Beynəlxalq sənədlər

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Geri

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 6-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
  2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
  3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Niderland Krallığı tərəfinə bildiriş göndərsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2014-cü il

№ 433

 

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında

 

ANLAŞMA MEMORANDUMU

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Niderland Kral­lığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi (bundan sonra - Tərəflər),

su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlığın daha da inkişaf et­dirilməsinə birgə maraqlarını ifadə edərək,

Tərəflər arasında dostluq münasibətlərinin bərabərlik, qarşılıqlı fayda və hörmət prinsipləri əsasında daha da möhkəmləndirilməsini arzulayaraq,

Tərəflər arasında uzunmüddətli əlaqələri və onların su ilə əlaqəli müvafiq qurumları arasında uğurlu əməkdaşlığı təşviq edərək,

su ehtiyatlarının idarə olunması sahəsində ikitərəfli elmi, texniki, idarəetmə və institusional əməkdaşlıq üçün böyük potensialın olmasına inanaraq, aşağıdakılar barədə razılığa gəlirlər:

 

 

Maddə 1
Məqsədlər

 

 

Bu Anlaşma Memorandumunun məqsədi bərabərlik və qarşılıqlı fayda prin­sipi əsasında su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində Tərəflər arasında əməkdaşlıq üçün çərçivə yaratmaq və uzunmüddətli əməkdaşlıq əla­qələri qurmaqdır. Əməkdaşlığın məqsədi su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sisteminin Azərbaycan Respublikasında tətbiq edilməsi, xüsusilə də baş verə biləcək daşqınların qarşısının alınması və ya onların zərərli təsirinin azaldılması üçün bilik və təcrübənin inkişaf etdirilməsidir.

Bu əməkdaşlığın uzunmüddətli məqsədi hər iki ölkənin su ilə bağlı fövqəl­adə halların idarə olunmasında təcrübə, bacarıq və imkanlarını gücləndirməklə bağlı birgə səylərinə töhfə vermək və bu xidmətləri Tərəflərin qarşılıqlı razılı­ğı əsasında digər ölkələrə tətbiq etməkdir.

 

 

Maddə 2
Əməkdaşlıq sahələri

 

 

Tərəflər su ehtiyatlarının inteqrasiyalı idarə olunması ilə bağlı sahələrdə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq aşağıdakı istiqamətlər və sahələr üzrə bili­yin və təcrübənin qarşılıqlı şəkildə gücləndirilməsi məqsədini daşıyır:

su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi üzrə strategiyanın və Milli Pla­nın hazırlanması barədə məsləhətləşmələrin aparılması;

daşqınların qarşısının alınması, daşqınlardan mühafizə, daşqınlara qarşı ha­zırlıq, daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemlərinin yara­dılması;

daşqınların təsirinə qarşı cavab tədbirlərinin görülməsi və onların zərərli tə­sirlərinin aradan qaldırılması;

hidrotexniki qurğuların dayanıqlığının yoxlanılması və tədqiqi;

bu kontekstdə Tərəflərin birgə şəkildə razılaşdırdıqları digər sahələr.

 

 

 

Maddə 3
Əməkdaşlıq formaları

 

 

Bu Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq qarşılıqlı anlaşma, hör­mət və faydaya əsaslanmaqla, Azərbaycan Respublikasının və Niderland Krallı­ğının daxili qanunlarına əməl etməklə, bu ölkələrin özəl sektoru və (və ya) elmi institutları arasında əməkdaşlığın asanlaşdırılmasını nəzərdə tutur. Bu əməkdaş­lığın məqsədi qarşılıqlı sərmayə qoyuluşunu və iqtisadi əməkdaşlığın digər for­malarını təşviq etməkdir. Bu əməkdaşlıq təcrübə və bilik mübadiləsi, imkanla­rın artırılması, birgə layihələr və hər iki ölkənin müəssisələri və (və ya) təşkilat­ları arasında əməkdaşlığın asanlaşdınlması vasitəsilə həyata keçirilə bilər.

 

 

Maddə 4
Səlahiyyətli orqanlar

 

 

Bu Anlaşma Memorandumunun əlaqələndirilməsi və həyata keçirilməsi üz­rə səlahiyyətli orqanlar aşağıdakılardır:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqə­lər İdarəsi və Su Ehtiyatları Dövlət Agentliyi və Niderland Krallığı İnfrastruk­tur və Ətraf Mühit Nazirliyinin Beynəlxalq Məsələlər üzrə Direktorluğu və Ərazilərin İnkişafı və Su Məsələləri üzrə Baş Direktorluğu.

 

 

Maddə 5
Əlaqələndirmə

 

 

Tərəflər bu Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı inkişaf etdir­mək məqsədi ilə Birgə İşçi Qrupu yaradırlar.

İşçi Qrupu hər bir səlahiyyətli orqan tərəfindən irəli sürülmüş, hökuməti, özəl sektoru və elmi institutları təmsil edən, hər bir Tərəfdən ən azı 3 üzvdən ibarət olur. İşçi Qrupuna sədrliyi hər Tərəfdən bir rəsmi nümayəndə həyata ke­çirir və onların adları Tərəflər arasında yazılı şəkildə bildirilir.

İşçi Qrupu Anlaşma Memorandumunun həyata keçirilməsini qiymətləndir­mək və irəliləyişi məruzə etmək üçün ildə bir dəfə görüşür.

İşçi qrupu aşağıdakı vəzifələr üzrə birgə məsuliyyət daşıyır:

a. Birgə İşçi Qrupunun iclaslarının hazırlanması;

b. bu Anlaşma Memorandumunun həyata keçirilməsinə praktiki və inzibati dəstək;

c. müntəzəm hesabat, monitorinq və qiymətləndirmə.

 

Maddə 6

Əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi

 

Başqa cür razılaşma olmadığı təqdirdə, hər bir Tərəf öz səfər edən nüma­yəndə heyətinin beynəlxalq səyahət, yaşayış, yemək, əməkhaqqı və gündəlik müavinətlərlə bağlı xərclərini özü maliyyələşdirir.

Fəaliyyətlərin əksəriyyəti Tərəflərin mövcud büdcələri çərçivəsində idarə olunur. Kommersiya və texniki əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi layihələrin xüsusiyyətlərinə uyğun olaraq, Tərəflər arasında məsləhətləşmələr yolu ilə müəyyən edilir.

 

 

Maddə 7
Məxfilik

 

 

Hər bir Tərəf digər Tərəfin təqdim etdiyi texniki sənədlər, patentlər və ya digər texniki məlumatların və biliyin (məsələn, əqli mülkiyyət hüquqları çərçi­vəsində) məhdud çərçivədə istifadəsi və ya hər hansı üçüncü tərəfə məhdud çərçivədə ötürülməsi ilə bağlı şərtlərə əməl edir. Bu Anlaşma Memorandumu çərçivəsində mübadilə edilən məlumat və sənədlər həmin məlumatı və sənədləri təqdim edən Tərəfin əvvəlcədən yazılı razılığı olmadan üçüncü tərəflərə ötürülməməlidir.

 

 

Maddə 8
Mübahisələrin həlli

 

 

Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı meydana çıxa bilən hər hansı mübahisə Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yo­lu ilə həll olunur.

 

Maddə 9

Əlavələr və dəyişikliklər

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna istənilən əlavələr və dəyişikliklər edilə bilər. Bu cür əlavə və dəyişiklik bu Anlaşma Me­morandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəs­miləşdirilir və bu Anlaşma Memorandumunun 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.

 

Maddə 10

Qüvvəyəminmə, qüvvədəqalma müddəti və qüvvədəndüşmə

 

Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsinin təsdiq edilməsi barədə Azərbaycan Tərəfinin yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüv­vəyə minir.

Bu Anlaşma Memorandumu 2 (iki) il müddətinə qüvvədə qalır və Tərəflər­dən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə digər Tərəfə ən azı 6 (altı) ay əvvəldən diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndər­mədiyi təqdirdə, avtomatik olaraq növbəti 2 (iki) illik müddətlərə uzadılır.

Bu Anlaşma Memorandumunun qüvvədən düşməsi onun qüvvədə olduğu müddətdə razılaşdırılmış, başlanılmış və başa çatmamış layihələrə onların tamamlanmasınadək təsir etmir.

Bakı şəhərində 2014-cü il 6 noyabr tarixində, hər biri Azərbaycan və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri zamanı fikir ayrılığı yarandığı təq­dirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.