ENG     22 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
19 Oktyabr 2018-ci il
N 32 (590)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər
Xəbərlər
19 Oktyabr 2018 "Serbiya-2018" beynəlxalq təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunmuşlar
19 Oktyabr 2018 Fövqəladə Hallar Nazirliyinin qurumlarında 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir
19 Oktyabr 2018 Məşq zamanı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili məsələləri diqqət mərkəzində saxlanılmışdır
19 Oktyabr 2018 FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsi beynəlxalq təlimdə uğurla iştirak etmişdir
19 Oktyabr 2018 Fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin təşkili məsələləri müzakirə edilmişdir
19 Oktyabr 2018 Maarifləndirmə tədbirləri davam etdirilir
19 Oktyabr 2018 Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış binalarında yanğına qarşı təbliğat işləri aparır
19 Oktyabr 2018 Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydaları haqqında ətraflı məlumat verilmişdir

"Serbiya-2018" beynəlxalq təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunmuşlar

Oktyabrın 17-də Fövqəladə Hallar Nazirliyində "Serbiya-2018" beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir.

Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır.

Xatırladaq ki, 7-11 oktyabr 2018-ci il tairixində Serbiya Respublikasında Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzi və Serbiya Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə fəlakətlərin nəticələrinin idarə olunması sahəsində "Serbiya-2018" təlimi keçirilmişdir. Təlimdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi uğurla iştirak etmişdir.

 

 



Fövqəladə Hallar Nazirliyinin qurumlarında 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir

Fövqəladə hallar Nazirliyinin Akademiyasında 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimi giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını bayram münasibətilətəbrik etmişdir. Akademiyanın rəisi 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasənın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul olunduğunu xatırladaraq bildirmişdir ki, bu mühüm tarixi sənədlə xalqımız nəhayət ki, həsrətində olduğu azadlığına, müstəqilliyinə yenidən qovuşdu. Dövlət müstəqilliyi tariximizə qısa nəzər salan P.Süleymanov qeyd etmişdir ki, əldə olunmuş suverenliyin qorunub saxlanması ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün olmuşdur. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider qısa bir zamanda müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən xilas etmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev də Dahi rəhbərdən bizə miras qalmış müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi, xalqımızın rifahı naminə yorulmadan fəaliyyət göstərir, misilsiz işlər həyata keçirir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov müstəqilliyimizin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində daha da güclənmiş, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilmişdir.

*****

18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının bütün hərbi hissələrində silsilə tədbirlər keçirilmişdir.

Mülki müdafiə qoşunlarının Şəxsi heyətlə iş üzrə şöbəsinin təşkilatçılığı ilə müxtəlif hərbi hissələrdə keçirilən tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Keçirilən tədbirlərdə çıxış edənlər ümummilli lder Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı ilə hədsiz dərəcədə bağlı olduğu Azərbaycanın müstəqilliyini təhlükədən qurtardığını şəxsi heyətə çatdırmışlar. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpacaq tərəqqi əldə etmişdir.

Müstəqillik günü münasibətilə şəxsi heyət qarşısında geniş konsert proqramı ilı çıxış edən tanınmış sənətçilər gözəl ifaları ilə əsgərlərdə xoş ovqat, şən əhval-ruhiyyə yaratmış, onlara vətənpərvərlik hissləri aşılamışlar.

***

Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə FHN-in Sumqayıt, Qarabağ, Şimal, Aran Regional mərkəzlərində də tədbirlər keçirilmişdir. 

 

 

 



Məşq zamanı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili məsələləri diqqət mərkəzində saxlanılmışdır

FHN Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayon Mərkəzi Xəstəxanasında "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilmişdir.

Məşqə xəstəxananın mülki müdafiəyə məsul şəxsləri, mülki müdafiə qərargahı və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti cəlb edilmişdir.

Məşqin keçirilməsində əsas məqsəd şərti olaraq baş vermiş zəlzələ, yanğın və partlayış hadisələrinin nəticələri aradan qaldırılarkən rəhbər və komandir-rəis heyətinin və tibb işçilərinin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərinin təkmilləşdirilməsindən ibarət olmuşdur.

Məşq üç mərhələdə keçirilmişdir. Birinci mərhələ xəbərdarlıq və toplanış siqnalı ilə başlamış, məşqə cəlb olunmuş rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanmış və xəstəxananın rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar çatdırılmışdır. Obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilmiş, xilasetmə işlərinə cəlb olunacaq qüvvə və vasitələrin hesabatı dəqiqləşdirilmişdir.

Məşqin ikinci mərhələsində fövqəladə hallar zamanı rəhbər heyətin mülki müdafiə qüvvələrini idarə etmək, düzgün qərarlar qəbul etmək, eyni zamanda mülki müdafiə qüvvələrinin fövqəladə hadisə baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işləri aparmaq bacarığı əyani nümayış etdirilmişdir.

