AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ



Geri

“Bakı Metropoliteni”ndə “İlk tibbi və psixoloji yardım ” mövzusunda məşğələ keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi “Bakı Metropoliteni” Qapalı  Səhmdar Cəmiyyəti ilə birgə 26 fevral 2018-ci il tairixində “İlk tibbi və psixoloji yardım” mövzusunda məşğələlər keçirmişdir. “Bakı Metropoliteni”nin müraciəti əsasında keçirilmiş məşğələlərdə qurumun aidiyyəti əməkdaşları iştirak etmişlər.

Məşğələlərin keçirilməsinə FHN Tibb Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və  Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunmuşlar. Tədbirin keçirilməsində məqsəd metropoliten əməkdaşlarının maarifləndirilməsi, onların  tibbi və psixoloji hazırlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.

Metropolitenin Təlim-tədris Mərkəzində təşkil edilmiş məşğələlərə bu qurumun 28 nəfər əməkdaşı cəlb olunmuşdur. Məşğələlər nəzəri və praktiki olmaqla iki mərhələdə keçirilmişdir. Nəzəri hissədə şəxsi heyətə  metropolitenin stansiyalarında insanların xəsarəti ilə nəticələnə biləcək bədbəxt hadisələr, qəzalar, qəfil xəstələnmələr , ağır yaralanmalar, termiki, elektrik və kimyəvi yanıqlar, qanaxmalar, ətrafların uzun müddət sıxılması, zərərli qazlardan zəhərlənmələr, günvurma və istivurma zamanı göstərilən ilk yardımın məzmunu, həcmi və mahiyyəti barədə  müvafiq biliklər verilmişdir. Təcrübi hissədə  isə ekstremal hallar zamanı hadisə yerində zərərçəkənlərə  vaxtında və düzgün qaydada ilkin tibbi və psixoloji yardım göstərmək üçün gərəkli  praktik  vərdişlər nümayiş etdirilmişdir. Fövqəladə hallar zamanı əhalinin , eləcə də ayrı-ayrı insanların psixi sarsıntıya məruz qaldığını və mənəvi dəstəyə böyük ehtiyacı olduğunu nəzərə alaraq,  “Fövqəladə hallar zamanı kütlənin psixoloji davranış xüsusiyyətləri”, “İntihar” mövzularına da geniş  diqqət ayrılmışdır. Mövzular ətrafında müzakirələr  təşkil olunmuş və dinləyicilərin sualları ətraflı cavablandırılmışdır. Tədbirdə mövzulara dair materiallar və 130 ədəd “Təxirəsalınmaz ilk tibbi yardım” yaddaş kitabçası Metropolitenin əməkdaşlarına təqdim olunmuşdur.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində müxtəlif qəzalar zamanı zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsinə  dair dərslər hər il tədris olunur. Builki təlim ilk dəfə olaraq Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə təşkil olunmuşdu. Tədbirdə FHN-lə birgə təşkil edilmiş məşğələlərin səmərəli olduğu və metropoliten əməkdaşlarının biliklərinin artırılmasında və bacarıqlarının təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığı diqqətə çatdırılmışdır. Məşğələlərdə iştirak edən metropoliten əməkdaşları bildirmişlər ki, bu təlimlərdə əldə etdikləri nəzəri və təcrübi biliklərin gələcəkdə sözügedən sahədə biliklərin həmkarlarına aşılanması zamanı baza rolu oynayacaq. Qarşılıqlı əməkdaşlığın əhəmiyyətli olduğu qeyd edilmiş və yüksək qiymətləndirilmişdir.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Gəncə şəhərində vətəndaşların qəbulunun tarixi dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  21 dekabr 2018-ci il tarixində Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək 25 yanvar 2019-cu il tarixinə təyin edilmişdir....

Ardını oxu

Nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin milli günü münasibətilə dekabrın 17-də Qətər Dövlətinin ölkəmizdəki səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda iştirak etmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə 15 dekabr 2018-ci il tarixində Kollegiya iclası keçirilmişdir. ...

Ardını oxu