Geri

Dövlət Yanğın Nəzarəti Xidməti Yevlax və Göygöl şəhərlərində regional seminar-müşavirələr keçirmişdir

Ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə 19-20 noyabr 2013-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Yevlax və Göygöl şəhərlərində regional seminar-müşavirələr keçirmişdir.

Seminar-müşavirələrdə Aran bölgəsində fəaliyyət göstərən ticarət müəssisələrinin yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunmuş, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd halların qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.

Aran bölgəsində fəaliyyət göstərən ticarət müəssisələrinin, anbar və bazaların nümayəndələrinin iştirak etdiyi seminar-müşavirələrdə obyekt rəhbərlərinin diqqətinə çatdırılmışdır ki, onlar yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıyırlar. Ticarət müəssisələrinin bütün işçilərinin yanğın təhlükəsizliyi qaydalarını dəqiq bilmələri və ciddi yerinə yetirmələri xüsusi olaraq vurğulanmışdır.

Seminar-müşavirələrdə ticarət müəssisələrində ərazinin, bina və otaqların saxlanılması və elektrik, havadəyişmə, isitmə, tüstüyə qarşı qurğuların istismar zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, ticarət müəssisələri, o cümlədən baza və anbarlarda ilkin yanğınsöndürmə vasitələrinin normaları haqda ətraflı söhbət açılmış, müvafiq maarifləndirmə işləri aparılmışdır. Həmçinin, ilkin yanğınsöndürmə vasitələrinin tətbiq olunması qaydaları əyani şəkildə nümayiş etdirilmiş, bu haqda ətraflı söhbət açılmışdır.

Müşavirələrdə ticarət müəssisələrində yanğına qarşı su təchizatının vacibliyinə toxunularaq bildirilmişdir ki, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunmalıdır.

Bundan başqa, isitmə mövsümü başlanmazdan əvvəl tüstü bacalarının və tüstü borularının təmizlənməsinin vacibliyinə də diqqət yetirilmişdir.

Seminar-müşavirələrdə ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” adlı videostend nümayiş olunmuş, həmçinin, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış eyni adlı yaddaş kitabçası metodik vəsait kimi yerlərdə yanğına qarşı təbliğat xarakterli işlərdə istifadə olunması üçün ticarət müəssisələrinin nümayəndələrinə paylanılmış, onların təklifləri dinlənilmiş, sualları cavablandırılmışdır.

Müşavirələrin iş planı çərçivəsində seçmə yolu ilə Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən ticarət müəssisələrinin yanğına qarşı su təchizatının və ilkin yanğınsöndürmə vasitələrinin vəziyyətinə baxış keçirilmiş, müəssisələrdə çalışan işçilərlə yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılmış, aşkar olunmuş çatışmazlıqlarla bağlı müvafiq tapşırıqlar verilmişdir.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu