ENG     24 Mart 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Mart 2017-ci il
N 10 (525)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə
Maarifləndirmə
17 Mart 2017 Uşaq evləri və internat məktəblərində yanğın təhlükəsizliyi
17 Mart 2017Föv­qə­la­də Hal­lar Na­zir­li­yi xə­bər­dar­lıq edir:
Dəm qazı təhlükəsi
17 Mart 2017 "112"/"101" QAYNAR TELEFON XƏTTİNƏ BU HALLARDA MÜRACİƏT ETMƏK OLAR:

Uşaq evləri və internat məktəblərində yanğın təhlükəsizliyi

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq təhsil müəssisələrində, o cümlədən uşaq evləri və internat məktəblərində yanğın təhlükəsizliyinin təmin edilməsində cavabdehlik həmin müəssisələrin rəhbərlərinin  üzərinə  düşür. Onlar müəllimlər, xidməti heyət tərəfindən  yanğın təhlükəsizliyi qaydalarının öyrənilməsini və  ona  riayət  edilməsini, yanğın-texniki minimum üzrə yanğına qarşı təlimatın və dərslərin keçirilməsini  təşkil  etməli, könüllü yanğın dəstələrini yaradaraq onun fəaliyyətini qanunvericiliyin tələblərinə  uyğun  olaraq  təmin etməlidirlər.

 Uşaq evləri və internat məktəblərinin rəhbərləri tədris, istehsalat, laboratoriya, inzibati, köməkçi və digər otaqlarda, anbarlarda siqaret çəkilməsi üçün xüsusi yerlərin ayrılmasını təmin etməli, yanar materialların, yanar maye və maddələrin müəyyən edilən miqdarda saxlanılmasına, açıq alovla işlərin aparılmasına, habelə bütün xidməti heyət və tələbələr tərəfindən yanğına qarşı müəyyən edilən rejimə riayət edilməsinə  müntəzəm nəzarət etməlidirlər.

Hər bir təhsil müəssisəsində ildə bir dəfədən az olmayaraq bütün xidməti heyətlə, şagird və məktəblilərlə yanğın zamanı hərəkətlərə və təxliyə planına dair praktiki məşğələlər keçirilməlidir.

Uşaq evləri və internat məktəblərinin ərazisi daim təmiz vəziyyətdə saxlanılmalı, bütün məişət tullantıları xüsusi ayrılmış sahələrə yığılmalı və mütəmadi olaraq daşınıb aparılmalıdır. Həmin müəssisələrdə mövcud yanğınsöndürmə qurğularının və vasitələrinin daim istifadə üçün yararlı vəziyyətdə saxlanılması təmin edilməlidir.

Bütün bina və qurğulara, yanğına qarşı su mənbələrinə, habelə yanğın avadanlıqlarına və qurğularına gedən yollar daim maneəsiz olmalıdır. Bina və qurğular arasındakı yanğına qarşı ara məsafələrdə materialların, avadanlıqların, habelə qablaşdırılmış materialların yığılmasına, nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməsinə icazə verilməməlidir. Yanğın avtomobillərinin hərəkətinə maneə törədə biləçək yol və keçidlərin ayrı-ayrı sahələrinin təmiri zamanı yanğından mühafizə xidmətinə mütləq xəbər verilməlidir.

Dövlət yanğın nəzarəti qurumları ilə razılaşdırılmamış layihə əsasında təhsil müəssisəsinin ərazisində hər hansı tikinti və yenidənqurma işlərinin aparılmasına icazə verilmir.

Uşaq evləri və internat məktəblərinin həyətində və yaxınlığında asan alışan və yanar mayelər olan çənlərin, sıxlaşdırlmış və maye qaz balonlarının saxlanması, həmçinin tonqalların yandırılması qadağandır. Tədris binalarında, otaqlarda, pilləkən qəfəslərində iş, anbar və digər təyinatlı otaqların yerləşdirilməsi, habelə insanların hərəkətinə maneə törədən avadanlıqların, əşyaların yerləşdirilməsi qadağandır.     

