Geri

“1 mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirilib

1 mart 2019-cu il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Fövqəladə Hallar və Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə “1 mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. “Uşaqların təhlükəsiziyini təmin etmək bizim vəzifəmizdir” mövzusunda keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Akademiyanın müəllim və tələbələri, Birləşmiş Millətlər Təşkilatının inkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndə-ofisinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Bakı ofisinin, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları iştirak edib.

Tədbirdə öncə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Toplantını giriş sözü ilə açan Akademiyanın prorektoru Rizvan Əliyev Ümumdünya Mülki Müdafiə Təşkilatının tarixinə qısa nəzər salaraq bu mötəbər nüfuzlu beynəlxalq qurumun yaradılması haqqında məlumat verib.

Sonra tədbirdə çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov nəzərə çatdırıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Qeyd olunub ki, respublikada neft-qaz sənayesinin inkişafı, ölkəmizin yerləşdiyi təbii-coğrafi şərait texniki və təbii mənşəli fövqəladə halların baş vermə ehtimallarının hər zaman mövcud olması və respublikamızın müharibə vəziyyətində olması bunu deməyə əsas verir. Natiq ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN tərəfindən mütəmadi olaraq lazımi tədbirlər görüldüyünü də nəzərə çatdırıb.

Baş idarə rəisi bildirib ki, “1 mart Ümumdünya Mülki Müdafiə Günü”nün qeyd olunması ilə bağlı bütün ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi çox əhəmiyyətlidir. Son illərdə fəlakətlərin statistikasına əsasən, fövqəladə hadisələr zamanı uşaqların xəsarət alması, xüsusilə travmalara, xəstəliklərə, həmçinin yaxınlarını itirmək və tək qalmaq təhlükəsinə məruz qalması, eləcə də həyatını itirməsi faktları üstünlük təşkil etdiyindən bu sahədə təxirəsalınmaz işlərin görülməsi əsas vəzifələrdən hesab olunur.

N.Zamanov vurğulayıb ki, müasir dövrdə təbii və texnogen xarakterli fövqəladə hadisələrin xəbərdar edilməsi və qarşısının alınması istiqamətində elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən və imkanlarından geniş istifadə edilsə də, bəşəriyyət bu kimi fəlakətlərin qarşısında hələ də acizdir. Bu baxımdan, Beynəlxalq Mülki Müdafiə Təşkilatı fövqəladə hallarla mübarizə üzrə milli qurumların səylərinin beynəlxalq müstəvidə birləşdirmək missiyasını uğurla yerinə yetirməkdədir.

Natiq deyib ki, Azərbaycan Respublikası 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv seçildikdən sonra  Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında sıx əməkdaşlıq münasibətləri qurulub. Əməkdaşlığın əsasını mülki müdafiə və fövqəladə hallardan müdafiə sahəsində əhalinin hazırlığı üçün qurumlararası koordinasiyanın təşkili, fövqəladə halların qarşısının alınması, təsirinin minimuma endirilməsi, risklərin idarə edilməsi, irimiqyaslı fövqəladə hallar zamanı əhalinin həyat təminatının təşkili, beynəlxalq humanitar yardımlarının idarə olunması və digər məsələlər əhatə edir.

Buna misal olaraq 12-13 mart 2013-cü il tarixlərdə Qəbələ şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə "Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda keçirilən beynəlxalq konfransdan danışan Niyazi Zamanov həmin tədbirdə BMMT-yə üzv və təşkilatla əməkdaşlıq edən 52 dövlətin fövqəladə halların idarə olunması üzrə məsul dövlət qurumlarının rəhbərlərinin, 10 beynəlxalq təşkilatın nümayəndə heyətinin iştirak etdiyini xatırladıb.

Daha sonra Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini, xanım Min Yuan “Azərbaycanlı uşaqlar üçün iqlimin, landşaftın və ətraf mühitin təhlili” mövzusunda təqdimatla çıxış edib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentinin müşaviri Elşən Səlimzadə isə çıxışında təmsil etdiyi təşkilatın təhsil müəssisələrində, ali təhsil ocaqlarında mülki müdafiə və əhalinin təhlukəsizliyinin təminatı kimi vacib məsələlərlə bağlı maarifləndirmə işləri gördüyünü vurğulayıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndəsi Ceyhun Məmmədyarov çıxışında Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində uşaqların, gənclərin fövqəladə hallara hazır olmalarına köməklik məqsədilə birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndə-ofisinin əməkdaşı Nərmin Osmanlı təmsil etdiyi qurumun mülki əhalinin  təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü işlərdən danışıb. O, Azərbaycan Respublikasında aidiyyəti qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin BMT-nin mülki əhalinin təhlükəsizliyinin qorunması sahəsində yaxından iştirak etdiyini vurğulayıb.

Sonda Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə tədbirin mahiyyətindən bəhs edib, Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş humanitar tədbirin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkilinə görə Fövqəladə Hallar Nazirliyinə təşəkkürünü bildirib.

Digər məlumatlar

Sumqayıtda “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib

FHN-in Sumqayıt Regional Mərkəzində Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Mülki aviasiyada axtarış və xilasetmə işlərinin təşkili” mövzusunda seminar keçirilib. ...

Ardını oxu

FHN Bərdədə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Bərdə Rayon İcra Hakimiyyətində “Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu