Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” 2009-cu il sentyabrın 28-də Buxarest şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2009-cu il
№ 917-IIIQ
Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti,
öz Dövlətlərinin və Birləşmiş Millətlər Təşkilatının fövqəladə halların qarşısının alınması və məhdudlaşdırılması sahəsindəki cəhdlərini dəstəkləməyi arzu edərək,
beynəlxalq hüquq normalarına və öz Dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq,
fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq tədbirlərinin hər iki Dövlətin inkişaf və təhlükəsizliyinə töhfə verə biləcəyini hesab edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1.
Əhatə dairəsi
1. Bu Sazişin məqsədi fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması məqsədilə əməkdaşlıq etmək və qarşılıqlı yardımın təmin olunmasını asanlaşdırmaq üçün zəruri hüquqi çərçivə yaratmaqdır.
2. Bu Saziş çərçivəsində, Razılığa gələn Tərəf Razılığa gələn Dövlətlərdən birinin ərazisində baş verən və ya baş vermə təhlükəsi olan fövqəladə halların nəticələri həmin Dövlətin öz cəhdləri və vasitələri ilə azaldıla bilmədikdə, Razılığa gələn Tərəflər, tələb olunduqda, bir-birinə fövqəladə hal təhlükəsinin olması və ya artıq baş verməsi halında qarşılıqlı yardım təmin edəcəklər.
3. Bu Sazişin müddəaları terror hadisələrinə və təxribatçılığa qarşı mübarizə aparmaq və qarşısını almaq hallarına tətbiq edilmir.
Maddə 2.
Əsas anlayışlar
Bu Sazişin məqsədləri üçün aşağıda qeyd olunan anlayışlar bu mənaları ifadə edir:
(a) “Fövqəladə hal” — həyat və/və ya ictimai sağlamlıq, əmlak və ya ətraf mühit üçün ciddi şəkildə təhlükə yaradan və ya onlara təsir edən, təsirlərinin məhdudlaşdırılması və azaldılması üçün müstəsna tədbirlərə ehtiyac olan, xüsusi yerdə və ya obyektdə baş verən təbii və ya texnogen faktorların səbəb olduğu hadisə;
(b) “Sorğu göndərən Tərəf” — yardım üçün müraciət edən Razılığa gələn Tərəf;
(c) “Sorğu alan Tərəf” — yardım üçün müraciət edilən Razılığa gələn Tərəf;
(d) “Yardım dəstəsi” — müvafiq sahədə təlim almış və müvafiq avadanlıq ilə, həmçinin axtarış və xilasetmə itləri ilə təmin olunmuş, Sorğu alan Tərəfin yardım təmin etmək üçün təyin etdiyi mütəxəssislər qrupu;
(e) “Avadanlıq” — Sorğu göndərən Tərəfin ixtiyarına verilən və ya yardım dəstəsinin avadanlıqlarının tərkibində mövcud olan materiallar, texniki vasitələr və xüsusi nəqliyyat vasitələri, həmçinin yardım dəstəsinin üzvlərinin şəxsi tələbatlarını ödəmək üçün zəruri olan əşyalar;
(f) “Yardım” — Sorğu göndərən Tərəfə təmənnasız olaraq təmin olunan, fövqəladə halların təsirlərinin məhdudlaşdırılması və azaldılması üçün istifadə olunan vacib maddi əşyalar;
(g) “Yardımın təmin edilməsi” — fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması məqsədilə Sorğu göndərən Tərəfə yardım etmək üçün Sorğu alan Tərəfdən fövqəladə hallara cavabvermə tədbirləri görülməsi və/və ya ixtisaslaşmış şəxsi heyətin, avadanlığın və maddi əşyaların verilməsinin təmin olunması;
(h) “Şəxsi məlumat” — təyin olunmuş və ya təyin oluna bilən fiziki şəxs haqqında məlumat, o cümlədən müvafiq olaraq adı, soyadı, təvəllüdü, ünvanı, işi haqqında məlumat, sənəti, iş yeri və əgər lazım olarsa, sağlamlıq vəziyyəti haqqında məlumat;
(i) “Vəziyyətin parametrləri” — müvafiq vaxtda fövqəladə halların müvafiq xarakteristikasını təyin edən ölçülə bilən nömrəli kəmiyyətlər/göstəricilər.
Maddə 3.
Səlahiyyətli Orqanlar
1. Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflər bundan sonra “Səlahiyyətli Orqanlar” adlandırılacaq aşağıdakı orqanları təyin edirlər:
Azərbaycan Respublikası Hökuməti adından — Fövqəladə Hallar Nazirliyi
Rumıniya Hökuməti adından — İdarəçilik və Daxili İşlər Nazirliyi.
2. Bu Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Səlahiyyətli Orqanlar birbaşa olaraq əməkdaşlıq edəcək və əlaqə saxlayacaqlar. Bu Sazişin qüvvəyə minməsi tarixindən sonra 60 (altmış) gün ərzində Səlahiyyətli Orqanlar bunun davamlılığını və həmçinin əlaqə ünvanları və şəxslərdə baş verən dəyişikliklər barədə yeni məlumatın bildiriləcəyini təmin edərək bir-birlərinə daimi əlaqə saxlamaq üçün təyin olunmuş orqanlar və şəxslər barədə məlumat verəcəklər.
