Terror hadisəsinin qurbanı olmamaq üçün:
- xüsusilə insanların kütləvi toplaşdığı yerlərdə ayıq-sayıq olun, ətrafınızda cərəyan edən hadisələrə diqqətlə yanaşın;
- hər hansı sahibsiz əşya, şübhəli davranan insan gördükdə “102” və ya “112” qaynar xəttinə məlumat verin;
- nədənsə şübhələnirsinizsə, ərazini tərk edin;
- zahirən təhlükəli təsir bağışlayan poçt bağlamalarını qəbul etməyin;
- terror hadisəsinin planlaşdırılması haqqında telefonla xəbərdar edildikdə:
- mümkündürsə, zəng olunan nömrəni qeyd edin;
- zəng edəndən bacardıqca çox informasiya almağa çalışın;
- sizə deyilənləri dəqiqliklə yadda saxlayın;
- “102” və ya “112” qaynar xəttinə məlumat verin.
Partlayıcı qurğu təhlükəsi:
- partlayıcı qurğunun əlamətləri: dartılmış məftil, izolyasiya lenti, məxsusi səsin eşidilməsi, kiçik antena, maşının altından uzanan məftil, nəzarətsiz qalmış çanta, qutu, bağlama və s.;
- şübhəli əşya ilə rastlaşdıqda ondan uzaq durun, dərhal “102” və ya “112” qaynar xəttinə məlumat verin və ətrafdakı insanları xəbərdar edin;
- şübhəli əşya yaxınlığında radioqurğu və mobil telefondan istifadə etməyin;
- Yadda saxlayın: partlayıcı qurğunu zərərsizləşdirmək yalnız mütəxəssislərin işidir. Heç bir halda belə bir qurğuya toxunmayın və onu hər hansı formada zərərsizləşdirməyə çalışmayın.
Real partlayış təhlükəsi zamanı nə etməli:
- mümkün olduğu qədər partlayıcı qurğudan uzaqlaşın, yerə uzanın və başınızı əllərinizlə qoruyun. Bu zaman ayaqlarınız partlayıcı qurğu tərəfə uzanmalıdır;
- qəlpələrdən qorunmaq üçün hər hansı daş və ya beton maneənin arxasında gizlənin. Bunun üçün heç bir halda plastmas, şüşə və taxtadan olan maneələri, reklam şitlərini seçməyin;
- partlayış dalğasının keçdiyini hiss etdikdən dərhal sonra ayağa qalxmayın.
Terror hadisəsinə məruz qaldıqda:
- mümkün qədər hadisə yerindən uzaqlaşmağa çalışın, “102” və ya “112” qaynar xəttinə məlumat verin;
- əlaqədar qurumların təlimatlarına əməl edin;
- təcili təxliyyəyə hazır olun;
- sürətlə hərəkət edən izdihamın içində yıxılmamağa çalışın, insan axınının sizi aparmasına imkan verin;
- yaralanmısınızsa, əl altında olan parça materialı ilə (dəsmal, şərf, paltar və s.) yaranızı sarımağa və qanaxmanı dayandırmağa çalışın;
- dağıntılar altında qalmısınızsa, səs və tıqqıltı ilə diqqəti cəlb etməyə çalışın və uçqun əmələ gətirməmək üçün ehtiyatla hərəkət edin;
- ətrafda qəribə qoxu hiss edirsinizsə, yaxud boğulursunuzsa, ağız və burnunuzu çoxqatlı nəm parça materialı ilə (dəsmal, şərf, paltar və s.) tutaraq nəfəs alın;
- uşaqlara, ahıllara və köməyə ehtiyacı olan digər insanlara yardım edin.
Əgər sizi girov götürüblərsə:
- özünüzü ələ alın, təşvişə düşməyin və sakitliyinizi qoruyun. Əmin olun, əlaqədar qurumların əməkdaşları sizi xilas etməyə çalışırlar;
- sizi girov götürənlə münaqişəyə girməyin, xüsusilə ilk saatlarda onların bütün göstərişlərinə əməl edin;
- davranışınızla diqqət cəlb etməyin, fəal müqavimət göstərməyin;
- qaçmaqla qurtula biləcəyinizə əmin deyilsinizsə, buna cəhd etməyin;
- yaralanmısınızsa, az hərəkət edin;
- yeməkdən imtina etməyin. Bu, sizə gücünüzü və sağlamlığınızı qorumağa kömək edər;
- qapı və pəncərədən, eləcə də terrorçudan uzaq durun. Xilasetmə tədbirləri zamanı bu, sizin təhlükəsizliyiniz üçün vacibdir. Əgər atışma baş verərsə, üzü üstə yerə uzanın və başınızı iki əlinizlə qoruyun;
- xilas olunduqdan sonra düşünülməmiş bəyanatlar verməyin.