1Təbii fəlakətlər insanların yaratdığı ən qüdrətli silahlardan daha çox dağıdıcı gücə malikdir. Müqayisə üçün bildirmək istəyirik ki, bir tropik sunami siklonu Xirosimaya atılan atom bombasından 15 dəfə güclü ola bilər. Belə bir siklon 12 saat müddətində davam edərsə, küləyin sürəti saatda 300 km-dən artıq olar, bina və ağaclar dağılar. Dəniz fırtınaları nəzəri cəhətdən beş min atom bombasına ekvivalent gücə malik ola bilər. Dalğanın hündürlüyü onlarla metrlə ölçülər və bir kilometr quruya doğru içəri girə bilər. Bu zaman sürət saatda 800 km-ə çata bilər və hansı fəlakət törədəcəyi ağlasığmaz olar. Vulkan püskürmələri də beş min atom bombasına ekvivalent tutula bilər. Bu da 100 milyon ton trinitron enerjisinə ekvivalentdir. Vulkanlar 17-ci əsrdən bu günədək 300 mininsanın ölümünə səbəb olmuşdur. Maddi zərərin hesabı isə daha çoxdur. Qitələri bir-birindən |
||||||||||||||||||
|
ayıran çayların içərisinə bir meqaton gücündə nüvə bombası yerləşdirilərək partladılarsa, bu, Rixter şkalası ilə 6,5 bal gücündə süni zəlzələ meydana gətirə bilər, yəni 50 milyon ton trinitron 10 bal gücündə zəlzələyə bərabər tutulur. Zəlzələlər və maqmatik vulkanlar kimi, palçıq vulkanlarının da fəsadları böyük olur. Bozdağ - Qobu vulkanının son püskürməsi zamanı 1 çoban öz qoyunları ilə birlikdə həlak olmuşdur. Yer kürəsində palçıq vulkanları 26 ölkədə (Kolumbiya, Trinidad adası, Rumıniya, Ukrayna, Rusiya, İran, Pakistan, Birma, Malayziya və digərlərində) intişar tapmışdır. Azərbaycanın ərazisi palçıq vulkanlarının geniş intişar tapdığı unikal regiondur. Planetimizdə mövcud olan 850 - yə yaxın palçıq vulkanlarının 300- dən çoxu başlıca olaraq Şərqi Azərbaycan ərazisində - Abşeron yarımadasında, Şamaxı - Qobustan regionunda, aşağı Kür çökəkliyində və Bakı arxipelağında yerləşir. Odurki, Azərbaycan haqlı olaraq palçıq vulkanları diyarı adlandırılır. Həm say etibarilə, həm də bəzi xüsusiyyətlərinə (onların çoxçeşidli olması və əksəriyyətinin aktiv fəaliyyət göstərməsi) görə Azərbaycanın palçıq vulkanları digər ölkələrinkindən fərqlənir və forma müxtəlifliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif morfologiyalı (konusvari, günbəzvari, laylavari) vulkanlar mövcuddur. Yerüstü (kontinental), aktiv fəaliyyətdə olan, «sönmüş », 150-250 ildən artıq fəaliyyətdə olmayan gömülmüş (qazıntı), dəniz (sualtı, ada) və çox sayda neft çıxaran vulkanlar qeydə alınmışdır. Gömülmüş vulkanlar qazılan quyularla açılmış, aerokosmik şəkillərin deşifrə üsulu ilə aşkar edilmişdir. Morfoloji cəhətdən palçıq vulkanlarının nisbi hündürlüyü 10 m-dən 400 m-dək kəsik konus şəklində olub və xarici görünüşünə görə maqmatik vulkanları xatırladır. Vulkanın təpəsi krater bəndinə uyğun gəlir. Kraterin diametri 15-500 m, əsası isə 150 -3000 m və daha artıq olur. Təbiətin nadir və maraqlı hadisələrindən biri olan palçıq vulkanları xərcsiz başa gələn təbii dərin kəşfiyyat quyusu vəzifəsini daşıyır və məhz buna görə də onların öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Neft quyuları kimi vulkanlar da geoloqlara yerin dərin qatlarının