Maddə 4.
Birgə Komissiya
1. Razılığa gələn Tərəflər fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq etmək üçün bundan sonrakı “Birgə Komissiya” adlandırılacaq Birgə Komissiya yaradacaqlar.
2. Birgə Komissiyanın öhdəsinə düşən tapşırıqlar bu Sazişə uyğun olaraq hazırlanmış birgə fəaliyyətləri təşkil etmək, planlaşdırmaq və əlaqələndirmək, onun müddəalarının yerinə yetirilməsinə nəzarət etmək və qiymətləndirmək, həmçinin xüsusi əməkdaşlığın optimallaşdırılması və daha da inkişaf etdirilməsidir.
3. Birgə Komissiyanı, onun strukturunu, vəzifələrini, səlahiyyətlərini formalaşdıran şərtlər və fəaliyyət göstərmə qaydaları belə təklifləri Razılığa gələn Tərəflərə təqdim edəcək olan Səlahiyyətli Orqanlar tərəfindən razılaşdırılır.
4. Bu Sazişin qüvvəyə minməsi tarixindən sonra 60 (altmış) gün ərzində Razılığa gələn Tərəflər bir-birlərinə Birgə Komissiyada olan öz nümayəndə heyətlərinin tərkibi haqqında məlumat verəcək və Birgə Komissiyanı yaratmaq üçün görüş təşkil edəcəklər.
5. Birgə Komissiya qarşılıqlı olaraq Azərbaycan Respublikasında və Rumıniyada olmaqla, ən azı ildə bir dəfə və ya ehtiyac yarandıqda çağırılacaqdır.
6. Texnogen xarakterli fövqəladə hallar zamanı Birgə Komissiya bu cür hadisələrin təkrar olunmasının qarşısını almaq üçün səbəbləri, məsuliyyətləri və tədbirləri təhlil edəcəkdir.
Maddə 5.
Tələb olunan yardım və məlumat mübadiləsi
1. Razılığa gələn Tərəflər fövqəladə hal təhlükəsinin olması və ya artıq baş verməsi halında bir-birinə yalnız Sorğu göndərən Tərəfin Səlahiyyətli Orqanının yazılı sorğusuna əsasən yardım göstərəcəklər. Sorğu razılaşdırılmış əlaqə kanalları vasitəsilə Sorğu alan Tərəfin Səlahiyyətli Orqanına ötürüləcəkdir.
2. Sorğu əsasında Sorğu göndərən Tərəf aşağıdakıları qeyd edir:
(a) sorğu edilən tarixdə təhlükənin/fövqəladə halın yeri, tarixi və vaxtı, növü, ölçüsü və vəziyyətin parametrləri;
(b) artıq görülmüş və planlaşdırılan tədbirlər;
(c) sorğu edilən yardımın növü və onların prioritetləri;
(d) digər zəruri məsələlər.
3. Səlahiyyətli Orqanlar yardımın göstərilməsi üçün adi sorğu/cavab anketi istifadə edərək razılığa gələ bilərlər.
4. Sorğu alan Tərəf gecikmədən yardımın göstərilməsi barədə qərar verir və mümkün olan ən qısa vaxt ərzində özünün təcili cavabvermə imkanları, həmçinin göstərilən yardımın növü, kəmiyyəti və şərtləri barədə Sorğu göndərən Tərəfə məlumat verir.
5. Bu Sazişin müddəalarının tətbiq edilməsi məqsədilə 1-ci və 4-cü bəndlərdə qeyd olunandan başqa məlumat mübadiləsi Səlahiyyətli Orqanlar, xüsusilə bu məqsəd üçün təyin olunmuş qurumlar vasitəsilə və həmçinin Birgə Komissiyanın fəaliyyətləri çərçivəsində həyata keçirilir.
6. 5-ci bənddə qeyd olunan məlumat mübadiləsi ilə əlaqədar olan növ, kəmiyyət, tezlik, format, mövzu və digər müəyyənləşdirici cəhətlər razılığa əsasən, Birgə Komissiya tərəfindən hazırlanır.
Maddə 6.
Yardımın göstərilməsi yolları
Bu Sazişə əsasən, yardım avadanlığın, materialların, ixtisaslaşmış heyətin, yardımın və məlumatın Sorğu göndərən Tərəfin ixtiyarına verilməsi vasitəsilə, həmçinin insanların həyatını qorumaq, əhalinin sağlamlığını mühafizə etmək, maddi və mədəni dəyəri olan əmlaka dəyən ziyanları və fövqəladə hal təhlükəsi olması/baş verməsi zamanı təkrar təsirləri məhdudlaşdırmaq üçün cavabvermə fəaliyyətlərinin, ekspertizaların, axtarış və xilasetmə əməliyyatlarının keçirilməsi vasitəsilə təmin oluna bilər.
Maddə 7.