Məşqin üçüncü mərhələsində fövqəladə hadisələr (zəlzələ, yanğın, partlayış) barədə kəşfiyyat məlumatlarına əsasən çevik olaraq əraziyə mülki müdafiə qüvvələri yeridilmiş, xəsarət alanlar təhlükəli ərazidən çıxarılmiş, ilk tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilmişdir.

Məşqin gedişi zamanı verilən məlumatlar xəritədə öz əksini tapmış və obyekt rəhbərinin müvafiq əmrləri hazırlanmışdır.

Məşqin yekunu ilə əlaqədar mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilərək təhlillər aparılmış, qarşıya çıxan nöqsan və çatışmazlıqlar müzakirə olunmuşdur. Sonda gələcək fəaliyyət zamanı onların aradan qaldırılması tövsiyə edilmişdir.

 

 



FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsi beynəlxalq təlimdə uğurla iştirak etmişdir

Xəbər verdiyimiz kimi, 8-11 oktyabr tarixlərində Serbiya Respublikasının Mladenovac və Aranjelovaç şəhərlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzinin fəlakət nəticələrinin idarəolunması sahəsində "Serbiya-2018" təlimi keçirilmişdir.

 Serbiya Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə keçirilən təlim NATO-nun Avro-Atlantik Fəlakətlərin İdarə olunması Mərkəzinin keçirdiyi 18-ci təlimdir.

38 ölkə və 14 Beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi təlimdə  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin idarəetmə, kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qruplarından təşkil olunmuş 17 nəfərdən ibarət Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi də iştirak etmişdir. Nazirliyin əməkdaşları kimyəvi kəşfiyyat və axtarış-xilasetmə əməliyyatları ilə yanaşı, təlimin idarə heyətində, koordinasiya mərkəzində və qiymətləndirici qrupda fəaliyyət göstərmişdir.

Serbiya Respublikasının ərazisi üçün xarakterik olan zəlzələ və qəzaların baş verməsi ssenarisinə əsaslanan təlimin ilk günündə təşkil olunmuş açılış mərasimində Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və NATO-nun Baş katibi Jens Stoltenberg çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar.

Təlimin 2-ci günündə Azərbaycan FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qrupları sənaye müəssisəsində şərti baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına cəlb edilmişdir. Təlim zamanı dəstənin axtarış-xilasetmə və kimyəvi kəşfiyyat qrupları təyin olunmuş iş sahəsində Türkiyə, Belarus, Ukrayna, Avstriya dövlətlərinin xilasetmə qrupları ilə birgə fəaliyyət göstərərək kimyəvi kəşfiyyatın aparılması və insanların hündürlükdən xilas edilməsi üzrə tapşırıqları uğurla yerinə yetirmişlər.

Təlimin 3-cü günündə Beynəlxalq axtarış-xilasetmə dəstəsinin kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qrupları Kosmaj və Keramika yaşayış məntəqələrində Pakistan, İtaliya və Makedoniya komandaları ilə birgə radioloji qəzanın nəticələrinin aradan qaldırılması və  altı mərtəbəli yaşayış binasında axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə tapşırıqları icra etmişdir.

Təlimin son günündə isə FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qrupları Kosmaj hotelində Gürcüstan, Serbiya, Makedoniya, Rumıniya, Pakistan komandaları ilə birgə radioaktiv mənbənin aşkar olunması və zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilməsi, Qaraşi gölündə isə körpüdən asılı vəziyyətdə qalmış zərərçəkmişin xilas edilməsi, ilk yardımın göstərilməsi və təxliyə olunması üzrə tədbirləri yerinə yetirmişdir.

Təlim uğurla başa çatmışdır. Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

 



Fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin təşkili məsələləri müzakirə edilmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Naftalan şəhəri Maliyyə idarəsinin inzibati binasında "Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi və mədəni sərvətlərin evakuasiya (təxliyə) edilməsi və digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsində Nazirliyin struktur bölmələri və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə fəaliyyəti" mövzusunda dəyirmi masa keçirmişdir.

Dəyirmi masada FHN-in Aran Regional Mərkəzinin əməkdaşları, Naftalan şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri, Naftalan şəhəri İcra Hakimiyyəti başçısı Aparatının, Polis Şöbəsinin, Yanğından Mühafizə Hissəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, şəhər Mərkəzi Xəstəxanasının, Təhsil Şöbəsinin, Qaz İstismar Sahəsinin, Elektrik Şəbəkəsinin, Yol istismarı İdarəsinin, Telekommunikasiya Qovşağının, Sukanal İdarəsinin, bələdiyyə və ərazi icra nümayəndəliyinin rəhbər heyəti və əməkdaşları iştirak etmişlər.

Dəyirmi masanın keçirilməsində əsas məqsəd şəhər ərazisində baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, əhalinin fövqəladə hadisə zamanı davranış qaydaları, şəhər ərazi qüvvələrini cəlb edərək hadisəyə cevik reaksiya verilməsinin təşkili, əsas qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, kəşfiyyat, axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi sahəsində bilik və bacarıqlarının artırılmasından ibarət olmuşdur.

