Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) dəvəti ilə 12 yanvar 2020-ci il tarixindən etibarən Ankara şəhərində keçirilən təlimdə iştirak edir.
Təlimin əsas məqsədi Türkiyə Respublikasının mentorluğu ilə humanitar əməliyyatlarda Azərbaycan Respublikasını təmsil etmək üçün yaradılmış FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi üçün hazırlığının artırılması, eyni zamanda, şəxsi heyətin humanitar əməliyyatlarda iştirakına dair bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
Yanvarın 13-də təlim çərçivəsində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentində (AFAD) olublar. Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soylu Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri ilə görüşüb. Nazir təlimdə iştirak edən Azərbaycan nümayəndə heyətini salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri AFAD-ın fəaliyyəti ilə yaxından tanış olublar. Qurumun Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan rəhbərlik etdiyi departamentin fəaliyyəti haqqında geniş məlumat verib, həmçinin, AFAD-ın fəaliyyəti haqqında təqdimatlar dinlənilib. Sonra nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Ələsgər Əliyev Azərbaycan FHN-in fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
Daha sonra Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) Ankara şəhərində yerləşən Təlim-tədris Mərkəzində təlimin nəzəri hissəsinə başlanılıb.
Yanvarın 18-dək davam edəcək təlim nəzəri və praktik hissələrdən ibarət olmaqla 2 mərhələdə həyata keçiriləcək.