Fövqəladə hallarla bağlı davranış qaydaları

Taxıl zəmilərində yanğın təhlükəsizliyi

Geri

Taxıl zəmilərində aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir:

- taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır!

- yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir;

- taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməli, eni 4 metrdən az olmamaqla şumlama yolu ilə mineral (təhlükəsizlik) zolaq yaradılmalıdır;

- biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir;

- işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır!

- tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;

- yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, motopompa, su, torpaq, qalın parça materialı və s.) yanğını söndürməyə çalışılmalı və “112” qaynar xəttinə məlumat verilməlidir.

Unutmayın: qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!