Beynəlxalq sənədlər

2009-cu il iyunun 8-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında ikitərəfli əməkdaşlığa və qarşılıqlı yardıma dair Birgə Niyyət Bəyannaməsi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Geri

1. 2009-cu il iyunun 8-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında ikitərəfli əməkdaşlığa və qarşılıqlı yardıma dair Birgə Niyyət Bəyannaməsi” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsini təmin etsin.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 27 avqust 2009-cu il

№ 449

 

 

Azərbaycan Respublikası Fövqəladə Hallar

Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyi

arasında ikitərəfli əməkdaşlığa və qarşılıqlı yardıma dair Birgə Niyyət Bəyannaməsi

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyi

- hər iki dövlət arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədindən çıxış edərək,

- təbii və texnogen xarakterli fövqəladə halların vura biləcəyi zərəri nəzərə alaraq,

- Azərbaycanda mülki müdafiə sisteminin inkişaf etdirilməsi üçün hər iki tərəf arasında təcrübə mübadiləsinin və əməkdaşlığın təşkil olunması məqsədi ilə,

əməkdaşlığı aşağıdakı formada inkişaf etdirmək arzusunda olduqlarını bəyan edirlər:

1.      Məqsəd Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında mülki müdafiə sahəsində əməkdaşlıq yaratmaq, möhkəmləndirmək və daha da inkişaf etdirmək, habelə təcrübə və məlumat mübadiləsi, birgə təlimlər üçün və gələcəkdə hər iki tərəf arasında ikitərəfli əməkdaşlıq üçün əsas yaratmaqdan ibarətdir.

2.      Bu əməkdaşlıq təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması prosesinin bütün mərhələlərini əhatə etməli və aşağıdakı istiqamətlər üzrə həyata keçirilməlidir:

I. Fövqəladə halların qarşısının alınması

- mülki müdafiə üçün konseptual planlaşdırma və əsas hüquqi sənədlər;

- fövqəladə halların idarə olunması üçün əsas kimi təhlillər və qiymətləndirmələr;

- proqnozlaşdırma bacarıqlarının və monitorinq sisteminin gücləndirilməsi, həmçinin ictimaiyyəti xəbərdar etmək üçün effektiv sistemlərin yaradılması;

- əhalinin fövqəladə vəziyyətlərə hazırlanması, həmçinin özünü müdafiənin gücləndirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb olunma;

- mülki müdafiə sahəsində təlim və təhsil və təlimçilərin təlimləndirilməsi tədbirləri.

II. Müxtəlif səviyyələrdə əməkdaşlıq

- Müxtəlif səviyyələrdə fövqəladə halların qarşısının alınması və onlara cavab verilməsinə cəlb olunan şəxslər arasında əməkdaşlığın yaradılması;

- Könüllü təşkilatların mülki müdafiə sisteminə cəlb olunması.

III. Cavabvermə bacarıqlarının optimallaşdırılması

- Təbii fəlakətlərdən və yaxud texnogen xarakterli qəzalardan ziyan çəkmiş əhalinin psixoloji durumunun bərpasını təmin etməklə yanaşı əhalinin tibbi müdafiəsinin konseptual inkişafı

- Texniki yardımların daha da inkişaf etdirilməsi

3. Hər iki tərəf 2-ci bənddə göstərilmiş fəaliyyət istiqamətlərinə uyğun effektli əməkdaşlığı inkişaf etdirmək üçün müvafiq idarələri birgə proqramların inkişafında dəstəkləmək niyyətində olduğunu ifadə edir.

4. Bu Birgə Niyyət Bəyannaməsi imzalandığı gündən etibarən tətbiq ediləcəkdir.

Bu Birgə Niyyət Bəyannaməsi 8 iyun 2009-cu il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, alman və ingilis dillərində imzalanmışdır. Bu Birgə Niyyət Bəyannaməsinin təfsirində fikir aynlığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə istinad ediləcəkdir.