Digər əməkdaşlıq formaları
1. Bu Saziş çərçivəsində Razılığa gələn Tərəflərin əməkdaşlığı, əsas məqsəd olan fövqəladə hal zamanı yardım təmin etməkdən başqa, aşağıdakı əməkdaşlıq formalarını əhatə edə bilər:
a. Razılığa gələn hər iki Tərəfin ixtisaslaşdırılmış təsisatları tərəfindən fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması, qiymətləndirilməsi, məhdudlaşdırılması və azaldılması sahəsində birgə layihələrin irəli sürülməsi;
b. Razılığa gələn Tərəflərin Dövlətlərinin müvafiq qurumları və Səlahiyyətli Orqanları arasında əməkdaşlıq vasitəsilə konfransların, elmi səfərlərin, elmi proqramların, tədris kurslarının, ekspert mübadiləsinin, birgə məşqlərin və təlimlərin təşkil olunması;
c. xüsusilə Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə təsir göstərə biləcəkləri hallarda, fövqəladə halları yarada biləcək risk mənbələri barəsində məlumat mübadiləsi. Qarşılıqlı məlumat 5-ci maddənin 6-cı bəndinə əsasən yaradılmış çərçivələr daxilində təmin olunur;
d. fövqəladə halların səbəbləri ilə bağlı elmi tədqiqatların nəticələri və araşdırmaların yekunları üzrə sənədlərin mübadiləsi, onların təsirlərinin qiymətləndirilməsi və zəruri mühafizə tədbirləri.
2. Bu Sazişin məqsədləri üçün lazım gəldikdə Birgə Komissiya digər əməkdaşlıq formalarını da yarada bilər.
Maddə 8.
Tranzit
1. Fövqəladə hallara məruz qalmış üçüncü tərəfə yardım təmin etmək halında, Tərəflərdən birinin üçüncü dövlətin ixtiyarına verdiyi heyətin, materialların, avadanlığın və yardımın ötürülməsini asanlaşdırmaq üçün Razılığa gələn Tərəf öz Dövlətinin ərazisində gömrük prosedurlarını sadələşdirməli və azaltmalıdır.
2. Tranzit və tranzit rəsmiləşdirilmələri tranzit haqqında Sorğu alan Tərəfin Səlahiyyətli Orqanı tərəfindən tranzit keçidin qəbul edilməsinin yazılı təsdiqlənməsindən sonra tətbiq edilir.
3. Səlahiyyətli Orqanlar ötürülmənin zəruriliyi haqqında müvafiq vaxtda bir-birini məlumatlandırır, onun icrasının qaydası və xüsusiyyəti barədə razılaşır və lazım gəldikdə, ötürülmə zamanı yardım dəstəsi üçün müşayiət təmin edir.
Maddə 9.
Yardım əməliyyatlarının əlaqələndirilməsi və həyata keçirilməsi
1. Sorğu göndərən Tərəfin Dövlətinin ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması üçün həyata keçirilən əməliyyatlar Sorğu alan Tərəfin Səlahiyyətli Orqanları və şəxsləri tərəfindən əlaqələndirilir və həyata keçirilir.
2. Onların 1-ci bəndə əsasən əməliyyatlarla məşğul olduqları müddətdə, Sorğu alan Tərəfin təyin etdiyi yardım dəstələri yalnız öz dəstə rəhbərləri tərəfindən verilən tapşırıqları qəbul edəcək və onlara əməl edəcəklər.
3. Sorğu göndərən Tərəfin Səlahiyyətli Orqanı tərəfindən müəyyən edilən şəxslər Sorğu alan Tərəfin yardım dəstəsinin rəhbərlərinə fövqəladə hal nəticəsində yaranan vəziyyət və onun inkişafı, fəaliyyət planı, təyin edilmiş tapşırıqlar, iştirak edən digər dəstələrlə əməkdaşlığın növü, mövcud nəqliyyat avadanlıqları barədə məlumat verməli və həmçinin sorğu əsasında tərcüməçilər, digər lazımi xidmətlər və vasitələr təmin etməlidir.
4. Razılığa gələn Tərəflər öz ixtisaslarına, təlimlərinə və ləvazimatlarına uyğun olaraq öz ixtiyarlarına verilən yardım dəstəsindən istifadə etməlidirlər.
5. Sorğu alan Tərəf öz yardım dəstəsinə fövqəladə halın baş verdiyi yerə gəldikləri gündən ən azı 7 gün ərzində öz spesifik fəaliyyətlərini həyata keçirmələri üçün bütün zəruri vasitələri verir.
6. Sorğu göndərən Tərəf yardım dəstəsinin təhlükəsizliyini, təcili tibbi yardımı və müvafiq müalicəni, qidalanmanı, qalmaq üçün yeri, həmçinin missiyanın sonuna qədər onun üzvləri üçün lazım olan zəruri əşyaları təmənnasız olaraq təmin edir.
7. Sorğu göndərən Tərəf yerli orqanların dəstəyi ilə yardımın nəql edilməsi və zərərçəkmiş insanlara çatdırılması üçün gömrük və digər rəsmiləşdirmələrin operativ şəkildə yerinə yetirilməsini təmin edir. Sorğu alan Tərəfin nümayəndələri yardımın paylaşdırılmasında iştirak edə bilərlər.
