Qar uçqunu - dağların dik yamacları boyu aşağıya doğru sürətlə sürüşən qar kütləsidir.
Qar uçqunu qorxusu olan yerlərdə əsas davranış qaydaları:
qarlı və pis hava şəraitində dağlara çıxmayın;
dağda olarkən havanın dəyişməsinə diqqət yetirin, uçqun ehtimalı olan sahələrdən, dik yamaclardan kənar gəzin.
Qar uçqunu başlayıbsa:
qar uçqunu xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənin;
uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.
Uçqun sizi yaxalayıbsa:
nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün;
qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın;
axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın;
uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar);
qar altından müstəqil çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır.