1. Ümumi müddəalar

1.1. Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları (bundan sonra – Qaydalar) fövqəladə hallar orqanlarında çalışan işçilərin (bundan sonra - işçi) qulluq etikası və xidmətdənkənar davranışının normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.

1.2. Bu Qaydalar fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan, habelə dövlət qulluğu vəzifələrində çalışan işçilərə şamil edilir.

1.3. Bu Qaydalar Azərbaycan Respublikasının Konstitutiyasına, BMT-nin «Hüquq mühafizə orqanlarının davranış Məcəlləsi»nə, «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanununa, həmçinin, korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»ya müvafiq olaraq hazırlanmışdır.

1.4. İşçi öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanununçuluq, humanizm və digər demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur.


2.  İşçilərin etik davranış prinsipləri

2.1. İnsanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət prinsipi - işçi unutmamalıdır ki, onun fəaliyyətinin əsas məqsədi insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməkdir.

İşçi insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, işçi xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər işçilərin şəxsi həyatı barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.

İşçi, həmçinin hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

2.2. Qanunçuluq prinsipi - işçi vəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitutiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikasının qanunlarının və digər normativ hüquqi və normativ xarakterli aktlarının tələblərinə ciddi əməl etməlidir.

2.3. Vicdanlı davranış prinsipi - işçi insan, cəmiyyət və dövlətin maraqları naminə öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. İşçi bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

2.4. Loyallıq prinsipi - işçi onun xidməti vəzifəsinə aid olmadığı hallarda, fövqəladə hallar və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda işçinin elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.

İşçi hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir.

İşçi açıq çıxışlarla bağlı müəyən olunmuş qaydalara əməl etməlidir.

2.5. Mədəni davranış prinsipi - işçi ünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarlar və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır.

İşçi peşə fəaliyyəti ilə bağlı iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.

İşçi səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

Dövlət qulluğu vəzifələrində çalışan işçilər xidmət zamanı işgüzar (rəsmi) üslubda geyinməlidir.

2.6. Qərəzsizlik prinsipi - işçi xidməti vəzifəsini yerinə yetirərkən, o cümlədən qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə, yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

İşçi xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.

İşçi özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

İşçi öz qulluq vəzifələrindən kənar, o cümlədən başqa əməkdaşların səlahiyyətlərinə aid məsələlərə müdaxilə etməməli, onların icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, maraq göstərməməlidir.

2.7. İctimai etimad prinsipi - işçi Azərbaycan Respublikasının, fövqəladə hallar orqanlarının və bu orqanlarda qulluğun nüfuzunu möhkəmləndirməyə, işçi adını, şərəf və ləyaqətini uca tutmağa borcludur.

İşçi etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

 

3. İşçilərin korrupsiyaya qarşı davranışı

3.1. İşçiyə qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək qadağandır.

İşçi onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən işçi buna görə hər hansı haqq tələb edə biməz.

3.2. İşçi qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər işçiyə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi fövqəladə hallar orqanına akt üzrə təhvil verilməlidir.

Tərəflərdən biri fövqəladə hallar orqanı olan əqdlərdə bu orqanlarda çalışan işçi digər tərəf ola bilməz.

 3.3. İşçi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrinin təqdim olunduğu hallara şamil edilmir.

İşçi hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

3.4. İşçi qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

İşçi xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda o, qanunvericiliyə müvafiq olaraq fövqəladə hallar orqanlarına qulluğa qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə fövqəladə hallar orqanının rəhbərinə məlumat verməyə borcludur.

İşçiyə başqa işə keçmə ilə əlaqədar edilən təkliflər maraqların toqquşmasına səbəb ola bilərsə, o, bu barədə fövqəladə hallar orqanının rəhbərinə əvvəlcədən məlumat verməlidir.

İşçi maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.

