ENG     20 Yanvar 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
19 Yanvar 2017-ci il
N 02 (517)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika
Rəsmi xronika
19 Yanvar 2017 Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 16-da İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Dövlətimizin başçısının yanvarın 16-da Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Suma Çakrabarti yenidən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti seçilməsində göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi və qarşıdakı dövrdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında səmərəli fəaliyyətin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında çox yaxşı əlaqələrin olduğunu bildirərək bu əməkdaşlığı yüksək qiymətləndirdi və müxtəlif layihələrin həyata keçirilməsi üzrə səmərəli əlaqələrin qurulduğunu dedi.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara toxunan dövlətimizin başçısı ölkəmizdə özəl sektorun inkişafına daim diqqət göstərildiyini vurğuladı.

Söhbət zamanı son vaxtlar Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu, bu layihələrin əməkdaşlığa yeni imkanlar açdığı qeyd edildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Davosda McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşüb.

Dominik Barton Bakıya səfərini məmnunluqla xatırladı, Azərbaycanda gördüyü inkişaf proseslərini, iqtisadi sahədə aparılan islahatları yüksək qiymətləndirdi.

Söhbət zamanı McKinsey şirkətinin bu yaxınlarda Bakıda ofisinin fəaliyyətə başladığı və artıq bu şirkətin 20-yə yaxın layihədə, o cümlədən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin hazırlanmasında iştirak etdiyi vurğulandı.

Görüşdə Azərbaycan ilə McKinsey şirkəti arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Yanvarın 16-da Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak edib.

Dövlətimizin başçısı İlham Əliyev tədbir çərçivəsində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb.

Xatırladaq ki, ötən il Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim etmişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda "Procter and Gamble Europe" şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.

Görüşdə son vaxtlar Azərbaycanda gedən inkişaf proseslərinin ölkəmizə sərmayə cəlb olunmasına və turist axınına geniş imkanlar yaratdığı bildirildi. "Procter and Gamble Europe" şirkətinin Azərbaycan ilə yaxşı əlaqələri olduğu vurğulandı və bu şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsi baxımından bir sıra layihələrinin nəzərdə tutulduğu qeyd edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Norveçin bir sıra şirkətləri, xüsusilə Statoil şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda "Suez Group" şirkətinin baş icraçı direktoru Jan Lui Şasod ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi. Fransa şirkətlərinin Azərbaycanda böyük layihələr həyata keçirdiyi, "Suez Group" şirkətinin də bu layihələrdə yaxından iştirak etdiyi və bir çox layihələrin uğurla icra olunduğu vurğulandı.

Söhbət zamanı "Suez Group" şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Yanvarın 17-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Löythardın görüşü olub.

İsveçrə Prezidenti Doris Löythard Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbriklərini çatdırdı, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini bildirdi. Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın yeni sahələri əhatə etdiyini deyən xanım Doris Löythard maliyyə sektorunda artıq uğurlu əlaqələrin qurulduğunu vurğuladı, ölkələrimizin enerji sahəsində də səmərəli əməkdaşlıq etdiyini bildirdi.

Xanım Doris Löythardın ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Azərbaycan ilə İsveçrə arasında uğurlu tərəfdaşlıq əlaqələrinin olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlardan, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin təsirlərinin aradan qaldırılması və iqtisadiyyatın inkişaf etdirilməsi, həmçinin iqtisadiyyatın və ixracatın şaxələndirilməsi ilə bağlı ölkəmizdə görülən işlərdən danışdı. Prezident İlham Əliyev ölkəmizin böyük tranzit imkanlarının olduğunu, Azərbaycanın mühüm nəqliyyat tranzit mərkəzinə çevrildiyini bildirdi.

Görüşdə ölkələrimiz arasında dəmir yolu sahəsində yaxşı əməkdaşlığın olduğu vurğulandı, TAP və TANAP layihələri, investisiya, maliyyə-kredit, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin Azərbaycana son səfəri məmnunluqla xatırlandı. BP ilə SOCAR arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, BP-nin Azərbaycanda ən böyük investor olduğu qeyd edildi, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda gedən işlər müzakirə olundu. Söhbət zamanı "Cənub Qaz Dəhlizi", TAP, TANAP layihələrinin uğurlu icrası və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ilə görüşüb.