quruluşu barədə məlumat verir. Quruda 190 palçıq vulkanı və vulkan təzahürləri vardır. Ən böyükləri Abşerondadır - Otmanbozdağ, Bozdağ-Güzdək, Qobustanda - Torağay, Böyük Kənizədağ (onların hündürlüyü 400 metrə çatır), Mədrəsə, Qırlıq, Axtarma- Paşalı, Şorbulaq, Ayrantökən və s. Cənubi Xəzərdə 200-dən artıq sualtı palçıq vulkanı vardır. Onların 120-si Xəzərin Azərbaycan sektorundadır. Bakı arxipelağında vulkan mənşəli 8 ada (Xərə-Zirə, Zənbil, Qarasu, Səngi-Muğan, Gil və s.) vardır. Şəkillərdə (şəkil 1-6) məşhur vulkanlardan bir neçəsinin görünüşü verilmişdir. Palçıq vulkanizmi ilə seysmikliyin, zəlzələlərin arasında sıx əlaqə vardır. Güclü zəlzələlər də (5-6 bal və artıq) palçıq vulkanlarının fəaliyyətinin aktivləşməsinə, püskürməsinə səbəb olur. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, zəlzələnin hazırlığı dövründə (gərginliyin artdığı zaman) vulkanların fəallığı müşahidə olunur, onların yer səthinə çıxardığı qazların, suların tərkibində bəzi komponentlərin faizi kəskin artır. Qazların tərkibində helium, karbon qazı, suların tərkibində bor, bəzi hallarda xloridlər və sulfatlar artır. Bu sadalanan faktlar, bəzi yerli ocaqlarda baş verən zəlzələlərin proqnoz meyarları kimi istifadə olunmalıdır. Təbiətdə baş verən maraqlı hadisələrdən biri də vulkanların gözlənilmədən püskürməsidir. Palçıq vulkanlarının püskürmələri maqmatik vulkanlardan fərqli olaraq qəfildən başlayır və qısa müddətli olur. Vulkan püskürdükdə güclü partlayış baş verir, krater üzərində 250-500 metrlik alov sütunu əmələ gəlir. Palçıqla birlikdə süxur qırıntıları 40-90 m hündürlüyə atılır və bu kütlə ətrafa yayılır. Bundan başqa, güclü püskürmədə vulkanın krater sahəsindən başlayaraq müxtəlif istiqamətdə iri çatlar əmələ gəlir. Onların uzunluğu bəzən 1 km və daha artıq olur, eni 5 metrə, dərinliyi isə 500 metrə çatır. Bəzi iri vulkanların yer səthinə çıxardığı brekçiyanın sahəsi 32 km2 (Daşmərdan), həcmi isə 16 milyard m3-ə (Axtarma-Paşalı) çatır. Vulkan puskürdüyü zaman yer səthinə çoxlu qaz çıxır, bəzən 30- 40 mln m3 təşkil edir (Lökbatan, 1977-ci il). Hər il Azərbaycanda orta hesabla 3-5 və daha çox vulkan püskürür. Son iki yüz il ərzində (1810-2006) 81 vulkanda 309 püskürmə qeydə alınmışdır. Çox fəal, tez-tez püskürən vulkanlar da vardır. Lökbatan (23 dəfə), Şıxzəyirli (20 dəfə), Keyrəki (15 dəfə), Quşçu (11 dəfə), Bahar (8 dəfə) və s. Hazırda mövcud olan palçıq vulkanlarının fəaliyyəti 30-35 milyon il bundan əvvəl başlamışdır. Hesablamalara görə vulkanlar yer səthinə 100-120 milyard m3 brekçiya çıxarmışlar. Güclü püskürmələr arası vulkanın krater sahəsində çoxlu fəaliyyət göstərən mikroformlar (salz, qrifon, tələlik) əmələ gəlir. Onlar yer üzünə vaxtaşırı qaz, su, lilli palçıq, hərdən isə neft çıxarır. Təkcə Daşgil vulkanının gündəlik qaz debiti 30-40 min m3-ə yaxındır. Cənubi Qobustanın palçıq vulkanları ildə 250 milyon m3 qaz xaric edir. Vulkanların yer səthinə çıxardığı qazların və suların kimyəvi tərkibi yataqların qaz və sularının tərkibi ilə eynidir. Palçıq vulkanlarının başqa bir püskürmə forması da mövcuddur. Bu püskürmə palçıq tullantısı olmadan baş verir. Bu halda brekçiya vulkanın boğazından tədricən basılaraq çıxarılır. Bu hadisə olduqca nadirdir. Azərbaycanda təkcə Qobustanda yerləşən iki vulkan - Çeyildağ və Qoturdağ belə püskürmə ilə fəaliyyətdədir.