Geri

FHN-in Bakı Regional Mərkəzi Bakı Ali Neft Məktəbində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim kursu keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə keçirdiyi silsilə tədbirlərin davamı olaraq oktyabr ayının 16-da əhalinin, xüsusilə də tələbələrin fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, təbii və texnogen xarakterli qəzalar zamanı davranış qaydaları barədə məlumatlandırılması məqsədi ilə Bakı Ali Neft Məktəbində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim kursu keçirmişdir.

Təlim kursunun keçirilməsinə FHN-in Dövlət Yanğından Mühafizə, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə və Tibb xidmətlərinin, eləcə də Bakı Baş Polis İdarəsi, ARDNŞ-in “Azəriqaz” İstehsalat  Birliyi, Bakı Sukanal idarəsi, “Bakı Elektrikşəbəkə” ASC, Ərazi Mülki Müdafiə qüvvələri və Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları da cəlb olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təlimin fövqəladə hallar zamanı davranış qaydalarının öyrədilməsi istiqamətindəki müstəsna əhəmiyyətini vurğulamış, tələbələrin əldə edəcəkləri biliklərin fövqəladə hallar zamanı həm özlərinin, həm də ətrafdakıların təhlükəsizliyinin təmin olunmasına böyük kömək göstərəcəyini qeyd etmişdir. 

FHN Bakı Regional Mərkəzi rəisinin birinci müavini, polkovnik Elşən Əliyev Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə məlumat vermişdir.

ATGTİ nümayəndəsi çıxışında belə bir tədbirin ərsəyə gəlməsi üçün öz dəstəyini göstərən və burada iştirak edən hər kəsə minnətdarlığını bildirmişdir. İttifaq olaraq prioritet istiqamətlərindən birinin tələbələrin maariflənməsi olduğunu qeyd edən natiq, fövqəladə hallar zamanı davranış qaydalarının öyrənilməsinin vacib olduğunu vurğulamışdır.

Sonra nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları Bakı Ali Neft Məktəbinin tələbələri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın - partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli”,  Dövlət Sularda Xilasetmə Xidməti əməkdaşları isə “Su hövzələrində təhlükəsizlik qaydaları” mövzularında çıxış edərək təlim iştirakçılarına fövqəladə hallarla bağlı zəruri məlumat vermişlər.

Praktik hissə, Fövqəladə Hallar Nazirliyinin qurumları, Bakı şəhər təyinatlı digər xidmət və təşkilatların qüvvə və vasitələri, eləcə də Bakı Ali Neft Məktəbinin müəllim və tələbələrinin iştirakı ilə taktiki-xüsusi təlim ilə başlamışdır. Təlim zamanı şərti olaraq Bakı şəhərinin 60 km cənubunda, episentri Xəzər dənizində olmaqla Rixter cədvəli üzrə təqribən 7-8 bal gücündə baş verməsi simulyasiya edilmiş zəlzələ zamanı təxliyə planına müvafiq olaraq professor-müəllim heyətinin və tələbələrin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilmiş, hadisə yerində kimya kəşfiyyatı aparılmış, xəsarət alanlara ilkin tibbi yardım göstərilmiş, dağıntılar altında qalmış zərərçəkənlər FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən aşkarlanaraq FHN XRXX-in və FHN Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən xilas edilmişdir.

Təlim Bakı Ali Neft Məktəbinin işıq və qaz təminatı şəbəkələrində baş vermiş və yanğınla müşahidə olunan partlayış zamanı yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi və yaralının xilas edilməsi, xilasedicilər tərəfindən hündürmərtəbəli binada təhlükədə qalmış insanların alpinist avadanlıqları və hava yastığının köməyi ilə xilas edilməsi ilə bağlı xilasetmə əməliyyatı ilə başa çatmışdır.

 

 



Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər S.Əliyev adına 1 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Bərdə rayon İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbində və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbində......

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə Bakı şəhəri Səbail rayonunda yerləşən “Promenado” və Nərimanov rayonunda yerləşən “Altus” otellərində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib. ...

Ardını oxu