Lüksemburqun Baş naziri, dövlət naziri Ksavyer Bettel ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən maliyyə və investisiya sahələrində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirdi. Lüksemburq ilə Azərbaycan arasında hava nəqliyyatı ilə yük daşımaları sahəsində uğurlu əməkdaşlığın olduğunu deyən Ksavyer Bettel ölkəsində İKT, kosmik sənaye, bank və maliyyə sahələrinin inkişaf etdiyini, bu sahələrdə Azərbaycanla əməkdaşlığa hazır olduqlarını dedi.

Prezident İlham Əliyev Azərbaycanın müxtəlif sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda da İKT-nin inkişafına xüsusi diqqət ayrıldığını, hökumətin bu sahəyə böyük investisiyalar yatırdığını bildirdi. Azərbaycanda kosmik sənayenin də inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin bu sahələrdə Lüksemburqla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı.

Söhbət zamanı qarşılıqlı investisiya, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Birləşmiş Ərəb Əmirliklərinin "VPS Healthcare" şirkətinin direktoru Şamşir Vayalil ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli əməkdaşlığın olduğu qeyd edildi. Azərbaycan ilə "VPS Healthcare" şirkəti arasında səhiyyə sahəsində əlaqələrin yaxşı perspektivlərinin olduğu vurğulandı, bu sahədə əməkdaşlıqla bağlı məsələlər ətrafında müzakirələr aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda "LafargeHolcim" şirkətlər qrupunun rəhbəri Erik Olsen ilə görüşüb.

Görüşdə "LafargeHolcim" şirkətlər qrupunun rəhbəri Erik Olsen ətraf mühitin qorunması, məişət tullantılarının yandırılması sahəsində bu şirkətlər qrupunun gördüyü işlər və imkanları barədə dövlətimizin başçısına məlumat verdi. Erik Olsen Azərbaycanı əməkdaşlıq baxımından cəlbedici ölkə kimi dəyərləndirərək respublikamızla əlaqələr qurmağa hazır olduqlarını vurğuladı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində yanvarın 18-də Davosda CISCO şirkətinin icraçı sədri Con Çambers ilə görüşüb.

CISCO şirkətinin icraçı sədri Con Çambers ölkəmizin xarici şirkətlər üçün etibarlı tərəfdaşa çevrildiyini deyərək Azərbaycan ilə əməkdaşlıq etməyin son dərəcə əlverişli və faydalı olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanın inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd etdi, əməkdaşlığımızın da bu mərhələyə uyğunlaşdırılmalı olduğunu vurğuladı.

Söhbət zamanı ictimai xidmətlər, sənaye, kənd təsərrüfatı, turizm, ixracın şaxələndirilməsi sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda "Palantir Technologies" şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp ilə görüşü olub.

Görüşdə "Palantir Technologies" şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdi.

Söhbət zamanı ölkəmizlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən nazir Xalid Al Falih gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyinə ümidvar olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu islahatların əhəmiyyətini qeyd etdi.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərini məmnunluqla xatırladı, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin olduğunu dedi.

Söhbət zamanı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana investisiyaların yatırılması, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlıq, "Saudi Aramco" şirkəti ilə SOCAR-ın həm regionda, həm də digər ölkələrdə birgə layihələr həyata keçirmələri və digər məsələlər müzakirə edildi.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub.

Prezident İlham Əliyev onu növbəti dəfə Dünya İqtisadi Forumuna dəvət etdiyinə görə Klaus Şavaba təşəkkürünü bildirdi. Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı bu əməkdaşlığın Davos Forumunun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun gəldiyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olması istiqamətində mühüm tədbirlərin görüldüyünü dedi. Ölkəmizin yerləşdiyi coğrafi məkanın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu amilin iri transmilli layihələrin, o cümlədən Şimal-Cənub, Sərq-Qərb nəqliyyat və digər layihələrin uğurla reallaşmasına rəvac verdiyini bildirdi. Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən inkişaf proseslərindən danışdı, Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu bildirdi və iqtisadiyyatın, həmçinin ixracatın şaxələndilməsi istiqamətində təsirli tədbirlərin görüldüyünü vurğuladı.

Davos Forumu çərçivəsində keçirdiyi görüşlərin bir sıra mühüm layihələrin reallaşmasına səbəb olduğunu deyən Prezident İlham Əliyev son illərdə Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Bakının birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etdiyini dedi, Roma Papası Fransiskin ölkəmizə səfərinin Azərbaycandakı yüksək tolerantlıq mühitinə verilən qiymətin nümunəsi kimi dəyərləndirdi.

Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Azərbaycanla Dünya İqtisadi Forumu arasındakı əməkdaşlığın səmərəli olduğunu, Azərbaycan Prezidentinin bu forumda iştirakının ikitərəfli əməkdaşlığa tövhə verdiyini vurğuladı. Klaus Şvab ölkəmizə səfəri zamanı güclü inkişafın şahidi olduğunu dedi, Bakının gözəlliyindən danışdı, Azərbaycandakı təhlükəsizliyin və sabitliyin ölkəmizin inkişafında mühüm amil olduğunu bildirdi. Son illərdə ölkəmizdə böyük işlərin görüldüyünü, Bakının mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Dünya İqtisadi Forumunun icraçı sədri Azərbycanda mövcud olan tolerantlıq mühitini yüksək qiymətləndirdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində mövcud əməkdaşlıqdan məmnunluq ifadə olundu. "Cənub Qaz Dəhlizi", TANAP və TAP layihələri, həmçinin İon Adriatik boru kəməri ilə bağlı mövcud planlar müzakirə edildi. Gələn ay Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti görüşünün keçiriləcəyi bildirildi. TAP, TANAP və "Şahdəniz" layihələrinin maliyyələşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda Rusiyanın "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Prezident İlham Əliyev Azərbaycan ilə "LUKOIL" şirkəti arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirdi ki, şirkətin Azərbaycandakı fəaliyyəti yaxşı tarixə malikdir. Dövlətimizin başçısı "LUKOIL" şirkətinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirakını yüksək qiymətləndirdi.

Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirdi, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.

Söhbət zamanı "Şahdəniz" layihəsi ilə bağlı həyata keçirilən tədbirlər, "LUKOIL" tərəfindən Xəzərin Rusiya sektorunda hasil olunan neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə nəqli, həmçinin dünyada neftin qiymətinin perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda "Statoil" şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

"Statoil" şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını məmnunluqla xatırlayaraq, bu mötəbər tədbirin uğurla keçirildiyini bildirdi. Eldar Saetre Azərbaycanın Avropa Oyunlarını keçirməklə bu yarışların standartlarını müəyyənləşdirdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə "Statoil" şirkəti arasındakı əməkdaşlığın böyük tarixi olduğunu dedi, əlaqələrimizin uğurlu və davamlı xarakter daşıdığını bildirdi. Şirkətin fəaliyyətinin ikitərəfli əməkdaşlığın inkişafına xidmət etdiyini vurğuladı.

 

Söhbət zamanı "Azəri-Çıraq-Günəşli", o cümlədən "Qarabağ", "Əşrəfi", "Dan ulduzu" və "Aypara" yataqları, həmçinin "Statoil" ilə SOCAR arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Ukrayna Prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olundu.

Ölkələrimizin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi, daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulandı.

İnvestisiya, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda İraq Kürdüstan Regional Hökumətinin başçısı Məsud Bərzani ilə görüşüb.

Prezident İlham Əliyev xalqlarımız arasında tarixi, mədəni əlaqələrin olduğunu qeyd edərək Məsud Bərzaninin atasının vaxtilə bir müddət Azərbaycanda yaşadığını xatırladı. Məsud Bərzani atasının xatirəsini yad etdiyi üçün dövlətimizin başçısına minnətdarlığını bildirərək atasının Bakı ilə bağlı xatirələrini hər zaman məmnunluqla yad etdiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə İraq Kürdüstan Regional Hökuməti arasında energetika, ticarət, idxal-ixrac və digər istiqamətlərdə əməkdaşlıq imkanlarının araşdırılmasının mümkünlüyü qeyd edildi. Məsud Bərzani İraq Kürdüstan Regional Hökumətinin Azərbaycan şirkətləri ilə müxtəlif layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi, əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda "Microsoft" şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti xanım Toni Tauns-Vitley ilə görüşüb.

Görüşdə Azərbaycanda inkişafın yeni mərhələsində həyata keçirilən iqtisadi islahatlardan danışıldı, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinin prioritet sahələrdən biri olduğu bildirildi. Milli iqtisadiyyatın modernləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadənin əhəmiyyətli olduğu qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə "Microsoft" şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il