30-31 iyul 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının Təlim Tədris Mərkəzində “Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyətinin zəlzələ nəticəsində dağılmış ərazilərdə axtarış-xilasetmə işlərinə hazırlığın təşkil edilməsi və keçirilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilmişdir. Təlim zamanı qarşıya qoyulan əsas məqsədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarının Beynəlxalq axtarış-xilasetmə dəstəsinə namizədliyi təklif olunmuş əməkdaşlarının İNSARAG qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi, Dəstənin Beynəlxalq axtarış-xilasetmə tədbirlərinə cəlb edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində bilik və bacarıqlarının artırılmasından ibarət olmuşdur.
Təlim zamanı Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak etmək məqsədilə göndərilməsinin təşkili, hadisə yerində yaranmış vəziyyətin qiymətləndirilməsi və müvafiq qərarların qəbul edilməsi, Beynəlxalq axtarış-xilasetmə dəstəsinin əməliyyat bazasının və sahə əməliyyatlarının koordinasiya mərkəzinin açılması, hündürlükdən və dağıntılar altından zərərçəkənlərin xilas olunması üzrə tədbirlər yerinə yetirilmişdir.
Təlimdə əsas səylər şəxsi heyətə axtarış-xilasetmə fəaliyyəti sahəsində beynəlxalq təlimat və tövsiyələrin tələblərinin dərindən öyrədilməsinə, o cümlədən hadisə rayonuna yürüşün həyata keçirilməsi, əməliyyat bazasının qurulması, axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsi zamanı həyat və sağlamlığın qorunması, eləcə də texniki təhlükəsizlik qaydalarına riayət olunması üzrə əməli vərdişlərin aşılanmasına yönəldilmişdir.
Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.