Məruzəçilər mövzu ilə bağlı xidmət sahələrinə uyğun çıxış edərək bu sahədə görülmüş işlərə toxunmuş və mövcud problemləri iştirakçıların diqqətinə çatdırmışlar.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə dəyirmi masanın əhəmiyyəti vurğulanmış, müzakirə edilən məsələlərin vacibliyi bildirilmişdir.

 



Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Göyçay rayon 27 nömrəli Ağdam tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda Aran Regional Mərkəzinin, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Sel və daşqınlar zamanı davranış qaydaları","Odsöndürücü balonlardan istifadə qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "112" qaynar xətti" və "Dəm qazı təhlükəsi" mövzularında çıxışlar edilmişdir. Toplantıda mövzular fotoslaydların müşayiəti ilə təqdim edilmiş, videoçarxlar nümayiş olunmuş, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanılmış və suallar cavablandırılmışdır.

***

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Quba şəhəri 4 saylı tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda növbəti  maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilmişdir.

Tədbirdə məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ, torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, qar uçqqunlarının baş vermə səbəbləri, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında "112" qaynar xətti"nin roluna dair məruzələr edilmişdir.

***

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Şəmkir şəhəri Nizami adına və Gəncə şəhəri 46 nömrəli məktəblərin kollektivi ilə  "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Müəllim və şagirdlərə fövqəladə hallarda davranış qaydalarına dair məlumatların verilməsi məqsədilə reallaşdırılan tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, "112" qaynar xətti", odsöndürən balonlardan istifadə qaydaları haqqında məlumat verilmiş, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş etdirilmişdir.

***

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Füzuli rayonu Musiqi təmayüllü Gimnaziyasında "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda fövqəladə hallar barədə məlumat verilmiş, "Sel və daşqınlar", "Dəm qazı", "Məişətdə civə dağılmaları", "Zəlzələ" və "112" qaynar xətti"nə müraciət qaydaları", "Odsöndürən balonlardan istifadə qaydaları" mövzularında məruzələr edilmiş, videoçarxlar nümayiş olunmuşdur.

Sonda həyat fəaliyyəti təhlükəsizliyinə dair çap materialları paylanmışdır. Görüşdə Füzuli rayon DYMH-nin və Qarabağ Regional DYNİ-nin əməkdaşları,  Gimnaziyanın müəllim və şagirdləri iştirak etmişdir.

***

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonu O.Həsənov adına Tıxlı kənd ümumi orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı necə davranmalı?", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Odsöndürən balonlardan istifadə", "Meşədə yanğın təhlükəsizliyi qaydaları", "Dəm qazı" və "112" qaynar xətti" mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur.

***

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Salyan rayonu Qaraçala kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası və digər mövzularda geniş məlumat vermişlər. O cümlədən, "Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması, bu kimi halların baş verməməsi və ya baş verdikdə nə etmək lazımdır" mövzusunda davranış qaydaları izah edilmişdir.

Tədbirdə dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri, hansı hallarda "112" qaynar xətti" ilə əlaqə saxlamaq lazımdır mövzularında çıxışlar edilmiş və mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.



Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış binalarında yanğına qarşı təbliğat işləri aparır

Yanğınların statistikası göstərir ki, payız-qış mövsümündə yanğınlar ən çox yaşayış evlərində baş verir. Bunun da əsas səbəbi soyuq havalarda evlərin qızdırılması ilə əlaqədar elektrik və qaz cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına düzgün əməl edilməməsidir. Bunu nəzərə alaraq FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin əməkdaşları payız-qış mövsümünün başlanması ilə əlaqədar "Yaşayış binalarında yanğın təhlükəsizliy tədbirləri" mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir.

12-15 oktyabr tarixində növbəti tədbirlər Salyan, Aran və Gəncə RDYNİ-lərində keçirilmişdir. Gəncə şəhərində "Gəncə qalası" MTK-ya məxsus 10 mərtəbəli yaşayış binasında, Mingəçevir şəhərində Heydər Əliyev prospektində yerləşən qaçqınların məskunlaşdığı binalarda, Salyan şəhərində Yusif Qasımov küçəsində yerləşən binalarında yaşayan  sakinlərlə aparılan yanğına qarşı maarifləndirici söhbət zamanı onlara "Yaşayış binalarında yanğın təhlükəsizliy" ilə bağlı məlumat verilmiş, bu mövzuda hazırlanmış plakat və bukletlər paylanmış, ilkin odsöndürücü balonlardan istifadə qaydaları əyani surətdə göstərilmişdir.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin

Yanğına qarşı təbliğat şöbəsi



Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydaları haqqında ətraflı məlumat verilmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal, Muğan Regional mərkəzlərinin əməkdaşları ilə birgə Şabran rayonunun Çayqaraqaşlı və Neftçala rayonunun Mayak kəndlərində maarifləndirmə tədbiri keçirmişdir.

"Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı" mövzusunda keçirilən təbdirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak etmişdir.

İstifadəçilərə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilmişdir. Həmçinin onlara kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasnın və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılmışdır. Eyni zamanda kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilmişlər.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılmışdır.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il