İşçi qulluğa qəbul edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə əlaqədar normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

 

4. İşçilərin xidməti davranışı

4.1. İşçi xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. İşçinin xidməti davranışı bu Qaydalarla müəyyən edilmiş etik davranış normalarına və prinsiplərinə əsaslanmalıdır.

İşçinin xidməti davranışı bu Qaydalarla və digər normativ hüquqi və normativ xarakterli aktlara uyğun olaraq tənzimlənir.

İşçi icra və əmək intizamına əməl etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.

4.2. İşçi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

İşçi birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, işçi onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.

Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

4.3. İşçi subordinasiya məsələlərinə diqqət yetirməli, şikayət halları istisna olmaqla, yuxarı rəhbərinə yalnız birbaşa rəhbəri vasitəsilə müraciət etməlidir.

4.4. İşçi qulluq vəzifəsi ilə bağlı tədbirlərdə iştirakı barədə əvvəlcədən bilavasitə rəhbərini məlumatlandırmalıdır.

4.5. İşçi istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

İşçiyə dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

4.6. İşçi istifadəsindəki xidməti silah və xüsusi vasitələrin, həmçinin xidməti vəsiqəsinin saxlanması və gəzdirilməsində məsuliyyətli olmalıdır.

4.7. İşçi xidmət etdiyi fövqəladə hallar orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və mümkünlüyünü təmin etməli, habelə xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.

İşçi xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

4.8. İşçi dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan sonra da saxlamalıdır.

 

5. İşçilərin xidmətdənkənar davranışı

5.1. İşçi şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir.

5.2. İşçi icra etmək imkanı olmayacağı təqdirdə öhdəliklər (kredit, pul, kirayə və s.) götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir.

5.3. İşçi öz ailə üzvlərinin, habelə sosial və digər münasibətlərin onun xidməti fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir.

5.4. İşçi vəzifəsindən və qulluq mövqeyindən şəxsi məqsədlər üçün istifadə etməməli, xidməti zərurət olmadıqda fövqəladə hallar orqanları əməkdaşı olduğunu qabartmamalı, xidməti vəsiqəsini təqdim etməməlidir.

5.5. İşçi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz. İşçi pedaqoji fəaliyyətlə işlədiyi fövqəladə hallar orqanı rəhbərinin icazəsi ilə məşğul ola bilər, elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olması barədə fövqəladə hallar orqanı rəhbərini əvvəlcədən məlumatlandırmalıdır.

 

6. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

6.1. İşçi tərəfindən etik davranış qaydalarına əməl olunması üçün davranışının həmin qaydalara uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür.

6.2. Etik davranış qaydalarına əməl olunmasına nəzarət müvafiq fövqəladə hallar orqanı rəhbəri tərəfindən həmin orqanın kadr xidməti vasitəsilə həyata keçirilir.

6.3. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:

işçilərin xidməti davranışlarının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət və onun təhlili aparılmalıdır;

işçilər arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparılmalıdır;

rəhbər işçilər tərəfindən tabeliyində olan şəxslər hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq edilməməlidir;

fövqəladə hallar orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməlidir;

etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməlidir;

işçilərə etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməlidir;

etik davranış qaydalarını pozan işçilərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir;

etik davranış qaydaları və işçilər tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görülməlidir;

etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılmalıdır;

etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə fövqəladə hallar orqanına ictimai etimadın artırılması üçün tədbirlər görülməlidir;

 etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələr həyata keçirilməlidir.

6.4. Etik davranış qaydalarının pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

6.5. İşçinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

6.6. Bu Qaydaların müddəalarının işçi tərəfindən pozulması barədə şikayət və ya digər məlumat daxil olduqda xidməti yoxlama (intizam icraatı) başlanıla bilər.

İşçi barəsində xidməti yoxlama (intizam icraatı) aparılarkən ona verilən sualları tam, səmimi və obyektiv cavablandırmalıdır.

6.7. Xidməti yoxlama (intizam icraatı) zamanı işçi tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, fövqəladə hallar orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.