8. Yardım dəstələri aşağıdakı hallarda öz fəaliyyətlərini dayandırırlar:
a) missiya tamamlandıqda;
b) Razılığa gələn Tərəflərin Səlahiyyətli Orqanları əməliyyatların həyata keçirilməsinin artıq lazım olmadığı barədə razılaşdıqda;
c) bu Sazişdən irəli gələn tələblər və öhdəliklər yerinə yetirilmədikdə.
Maddə 10.
Dövlət sərhədinin keçilməsi
1. Bu Sazişin müddəalarına əsasən Sorğu göndərən Tərəfin ixtiyarına verilən yardım dəstələrinin üzvlərinin dövlət sərhədini keçməsi əvvəlcədən alınmış viza olmadan, dəstənin başçısında olan fərdi və kollektiv hərəkət əmri ilə və müvafiq səyahət sənədləri ilə bütün sərhədkeçmə məntəqələrində həyata keçirilir. Hərəkət əmri çap şəklində, Birgə Komissiya tərəfindən hazırlanan şərtlər də daxil olmaqla, Sorğu alan Tərəfin Səlahiyyətli Orqanının tələbi ilə verilir.
2. Razılığa gələn Tərəflər qüvvədə olan şəxsiyyəti təyin edən sənədlərin nümunələrini qarşılıqlı mübadilə edirlər.
3. Bu Sazişin 9-cu maddəsinə aid olan vəzifələri yerinə yetirmək üçün yardım dəstələrinin üzvləri Sorğu göndərən Tərəfin Səlahiyyətli Orqanı və Sorğu alan Tərəfin yardım dəstələrinin rəhbəri arasında razılaşdırılmış müddət ərzində digər Dövlətin ərazisində qala bilərlər.
4. Razılığa gələn Tərəflərdən heç biri yardım dəstələrinin üzvlərinin Sorğu göndərən Tərəfin uniformalarını geyinmələrinə və nəqliyyat vasitələrinin üzərində Sorğu göndərən Tərəfin xüsusi nişanlarının istifadəsinə məhdudiyyət qoymayacaqdır.
5. Razılığa gələn Tərəflər sürücülük sınağı və əlavə ödəniş olmadan özlərinin Səlahiyyətli Orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini və ya oxşar digər sənədi nəzərə alır və etibarlı olduğunu qəbul edir.
6. Yardım dəstələrinin üzvləri Sorğu göndərən Tərəfin Dövlətinin milli qanunvericiliyinə tabe olmalı, bu Sazişin müddəalarına uyğun olmayan heç bir hərəkət etməməli və xüsusilə də Sorğu göndərən Tərəfin Dövlətinin ərazisində hər hansı bir siyasi fəaliyyətdən çəkinməlidirlər. Sorğu alan Tərəf bununla əlaqədar bütün zəruri tədbirləri öz öhdəsinə götürəcəkdir.
7. 1-ci və 4-cü bədlərdən başqa, bu Sazişin müddəaları 8-ci maddəyə uyğun olaraq nəzərdə tutulmuş tranzit halında tətbiq edilir.
Maddə 11.
Malların dövlət sərhədindən keçirilməsi
Bu Sazişin məqsədləri üçün Razılığa gələn Tərəflər aşağıdakılar barədə razılaşırlar:
1. 2-ci maddədə təyin olunan qaydada yardım dəstələrinin ləvazimatlarını və yardımın tərkibini təşkil edən malların və ləvazimatların dövriyyəsinə heç bir qadağa və məhdudiyyət tətbiq edilmir.
2. Yardım üçün olan mallar və yardım dəstələrinin təchiz olunduğu avadanlıq gömrük rüsumlarından, aksizlərdən və digər idxal/ixrac vergi ödənişlərindən azaddır. Təmin olunan yardım yalnız aşağıdakı şəraitlərdə gömrük rüsumlarından, aksizlərdən və digər vergi ödənişlərindən azaddır:
a. daha sonrakı ticarətin obyekti olmayacaqdır, və
b. üçüncü tərəfə faydalı olacaq xidmətlər üçün istifadə olunmamalıdır.
3. Beynəlxalq nəqliyyat icazəsi tələb olunmur və yardım dəstəsi tərəfindən istifadə edilən nəqliyyat vasitələrinin məcburi sığortasından başqa nəqliyyat vasitələrinin istifadəsinə təsir edəcək öhdəliklərdən azaddır.
4. Yardım dəstəsinin rəhbəri hərəkət sifarişini, yardım dəstəsinin avadanlıqlarının siyahısını və əgər varsa, yardım kimi nəzərdə tutulmuş mallar qeyd olunan başqa siyahını Sorğu göndərən Tərəfin gömrük orqanlarına təqdim etdikdə, 1-ci və 3-cü bəndlərdə sıralanan ləvazimatlar gətirilə bilər. Adı çəkilmiş siyahılar hərəkət sifarişinin ayrılmaz hissəsidir və onların nümunə surətləri Birgə Komissiya vasitəsilə hazırlanır və qarşılıqlı şəkildə razılaşdırılır.
