ENG     24 Iyun 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Iyun 2017-ci il
N 19 (534)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Cəmiyyət
Cəmiyyət
15 Iyun 2017 Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir

Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir

Tariximizə qızıl hərflərlə yazılan Milli Qurtuluş Günü bizim üçün çox əziz bir gündür. Bu ümummilli bayram Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə öz imzasını atmış ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı gününün qeyd olunması ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir.

1991-ci ilin oktyabrında Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra müstəqilliyin ilk illərində ölkədə ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik, anarxiya baş alıb gedirdi. Azərbaycan xalqının suveren dövlətdə yaşamaq arzusu, azadlıq ideallarına bağlılığı onun müstəqilliyinin əleyhinə olan düşmən dairələrin maraqlarına toxunduğundan, onlar xalqı bu yoldan sapdırmaq, onun gələcəyə inamını sarsıtmaq üçün müxtəlif təxribatlardan və digər çirkin vasitələrdən istifadə edirdilər ki, bu da öz növbəsində respublikadakı ictimai-siyasi duruma ciddi surətdə mənfi təsir göstərirdi. 1993-cü ilin yayında vəziyyət elə bir həddə çatmışdı ki, Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi reallaşır, anarxiya və dağıdıcılıq siyasəti, ağır iqtisadi vəziyyət, sabitliyi pozmaq istəyən qüvvələrin azğınlığı, bir-birinin ardınca həyata keçirilən təxribatlar, dövlət çevrilişi cəhdləri, mütəşəkkil cinayətkarlığın təhlükəli xarakter alması ictimai-siyasi və sosial ziddiyyətlərin kəskinləşməsinə rəvac vermişdi. Belə vəziyyətdə Azərbaycanın əsl xilaskara böyük ehtiyacı vardı. Artıq hamıya aydın idi ki, paytaxtdakıların heç biri-nə iqtidar, nə də o dövrdə hakimiyyətə iddialı olan müxalifət partiyaları ölkəni düşdüyü iflic vəziyyətindən çıxara bilməyəcək. Möhtərəm Prezidentimiz İlham Əliyev öz çıxışlarında o illərin ümumi mənzərəsini - Azərbaycanın düşdüyü ağır vəziyyəti xarakterizə edərkən xüsusi vurğulamışdır ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsə idi, müstəqilliyimizin taleyi çox faciəli ola bilərdi.

Həmin vaxt hamının nəzərləri Naxçıvana-böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevə dikildi. Azərbaycanın yalnız Heydər Əliyevin təcrübəsi, müdrikliyi, iradəsi ilə xilas olunacağına heç kim şübhə etmirdi. Heydər Əliyev son ümidlərin yeganə ünvanı idi və buna görə də ölkənin və xalqın bu bəladan qurtulması, dövlətin xilas edilməsi məsələsində oynayacağı rolu da, onun gücünü də hamı aydın dərk edirdi.

Yeri gəlmişkən, ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illərdə muxtar respublika siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda əlamətdar dövrunü yaşamışdır. Bu dövrdə Heydər Əliyev Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin etmiş, burada Azərbaycan ordusunun güclü birləşmələri formalaşmış, ermənilərin hücumlarına qətiyyətlə cavab verilmişdi. Onun təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul edilmiş, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixə yazılmış, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradılmışdı.

Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın təkidli dəvətini qəbul edib iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi.

Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Qeyd edək ki, xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram günü elan etdi.

 

1993-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan möhtərəm Heydər Əliyev həmin ilin oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident seçilərkən Heydər Əliyev andiçmə nitqində belə dedi: "Belə yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəmi üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Olduqca ağır bir zamanda hakimiyyət sükanı arxasına keçən ümummilli liderimiz dahi uzaqgörənliyi ilə Azərbaycan dövlətçiliyini, xalqını bütün gözlənilən faciələrdən xilas etdi, ölkədə sabitlik, əmin-amanlıq bərqərar oldu, demokratik dövlət təsisatları yaradıldı, hüquqi, siyasi, iqtisadi-sosial və digər sahələrdə islahatlar aparıldı. Dünya ulu öndərin öz əlləri ilə qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycanı sabitliyin, siyasi və iqtisadi, mədəni əməkdaşlığın, müasirliyin məkanı kimi qəbul etdi.

Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ulu öndər Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Azərbaycan yalnız Heydər Əliyevin qayıdışından sonra özünün geosiyasi imkanlarını uğurla gerçəkləşdirdi. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı, ölkəmiz dünyada özünə layiqli yer qazandı. Heydər Əliyev erası Azərbaycanın təbii sərvətlərindən, coğrafi-strateji mövqeyindən milli mənafelərə uyğun istifadə edilməsinə yönəldilmiş beynəlxalq iqtisadi sazişlərin imzalanması və həyata keçirilməsi dövrüdür. Azərbaycan bunun sayəsində böyük siyasi məna kəsb edən bir sıra irimiqyaslı iqtisadi proqramların reallaşmasında aparıcı rol oynadı.

Ulu öndər Heydər Əliyevin gəlişindən sonra Azərbaycanın taleyi ilə pərdəarxası oyunlara son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı tam alındı, dövlət kriminallaşmaqdan xilas edildi, bütün qanunsuz silahlı dəstələr ləğv olundu. Bu da dövlət quruculuğu prosesinin uğurla aparılmasına geniş şərait yaratdı. Dövlət müstəqilliyi qorunub saxlandı, müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı, ölüm hökmü və senzura ləğv edildi, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi, milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı, əlifba islahatı həyata keçirildi.

Ulu öndərin qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu. Heydər Əliyev erası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlını milli məfkurə əsasında birləşdirib onların tarixi vətənlərinə və dövlətə bağlanmasını, Azərbaycan diasporunun yaradılmasını təmin etdi.

Ulu öndər Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edən Azərbaycanda həyata keçirilən qlobal proqramlar, irimiqyaslı layihələr, dövlət proqramları ölkəmizin tərəqqisinə xidmət edən uğurlu addımlardır. Son illər qazanılan nailiyyətlər, bütün sferalarda müşahidə olunan irəliləyişlər onu göstərir ki, ümumi inkişafda yeni keyfiyyət mərhələsinə yüksələn Azərbaycanda sürətli iqtisadi inkişaf tempinin davam etdirilməsi, qarşıya qoyulan məqsədlərin reallaşdırılması istiqamətində nəzərdə tutulan vəzifələr layiqincə yerinə yetirilib, iqtisadi artımın davamlı olmasına nail olunub.

Ulu öndərin başladığı və ölkə Prezidenti İlham Əliyevin qətiyyətlə davam etdirdiyi xarici siyasət kursu Azərbaycanın müstəqil dövlət kimi dünya birliyində mövqeyini daha da möhkəmləndirib. Cənab İlham Əliyevin fikrincə, nəhəng infrastruktur layihələri, transmilli enerji layihələri, neft-qaz kəmərləri nəqliyyat infrastrukturunun möhkəmlənməsi Azərbaycanı regionun mərkəzinə çeviribdir: "Budur Azərbaycanın bugünkü reallıqları. Bütün bu amilləri bir araya yığıb görürük ki, doğrudan da, ölkəmiz artıq çox dinamik inkişaf edir, müstəqil siyasət aparır, Azərbaycan xalqının maraqlarını tam şəkildə müdafiə edir və qarşıya qoyulan hər bir vəzifəyə nail olur".

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il