Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2024/2025-cI tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunları seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə, Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2024-cü ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2024-cü ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Sənədlər mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Abituriyentlər aşağıda qeyd edilmiş telefon və ya “WhatsApp” nömrələrinin birinə ad, soyad, ata adı, təvəllüd və telefon nömrəsini bildirməklə dəvət olunacağı gün və saat barədə məlumat əldə edə bilərlər.

Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasına əlavə təhsilin “Təkrar ali təhsili” növü üzrə sənəd qəbulu prosesinə start veriləcəkdir. Müraciət etmək istəyənlər Elm və Təhsil Nazirliyinin müvafiq elanından sonra portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20.

Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin (www.fhn.gov.az) və Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) rəsmi internet saytlarından əldə etmək olar.



Digər məlumatlar

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə aprelin 9-da Nazirliyin Mülki müdafiə qoşunlarında növbəti kurs təşkil olunub. “Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda keçrilmiş kursda......

Ardını oxu

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti matros-xilasedici vəzifəsinə müsabiqə ELAN edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb. ...

Ardını oxu