5. Yardım dəstəsi tərəfindən istifadə olunduqdan sonra geri qaytarılması nəzərdə tutulan malların siyahısı və yardım kimi təmin olunan tam istifadə olunacaq malların siyahısı aşağıdakı ünvanlara təqdim olunması üçün üç nüsxədə hazırlanır:
a. 1-ci nüsxə ölkəyə daxil olmaq üçün gömrük rəsmiləşdirmələri məqsədilə sərhəd gömrük məntəqəsinə təqdim olunacaqdır.
b. 2-ci nüsxə yardım dəstəsinin missiyasını koordinasiya edən Sorğu göndərən Tərəfin nümayəndəsinə təqdim olunacaqdır.
c. 3-cü nüsxə yardım dəstəsinin rəhbərində qalacaqdır.
6. 2-ci və 3-cü nüsxələrdə istifadə olunan mallar və ya Sorğu göndərən Tərəfin ixtiyarına verilən mallar yazılacaqdır və 3-cü nüsxə istifadəetməni təsdiq etmək və sübut etmək üçün Sorğu göndərən Tərəfin nümayəndəsi tərəfindən imzalanacaq və möhürlənəcəkdir.
7. Yardım dəstəsi və yardımı nəql edən nəqliyyat vasitələri adətən Sorğu göndərən Tərəfin ərazisinə daxil olduqları eyni sərhəd keçid məntəqəsindən ərazini tərk edirlər, əgər ərazini tərk etmək əməliyyatı digər sərhəd keçid məntəqəsi vasitəsilə həyata keçirilirsə, bu sərhəd keçid məntəqəsi 15 gün ərzində avadanlıq siyahısını birinci sərhəd keçid məntəqəsinə vermək məsuliyyətini daşıyır.
8. Müstəsna hallarda, əgər Dövlət sərhədinin keçilməsi digər yerlər vasitəsilə həyata keçirilirsə, bu siyahılar heç bir gecikdirmə olmadan səlahiyyətli gömrük orqanlarına təqdim olunmalıdır.
9. Yardım kimi təklif olunan mallar son istifadə müddəti bitməmiş mallar olmalıdır.
10. Missiyanın tamamlanmasından sonra 30 gün ərzində, şəraitdən asılı olaraq, aşağıdakı prosedurlar tətbiq olunmalıdır:
Razılığa gələn Tərəflərdən hər hansı birinin ərazisində Razılığa gələn Tərəflərdən birinin istifadə etdiyi, korlanmış və dağıdılmış avadanlıqlar, həmçinin yardım siyahılarında qeyd olunmuş mallar üçün 3-cü maddədə qeyd olunmuş Səlahiyyətli Orqanın nümayəndəsi çıxış üçün istifadə olunan sərhəd keçid məntəqəsinə təfərrüatlı gömrük bəyannaməsini təqdim edəcəkdir.
Sorğu alan Tərəfə qaytarılmalı olan istifadə olunmamış mallar yuxarıda qeyd olunan avadanlığı əhatə etməyən siyahıları təmin etməklə gömrük xidmətinin qeydiyyatından çıxarılacaqdır.
11. Əgər avadanlığın bir hissəsi yardım üçün Sorğu göndərən Tərəfin Dövlətinin ərazisində qalırsa, Sorğu alan Tərəfin gömrük orqanları bu haqda daha sonra məlumatlandırılacaqdır. Bu xəbərdarlıqda avadanlığın bu hissələrinin kəmiyyəti, növü və istifadə olunduğu yer qeyd olunmalıdır. 1-ci və 3-cü bəndlərdə qeyd olunan Sorğu göndərən Tərəfin Səlahiyyətli Orqanı eyni zamanda bu barədə məlumatlandırılmalıdır. Əgər onların qalacaqları yer təsdiq olunarsa, 2-ci bənddə göstərilmiş vergidən azadolmalar avadanlıqların Sorğu göndərən Tərəfin Dövlətinin ərazisində qalan hissələrinə tətbiq edilir. Lakin 2-ci maddənin e) bəndində qeyd olunmuş avadanlıq gömrük orqanının razılığı olmadan Razılığa gələn Tərəfin Dövlətinin ərazisində 24 aydan artıq qala bilməz. Bu müddət bitərsə, onlar bu avadanlıq üçün bu maddənin 10-cu bəndinin birinci və ikinci sətirlərinə uyğun olaraq fəaliyyət göstərəcəklər.
12. Əgər yardımın bir hissəsi tərkibində narkotik və/və ya psixotrop maddələr olan əczaçılıq məhsullarından ibarətdirsə, bunlar ayrıca siyahıda qeyd olunmalıdır. Razılığa gələn Tərəflərin Səlahiyyətli Orqanları Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin təlimatlarına uyğun olaraq hərəkət edəcəklər və BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxalq Proqramını hər bənddən xəbərdar edərək, bu məhsullar barədə bir-birini birbaşa olaraq məlumatlandıracaqlar.
