Universiteti coğrafiya əlavə biologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, təyinata uyğun olaraq, İsmayıllı rayonunun Qoşakənd orta məktəbinə müəllim təyin olunmuşam.

Lakin elmi axtarışları davam etdirmək istəyi məni həmin il o vaxt Azərbaycan SSR Aqrar-Sənaye Komitəsinin Elmi-tədqiqat Eroziya bölməsi, hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun tərkib hissəsi olan elm mərkəzinə gətirmiş, institutun aspiranturasının əyani bölməsinə “torpaqşünaslıq” ixtisası üzrə qəbul olunmağıma səbəb olmuşdur. Elmi rəhbəri təyin edilmiş görkəmli alim, coğrafiya elmləri doktoru, professor Fəzli Hacıyev tərəfindən namizədlik dissertasiyasının mövzusu kimi “Böyük Qafqazın mərkəzi hissəsinin dağ-çəmən zonasında torpaq eroziyasının intensivliyinin qiymətləndirilməsi” müəyyən edilmişdir.

Mən aspiranturanı bitirdikdən sonra həmin institutda kiçik elmi işçi kimi fəaliyyətimi davam etdirmiş, cari elmi mövzular üzrə nəzərdə tutulmuş tədqiqatlarda yaxından iştirak etmişəm.

1996-cı ildən öz əmək fəaliyyətimi Azərbaycan Respublikası Taxıl Məhsulları Dövlət Şirkətinin “Taxıl” birliyində davam etdirmişəm. Həmin il, apardığım tədqiqatların nəticəsi kimi, İ.İ.Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 fevral 1997-ci il qərarı ilə (protokol №12) kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşəm.

1997-ci ildə, iqtisadi islahatlarla əlaqədar olaraq, Dövlət Şirkəti ləğv olunduqdan sonra yeni yaradılmış Taxıl Ehtiyatları üzrə Dövlət Agentliyində aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuşam.

1997-ci ilin avqustundan elmi fəaliyyətə qayıtmış, əvvəlcə Azərbaycan Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda böyük elmi işçi, 2000-ci ildən isə şöbə müdiri vəzifəsində çalışmağa başlamışam. Rəhbərlik etdiyim şöbə Azərbaycan ərazisində aerokosmik fotoçəkiliş materiallarının köməyi ilə təbii-dağıdıcı proseslərin – sürüşmələrin, torpaq eroziyasının, səpinti və töküntülərin yayılması, inkişaf dinamikasının öyrənilməsi, onlara qarşı mübarizə tədbirlərinin işlənməsi ilə məşğul olmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 sentyabr 2007-ci il tarixli qərarı ilə (protokol №28-k) “torpaqşünaslıq” ixtisası üzrə dosent elmi adına layiq görülmüşəm.

Həmin il AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasında elmlər doktoru dissertasiyamın mövzusu, mərhum akademik B.Ə.Budaqov isə elmi məsləhətçim təsdiq olunmuşdur.

2016-cı ildə akademik B.Ə.Budaqovun vəfatı ilə əlaqədar olaraq, AMEA-nın müxbir üzvü, professor E.K.Əlizadə elmi məsləhətçim kimi təsdiq edilmişdir.

26 aprel 2017-ci ildə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının qərarı ilə akademik R.M.Məmmədov elmi məsləhətçim təyin olunmuşdur.

Mən bütün bu dövr ərzində 5408.01– Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası ixtisası üzrə “Böyük Qafqazın yüksək dağlıq landşaft-torpaq komplekslərinə ekzodinamik proseslərin təsirinin geosistem təhlili” mövzusunda dissertasiyam üzərində işimi davam etdirmiş və 2018-ci ilin 23 noyabrında AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən D01.091 Dissertasiya Şurasının iclasında coğrafiya üzrə elmlər doktoru dissertasiyasını uğurla müdafiə etmişəm. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27 dekabr 2019-cu il tarixli qərarı ilə mənə coğrafiya sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

Ali məktəblər üçün üç dərs vəsaitinin – “Fiziki-coğrafi rayonlaşdırma” (2012), “Dünya təsərrüfatının coğrafiyası” (2014), Fiziki və iqtisadi-coğrafi rayonlaşdırma (2017) kitablarının və daha bir kitabın müəllifiyəm. 2021-ci ildə “Высокогорные ландшафты Большого Кавказа: последствия экзогенеза” adlı elmi monoqrafiyam dərc olunmuşdur. 130-dan çox elmi məqalənin müəllifiyəm. Bu məqalələr ən mötəbər nəşrlərdə - AMEA-nın xəbərlərində, BDU-nun xəbərlərində, Azərbaycan Coğrafiya Cəmiyyətinin Əsərlərində, Milli Aviasiya Akademiyasının elmi məcmuələrində, MAKA-nın xəbərlərində, Rusiyanın, Türkiyənin, Böyük Britaniyanın, Portuqaliyanın, Macarıstanın, Ukraynanın, Qazaxıstanın, Türkmənistanın elmi jurnallarında və s. dərc olunmuşdur.

Hal-hazırda Sumqayıt Dövlət Universitetinin “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının professoru vəzifəsində çalışıram, “Landşaftşünaslıq”, “Geomorfologiyanın əsasları”, “Fiziki-coğrafi rayonlaşdırma”, “Azərbaycanın fiziki coğrafiyası”, “Dünya landşaftları və ekoloji problemləri” fənlərini tədris edirəm.

1997-ci ildən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin əvvəlcə “Coğrafi ekologiya”, 2011-ci ildən 2022-ci ilədək isə “Fiziki coğrafiya” kafedralarında saathesabı əsaslarla çalışıram və “Методы экономико-географических исследований”, “Ландшафты мира и экологические проблемы”, “Глобальные проблемы экономической и социальной географии”, “Глобальные проблемы физической географии”, “Fiziki-coğrafi tədqiqat üsulları” fənlərini tədris edirəm.

Öz bilik və bacarığımı həvəslə gənc nəslə öyrədirəm. Göstərdiyim elmi-pedaqoji fəaliyyətə görə fəxri fərmanla mükafatlandırılmışam.

3 oğul övladım var.