Çeyildağ vulkanının püskürməsi 4 iyun 1970-ci ildə başlamış və bir ay davam etmişdir. Burada yarı-quru vulkan brekçiyası, ölçüləri 50x60 metr, hündürlüyü 40 m-ə yaxın gümbəz əmələ gətirmişdir. İlk günlər bu kütlənin hərəkət sürəti sutkada bir metrdən artıq olmuşdur. Maraqlıdır ki, püskürmə zamanı (təxminən 3 ay ərzində) çatlardan çıxan karbohidrogen qazların yanması müşahidə edilmişdir. Qoturdağ vulkanında da arasıkəsilmədən püskürmə (palçığın sıxılıb çıxarılması) 100 ilə yaxın davam etmişdir. Onun kraterində gümbəz şəkildə olan yarı-quru palçıq kütləsi müəyyən hündürlüyə qalxdıqdan sonra öz ağırlığı nəticəsində iri parçalara bölünərək vulkan yamacı boyu tədricən aşağı düşür. Krater çatlağından uzunluğu 50 m, eni 15 m olan brekçiya «tyubikdən» çıxan pasta kimi aşağı axır. Hesablamalara görə 1926- 1927-ci illərdə bu axının sürəti bir il ərzində 42 metr olmuşdur. Buna oxşar proses Qərbi Kubanda yerləşən Çikinsk vulkanında indi də davam edir. 2001-ci ildə püskürmələrin sayı rekord səviyyəyə çatmışdır. Belə ki, bir ildə 16 vulkan püskürməsi qeydə alınmışdır. Onların ikisi dənizdə (Buzovna sopkası, Çiqil-dəniz), dördü Abşeronda (Lökbatan, Keyrəki, Bozdağ-Hökməlı, Çapılmış), 10-u isə Qobustanda (Durandağ, Ayazaxtarma, Şıxzəyirli, Solaxay, Şəkixan və s.) qeydə alınmışdır. Sonrakı illərdə də güclü püskürmələr qeyd olunmuşdur: 2002-ci ildə - 2 (Keyrəki, Səngi-Muğan adası), 2003-cü ildə - 2 (Bozdağ-Güzdək, Qaracalar), 2004-cü ildə - 7 (Şıxzəyirli, Durandağ, Ayrantökən, Süleymanaxtarma, Çeildağ, Qotur, Otmanbozdağ), 2005-ci ildə - yenə Qotur, 2006-cı ildə - Xərəzirə adası (Bakı arxipelaqı). Bəzi püskürmələr bu illər ərzində gözlənilmədən iki dəfə olmuşdur. Məsələn, Keyrəki (2001, 2002-ci illər), Şıxzəyirli (2002, 2004-cü illər), Durandağ (2001, 2004-cü illər), Qotur (2004, 2005-ci illər). Qaradağ rayonunda, sement zavodunun yanındakı Axtarma-Qaradağ vulkanı, Lökbatan vulkanı, Şamaxı şosse yolunun 41-ci km-də Pirikəşkül palçıq vulkanları dağıdılır. Puta stansiyasının yanında, dəniz kənarında yerləşən Lökbatan, Qaradağ qırışıqlığının şərqində yerləşən Axtarma-Qaradağ vulkanlarının brekçiyaları gillərlə bərabər, həm də dolomitləşmiş əhəngdaşları ilə zəngindir və bu səbəbdən sement qatqısı, kərpic, keramzit xammalı kimi nizamsız və amansız dağıdılır, daşınır. Araşdırmalar zamanı məlum oldu ki, Qobustanda palçıq vulkanlarının əksəriyyəti yaşayış məntəqələrindən uzaqda yerləşir, lakin bir çox vulkanların yaxınlığında, Abşeron yarımadasında və Şamaxı rayonunda kəndlər, şəhər tipli qəsəbələr, kənd təsərrüfatı obyektləri mövcuddur. İnsanların məsuliyyətsizliyi nəticəsində vulkanlar zibilliyə çevrilir (Şamaxı rayonu ərazisində yerləşən Mədrəsə, Çarxan, Məlikçobanlı, Qırlıq vulkanları, Abşeronda Keyrəki vulkanı və s.). Bu təkcə natəmizlik deyil, ekoloji baxımdan da təhlükə mənbəyidir. Bozdağ - Qobu vulkanı Qobu kəndindən 3 km şimal, şimal-şərqdə, Bakı şəhərindən 15 km şimal-qərbdə yerləşir. Qərbi Abşeronun ən böyük və fəal vulkanlarından biridir. İki hissədən ibarət olan bu vulkanın biri Qobu dağında, digəri isə ondan 800-1000 m şərqdə yerləşir. Vulkanın 100-dən çox qrifonu və salzı, 5 böyük sönmüş sopkaları vardır. Vulkan brekçiyalarının yayıldığı sahə 437 ha, sopka örtüyünün ümumi qalınlığı 80 m, vulkan tullantılarının ümumi həcmi 349,6 mln m3-dir. İlk püskürməsi 1827-ci ildə qeydə alınmışdır. 1885, 1894, 1902, 1952, 1964, 1966, 1968, 2002-ci illərdə püskürmələr baş vermişdir. Bu püskürmələrin bir qismi güclü Şamaxı zəlzələləri ilə bağlı olmuşdur (məsələn, 1902-ci il). Əsas təhlükə ondan ibarətdir ki, insanlar gələcəyi düşünmədən vulkana yaxın olan sahələrdə evlər tikir, yollar çəkirlər. Məsələn, Xırdalanda olan Ziyilpiri vulkanının üstündə yaşayış binaları salınmışdır. Binəqədi rayonunda yerləşən Abix vulkanı sahəsində böyük su hovuzu tikilmişdir və bu vulkanlarda tədqiqat aparmaq indi mümkün deyildir. Abşeron yarımadasındakı Keyrəki, Bozdağ - Qobu və Bozdağ-Hökməli vulkanlarının yanında son 3 il ərzində böyük yaşayış massivi yaranmışdır. Bozdağ - Qobu vulkanının kraterinin yanında tikilən binaların sayı artmışdır və 1999-cu ilin iyul ayında Abşeron yarımadasındakı vulkanın püskürməsi nəticəsində əmələ gələn çat evlərin bir neçə addımlığındadır ( şəkil 14). Şəkildən göründüyü kimi, artıq bilavasitə vulkanın brekçiya yayılmış yamacında torpaq sahələri paylanır. Bozdağ-Qobu və BozdağHökməli vulkanlarının yuxarıda qeyd etdiyimiz sönmüş sopkalarının hamısı (vulkanın şimal - şərqində 250, şimal-qərbində 150) torpaq sahəsi kimi əhaliyə paylanılmışdır. Yamaclar qazılaraq evlər tikilmiş və böyük bir yaşayış massivi salınmışdır. Təbii xarakterli fəlakət zonası eyni zamanda antropogen xarakterli fəlakət zonasına çevrilməkdədir. Şəkillərdən göründüyü kimi, vulkanların yuxarıda qeyd edilən sönmüş sopkalarının hamısının yerləşdiyi ərazilərdə salınan yaşayış massivlərində tikilmiş 1-3 mərtəbəli yaşayış evləri zaman keçdikcə çökməyə, sürüşməyə məruz qalacaqdır. Artıq «Atyalı» adlanan sahədə tikilmiş evlərin bir qismində çatlar əmələ gəlmiş, hətta bəziləri uçmuşdur.Binəqədi rayonu ərazisində, Bakı şəhərindən 12 km şimalda, Binəqədi qəsəbəsindən cənub-qərbdə yerləşən Keyrəki vulkanı Abşeron yarımadasında olan vulkanlardan biridir. Morfologiyasına görə vulkan gümbəz şəkillidir, mütləq hündürlüyü 146 m-dir, krateri nisbətən kiçikdir. İlk püskürməsi 1824-cü ildə qeydə alınmışdır. Vulkan 15 dəfə püskürmüşdür. Onlardan 4 dəfə (1824, 1830, 1865, 1885-ci illər) XIX əsrdə, 8 dəfə (1902, 1915, 1952, 1957, 1964, 1966, 1968, 1989 və 1991- ci illər) XX əsrdə olmuşdur. Bütün püskürmələr yeraltı gurultularla, partlayışlarla, brekçiyanın 15-40 m hündürlüyə atılması ilə müşahidə olunmuşlar. 1952-ci ildə baş vermiş püskürmə daha intensiv olmuş, bir neçə saat ərzində yer səthinə 30 ha sahəni örtən 375 min m3 həcmdə brekçiya çıxmışdır. 26 iyun 2001-ci ildə saat 20:42 dəqiqədə növbəti güclü püskürmə zamanı 2,5 saat ərzində 15 ha sahəni örtən, qalınlığı 2,0 m (orta qalınlıq 1,2 m) olan 180 min m3 brekçiya çıxışı qeydə alınmışdır. Brekçiyanın axım uzunluğu 200-250 m olmuşdur. Sonuncu püskürmə 28 aprel 2002-ci ildə nisbətən zəif olmuş, vulkanın qərb və şərq yamaclarında vulkan brekçiyası axını qeydə alınmışdır. Bu fəal vulkanın cənub - şərqində və cənub- qərbində, Binəqədi rayonu ərazisində böyük bir yaşayış massivi salınmışdır. Bu yaşayış massivi vulkanın fəlakət doğura biləcək yaxınlığında yerləşir. Boş torpaq sahələri qalmadığı üçün vulkanın yamacları əhaliyə torpaq sahələri kimi paylanır və intensiv tikinti işləri bu gün də davam etdirilir. Yuxarıda qeyd etdiyimiz kimi, intensiv bir püskürmə baş verərsə və bu zaman brekçiyanın həcmi 500 m3 təşkil edərsə, brekçiya ilə örtülən sahə 50 ha-a yaxın, bu yaşayış massivində yerləşən yüzlərlə evlər, minlərlə insan həyatı üçün isə çox fəlakətli nəticələrə səbəb olacaqdır. Vulkan sahələrində torpaq ayrılması və tikinti işləri təcili dayandırılmalı, mütəxəssislərin rəyi öyrənilməli, təhlükəli məsafədə yerləşən tikintilər barədə müvafiq tədbirlər görülməlidir. Digər tərəfdən, yeni yaşayış massivinin bir küçəsi həm də magistral qaz kəmərinin hər iki tərəfində təhlükəsizlik məsafəsi gözlənilmədən salınmış və əhali ikiqat təhlükə ilə üzbəüz qalmışdır. Belə ki, sönmüş hesab olunan vulkanlarda da gözlənilməz hadisələr baş verə bilər. 2000-ci ilin oktyabr ayında Ceyranbatan su ambarının sahilində yerləşən Keçəldağ vulkanı qəfildən püskürdükdə, vulkanın yamacında olan tikintilər brekçiya altında qalmışlar (şəkil 24). Palçıq vulkanlarının çirklənməsi, zibillənməsi, onların sistemsiz, amansızcasına dağıdılması, vulkan yaxınlığında tikinti işlərinin aparılması dayandırılmalıdır. Vulkan püskürməsinin törədə biləcəyi təhlükə nəzərə alınmalıdır.Əhalinin təhlükəsizliyi gözlənilməlidir. Bəzi bələdiyyələrdə və icra hakimiyyətlərində çalışan şəxslərin diqqətsizliyindən Keyrəki ətrafında salınmış yaşayış massivində «Ağdam məhləsi», «Vulkan market», «Vulkan» restoranı tikilmişdir. Ağdam fəlakətindən canlarını qurtarmış insanlar ikinci bir fəlakətlə - təbii fəlakətlə üz-üzə qalmışlar... Palçıq vulkanları təkcə fəlakət mənbəyi deyil, həm də insanların mənafeyi üçün istifadə edilə bilən qiymətli təbii sərvətdir. Palçıq vulkanları təkcə neft-qaz yataqlarının axtarışı üçün öyrənilmir və geoloqlara qulluq etmir. Vulkan palçığının qiymətli müalicəvi əhəmiyyəti vardır. Vulkan brekçiyası özü faydalı qazıntı hesab olunur. Vulkan gili yaxşı keramzit xammaldır, tikintidə geniş istifadə olunur, gillərdən kərpic hazırlanır. Vulkan suları bor, brom, yodla, brekçiyası isə bir sıra lazımlı mikroelementlərlə, məsələn, bor, manqan, litium və digər metallarla zəngindir, onların istehsalı üçün xammal kimi işlənə bilər. Vulkan palçığının böyük müalicəvi əhəmiyyəti vardır, periferik və mərkəzi əsəb sistemi, mədə - bağırsaq, oynaq, dəri xəstəlikləri, radikulit, ginekoloji, uroloji xəstəliklərin müalicəsində və kosmetologiya sahəsində vulkan palçığından geniş istifadə olunur. |