13. 1-ci və 10-cu bəndlərin müddəaları tərkibində narkotik və/və ya psixotrop maddələr olan əczaçılıq məhsulları olduğu halda müvafiq qaydada tətbiq edilir. Yardım dəstələrinə bu məhsulları yalnız təcili tibbi xidmət ehtiyacları üçün lazımi miqdarda aparmalarına və onların Sorğu göndərən Tərəfin dövlətinin ərazisində qüvvədə olan xüsusi tibbi nizamlamalara uyğun olaraq ixtisaslaşmış tibbi heyət tərəfindən idarə olunmasına icazə verilir. Bu məhsulların idxal və ixrac edilməsi Razılığa gələn Tərəflərin narkotik və psixotrop maddələrlə bağlı olan beynəlxalq sazişlər vasitəsilə üzərinə götürdükləri öhdəliklərə uyğun olaraq ticarət fəaliyyəti sayılmır.
14. Sorğu göndərən Tərəfin Dövlətinin ərazisinə silah, döyüş sursatı və partlayıcı maddələr gətirmək qadağandır.
15. Sorğu göndərən Tərəfin Səlahiyyətli Orqanının bu maddədə qeyd olunmuş malların, avadanlıqların, maddələrin istifadəsinə və saxlanılmasına nəzarət etməsinə icazə verilir.
16. 1-ci, 4-cü, 11-ci və 12-ci bəndlərdə qeyd olunmuş müddəalar tranzit nəqletmə hallarına da şamil olunur.
17. Sorğu göndərən Tərəf missiyanın sonunda avadanlığın kimyəvi, radioloji və bioloji zərərsizləşdirilməsini təmin etməyi öhdəsinə götürür. Bu əməliyyatlar icra edilə bilmədikdə, Sorğu göndərən Tərəfin Dövlətinin ərazisində qalan avadanlıq dezinfeksiya ediləcək və missiyanın tamamlanması tarixindən sonra 45 gün ərzində qaytarılacaqdır.
18. Bu maddənin müddəaları əməli fəaliyyətlər, məsələn, taktiki çalışmalar və məşqlər olduqda da adekvat olaraq tətbiq edilir.
Maddə 12.
Hava nəqliyyat vasitələrindən istifadə edilməsi
1. Hava nəqliyyatı vasitələrindən Sorğu göndərən Tərəfin ixtiyarına verilmiş yardım dəstələrinin, avadanlığın və yardımın nəql edilməsi, həmçinin fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması üçün müdaxilə əməliyyatlarının həyata keçirilməsi məqsədilə istifadə oluna bilər.
2. Yardımın təmin edilməsi üçün hava nəqliyyatı vasitələrindən istifadə edildiyi təqdirdə, 5-ci maddədə izah edilmiş prosedura uyğun olaraq ötürülən informasiya aşağıdakı məlumatları əhatə etməlidir: hava nəqliyyatı vasitələrinin növü, qeydiyyatda olduğu ölkə, dövlət işarələri, təyyarə ekipajının sayı, nəqliyyatın növü, yükün növü, uçuş cədvəli, sərnişinlərin və heyətin adları qeyd olunan siyahısı, uçuş yolları, yerəenmə məntəqəsi, digər aidiyyəti məlumatlar.
3. Razılığa gələn Tərəflər 1-ci bənddə qeyd olunan məqsədlər üçün istifadə olunan təyyarələrin təyin edilmiş uçuş sərhədləri çərçivəsində öz Dövlətlərinin uçuş ərazilərində uçmalarına, hətta beynəlxalq hava limanlarından istifadə etmədən Sorğu göndərən Tərəfin Səlahiyyətli Orqanı tərəfindən göstərilən məntəqələrdə yerə enmələrinə və havaya qalxmalarına icazə verildiyini təmin etmək üçün müvafiq tədbirlər görəcəklər. Əgər təyyarələr beynəlxalq hava limanlarından başqa məntəqələrdə yerə enərsə və ya havaya qalxarsa, 3-cü maddənin 1-ci bəndində təyin edilmiş Səlahiyyətli Orqanlar bu yerlərə ən yaxın gömrük orqanını bu barədə gecikdirmədən xəbərdar etməli, həmçinin 2-ci bənddə izah edilmiş məlumatın ötürülməsi vasitəsilə təyyarənin milli hava ərazisində uçmasına icazə verilməsi üçün səlahiyyətli uçuş orqanını xəbərdar etməlidirlər.
4. Razılığa gələn Tərəflərin bu işi başqa cür davam etdirmək barədə razılaşdıqları hallardan başqa, bu Sazişin məqsədləri üçün təyyarə uçuşları Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına və Razılığa gələn Tərəflərin Dövlətlərinin ərazilərində tətbiq edilən qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.
Maddə 13.
Kompensasiyalar
1. Razılığa gələn hər bir Tərəf bu Sazişin həyata keçirilməsi ilə bağlı olan missiyanın icra edilməsi zamanı yardım dəstəsinin üzvləri tərəfindən onun mülkiyyətinə zərər dəydiyi təqdirdə, həmçinin zərərin bu Sazişin həyata keçirilməsi məqsədilə yerinə yetirilən işlərin icra edilməsi zamanı meydana gəldiyini nəzərə alaraq, yardım komandasının üzvlərinə zərərin dəyməsi və ya onların ölməsi zamanı digər Tərəfə heç bir tələb iddia etməyəcəkdir.
2. Əgər yardım dəstəsinin üzvü Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə yerinə yetirilən işlərin icra edilməsi zamanı Sorğu göndərən Tərəfin ərazisində üçüncü şəxsə zərər vurarsa, zərərin kompensasiyası Sorğu göndərən Tərəfin öhdəsinə düşür.
3. Ziyanın bilərəkdən səhv davranış və ya kobud etinasızlıq səbəbindən meydana gəldiyi sübut olunarsa, bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəaları tətbiq edilmir və bu məsələ Sorğu göndərən Tərəfin öz məhkəməsi vasitəsilə həll edilir.
4. Bu maddənin 3-cü bəndində nəzərdə tutulan halda, həmçinin əgər yardım dəstəsinin üzvünə qarşı olan iddia Sazişin həyata keçirilməsi məqsədilə yerinə yetirilən işlərin icra edilməsi zamanı deyil, başqa vaxt meydana çıxan fəaliyyətlərdən və səhlənkarlıqdan irəli gələrsə və dəymiş ziyan Sorğu göndərən Tərəfin məhkəmə prosesinə uyğun olaraq həll edilərsə, kompensasiyanın ödənilməsi Sorğu alan Tərəfin öhdəsinə düşür.
5. Bu maddənin müddəaları Sorğu göndərən Tərəfin ərazisinə daxilolma vaxtından ərazini tərketmə vaxtınadək yardım dəstəsinin üzvünün səbəb olduğu zərərlər üçün tətbiq edilir.
6. Razılığa gələn Tərəflərin Səlahiyyətli Orqanları ziyanın meydana gəldiyi şəraitləri qiymətləndirmək və kompensasiyanın həll edilməsinə kömək etmək üçün əməkdaşlıq edəcəklər. Bu məqsədlə onlar hər hansı mövcud məlumatı mübadilə edəcəklər.
Maddə 14.
Xərclər
1. Razılığa gələn Tərəflərin razılaşdıqları digər hallar istisna olmaqla, bu Sazişin müddəalarına əsasən yardımın təmin edilməsi təmənnasızdır.
2. Sorğu alan Tərəf aeronaviqasiya və yerəenmə, işıqlandırma avadanlıqları, qalma və ərzaqla təminedilmə ilə bağlı xərclərdən azaddır.
3. Bu məsələlərlə bağlı xərclərin ödənilməsi, əlavə sənədlər, ödəmə qaydaları və başqa təfsilatlar barədə Birgə Komissiya tərəfindən qərar veriləcəkdir.
4. 7-ci maddədə qeyd olunan əməkdaşlıq formalarının həyata keçirilməsi üçün lazım olan müvafiq xərcləri Birgə Komissiya tərəfindən təklif olunan və Razılığa gələn Tərəflərin qəbul etdiyi büdcə həddi çərçivəsində qarşılıqlı prinsip əsasında, Razılığa gələn hər bir Tərəf ödəyir.
Maddə 15.
Beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq
Razılığa gələn Tərəflər qarşılıqlı razılıq ilə bu Sazişin həyata keçirilməsi üçün icra edilən fəaliyyətlərdə ixtisaslaşmış/aidiyyəti beynəlxalq və yerli təşkilatların iştirakını təklif edə bilərlər.
Maddə 16.
Şəxsi məlumatın qorunması
Şəxsi məlumatın ötürülməsi, bu Sazişin müddəalarının həyata keçirilməsi üçün tələb edildiyi halda, aşağıdakı müddəalar tətbiq olunacaqdır:
1. Razılığa gələn hər bir Tərəf tələb əsasında 2-ci maddənin “h” bəndində sıralanmış şəxsi məlumatları digər Tərəfə yalnız bu Sazişin 5-ci maddəsində nəzərdə tutulmuş şərtlər əsasında və tələbdə izah edilmiş məqsədlər üçün ötürür. Bu məlumatı qəbul edən Razılığa gələn Tərəf onu yalnız məlumatı verən Razılığa gələn Tərəfin razılığı ilə təyin edilmiş başqa məqsədlər üçün istifadə edə bilər.
2. Məlumatı qəbul edən Razılığa gələnə Tərəf qəbul edilən şəxsi məlumatı özünün yalnız bu Sazişin müddəalarının həyata keçirilməsi üçün əməkdaşlıq etdiyi və şəxsi məlumatı saxlamaq və ötürmək hüququ olan orqanlarına ötürə bilər. Məlumat yalnız məlumatı verən Razılığa gələn Tərəfin əvvəlcədən razılığı ilə digər orqanlara ötürülə bilər. Qəbul edilən məlumat məxfidir.
3. Məlumatı verən Razılığa gələn Tərəf onların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır, əgər dəqiq olmayan və səhv məlumatın ötürülmüş olduğu aşkarlanarsa, məlumatı verən Razılığa gələn Tərəf təcili olaraq onların düzəldilməsi yollarını və ya onların məhv edilməsinin vacibliyini izah edərək, bu barədə məlumatı qəbul edən Razılığa gələn Tərəfi məlumatlandırmalıdır. Məlumatı qəbul edən Razılığa gələn Tərəf təcili olaraq onları düzəltməyə və ya şəraitdən asılı olaraq səhv məlumatı məhv etməyə borcludur.
4. Hüquq normalarına uyğun olaraq bu Saziş çərçivəsində Razılığa gələn Tərəflər istifadə etdikləri məlumatın aid olduğu şəxsləri bu barədə xəbərdar etməlidirlər. Səlahiyyətli şəxslərin tələbi ilə, Razılığa gələn Tərəflər səhv məlumatı düzəldir, qeyri-qanuni olaraq saxlanılan məlumatı məhv edir və bu məqsədlər üçün görülən tədbirlər haqqında bir-birini məlumatlandırırlar.
5. Şəxsi məlumatı verən Razılığa gələn Tərəf qüvvədə olan milli qanunvericiliyə əsasən onların yayılmasını qadağan edir və məhdudlaşdırır. Əgər məlumatı ötürən Razılığa gələn Tərəfin bu hüququ vardırsa, şəxsi məlumatın sahibi olan şəxsin 4-cü bənddə nəzərdə tutulmuş hüquqlarından istifadə etməsi rədd edilə bilər. Məlumatı verən Razılığa gələn Tərəf təyin edilmiş məhdudiyyətlər barədə məlumatı qəbul edən Razılığa gələn Tərəfi məlumatlandırmalıdır. Məlumatın istifadəçisi, qanunla nəzərdə tutulmuş hallardan başqa, əlaqədar şəxsi rəddetmənin səbəbi barədə məlumatlandırmalıdır.
6. Təmin edilmiş məlumat, məlumatı verən Razılığa gələn Tərəfin müəyyən etdiyi vaxtda və ya onlardan tələb edilən məqsəd üçün artıq lazım olmadıqda məhv edilə bilər. Məlumatı verən Razılığa gələn Tərəf müvafiq tarix və məhv edilmə səbəbi barədə məlumatlandırılacaqdır.
7. Razılığa gələn Tərəf şəxsi məlumatın göndərilməsi və qəbul edilməsi, məlumata qeyri-qanuni daxilolma əleyhinə məlumatın effektli qorunması üçün vacib olan təşkilati və texniki tədbirlər, onların düzəldilməsi, məhv edilməsi və dəyişdirilməsi barədə protokol/sənəd hazırlayacaqdır.
8. Məlumatı qəbul edən Razılığa gələn Tərəf ötürülən şəxsi məlumat üçün hər bir vəziyyətdə özünün eyni kateqoriyalı məlumatına yanaşdığı kimi mühafizəni təmin etməlidir.
Maddə 17.
Məlumatın qorunması və məxfi məlumat
Bu Sazişin müddəalarının həyata keçirilməsi zamanı, Razılığa gələn Tərəflər qəbul edilən məxfi məlumatın qorunması üçün və ya onları, ən azı, məlumatı qəbul edən Razılığa gələn Tərəfin ərazisində qüvvədə olan milli qanunvericiliyə əsasən bu məlumat üçün yaradılmış eyni səviyyədə saxlanılması üçün zəruri tədbirlər görəcəklər.
Maddə 18.
Digər beynəlxalq hüquqi sənədlərlə tənzimlənən münasibətlər
Bu Sazişin müddəalarının heç biri Razılığa gələn Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq hüquqi sənədlərdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
Maddə 19.
Mübahisələrin həlli
Bu Sazişin təfsir və ya tətbiq olunması nəticəsində meydana çıxan mübahisələr danışıqlar yolu ilə həll olunacaqdır.
Maddə 20.
Əlavə və dəyişikliklər
Qarşılıqlı razılıq əsasında Razılığa gələn Tərəflər bu Sazişə əlavə və dəyişikliklər edə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olaraq ayrı-ayrı protokollar formasında rəsmiləşdiriləcək və bu Sazişin 21-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minəcəkdir.
Maddə 21.
Yekun müddəalar
1. Bu Saziş Razılığa gələn Tərəflərin bir-birini onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların tamamlanması haqqında məlumatlandırdığı diplomatik kanallar vasitəsilə sonuncu bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Bu Saziş 1 (bir) il müddətinə bağlanılır. Razılığa gələn Tərəflərdən biri bu Sazişin qüvvədəolma müddətinin başa çatmasına ən azı 90 (doxsan) gün qalmış digər Tərəfə onun qüvvəsini ləğv etmək niyyəti barədə bildiriş təqdim etməzsə, Saziş avtomatik olaraq eyni müddətə uzadılır.
2. Bu Sazişə xitam verilməsi artıq başlanmış olan və ya Sazişin ləğv edilməsindən ən azı 6 (altı) ay əvvəl üçün planlaşdırılmış olan birgə fəaliyyətlərin həyata keçirilməsindən irəli gələn öhdəliklərə təsir göstərmir.
Bu Saziş Buxarest şəhərində 28 sentyabr 2009-cu il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, rumın və ingilis dillərində olmaqla imzalanmışdır. Bütün mətnlər bərabər qüvvəyə malikdir. Bu Sazişin təfsiri ilə bağlı hər hansı bir fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.