Zirzəmi və yarımzirzəmi otaqlarında partlayış təhlükəli maddə və materiallar, tezalışan və yanar mayelər, habelə zirzəmi otaqlarında partlayış-yanğın təhlükəli proseslər aparılan laboratoriyalar yerləşdirmək, çardaq otaqlarında və texniki mərtəbələrdə hər hansı bir maddə və materiallar saxlamaq olmaz.

Çardaq otaqlarının və texniki mərtəbələrin qapıları daim qıfılla kilidlənməli, qıfılın açarı isə sutkanın istənilən vaxtında götürülməsi mümkün olan əlverişli yerdə saxlanılmalıdır. Çardaq otaqlarının və texniki mərtəbələrin taxta konstruktiv elementləri üç ildə ən azı bir dəfə odadavamlı məhlulla hopdurulmalıdır.

Təmir işləri dövründə uşaqları və şagirdləri köçürmədən təhsil müəssisəsində od və digər yanğın təhlükəli işlər aparmaq, pəncərələrdə açılmayan dəmir barmaqlıqları quraşdırmaq, cərəyan altında olan elektrik cihazlarını və qurğularını nəzarətsiz saxlamaq olmaz.

Bu növ müəssisələrdə Tikinti  norma  və  qaydalarının  tələblərinə uyğun olaraq yanğınxəbərverici və yanğınsöndürmə qurğuları, tüstüyə qarşı müdafiə, yanğın barədə xəbərdar etmə və qəza işıqlandırma sistemləri ilə təchiz edilməlidir.

Hər bir təhsil müəssisəsində yanğın zamanı insanların və əşyaların köçürülməsi üçün "Köçürmə Planı" hazırlanmalıdır. İnsanların binadan köçürülməsini çətinləşdirən konstruktiv-planlaşdırma qərarlarının qəbul edilməsi qadağandır. Bütün əsas və ehtiyat qapıları binadan çıxış istiqamətinə doğru maneəsiz açılmalıdır.

Pilləkən qəfəslərin, əsas və ehtiyat çıxışların, keçidlərin əşyalarla, qurğularla tutulması, tamburlarda və pilləkən qəfəslərində anbar tikmək, eləcə də əşyaların saxlanılması qadağandır. Siniflərin, mühazirə və idman zallarının, yataqxanaların, habelə uşaqlar və məktəblilər üçün nəzərdə tutulan otaqların pəncərələrində dəmir barmaqlıqların quraşdırılması qadağandır.

Dəhlizlərin, pilləkən qəfəslərinin və digər təxliyə yollarının düzəldilməsində, bəzədilməsində sintetik, taxta, habelə ağac lifli materiallardan istifadə etmək olmaz.

Uşaq evləri və internat məktəblərində bütün elektrik qurğuları və cihazlarının istismarı zamanı "Elektrik  qurğularının  quraşdırılması Qaydaları"nın tələblərinə əməl olunmalıdır. Elektrik qurğuları və cihazlarının yanğına qarşı vəziyyətinə cavabdeh olan şəxs təyin edilməli, onlar otaqların yanğın və partlayış təhlükəli kateqoriyasından və ətraf mühitin şəraitindən asılı olaraq elektrik naqilərinin, mühərriklərin, işıqlandırıcıların və digər qurğuların düzgün seçilib tətbiq olunmasına nəzarət etməli, qısaqapanmaların, artıq yüklənmələrin, habelə yanğın və alışmaya səbəb ola biləcək digər qəza rejimlərinin qabaqcadan xəbərdar edilməsi məqsədi ilə elektrik qurğularının vəziyyətinə mütəmadi olaraq nəzarət etməlidirlər.

Otaqların isidilməsi üçün qeyri-standart elektrik qızdırıcı sobalarından və elektrik közərmə lampalarından istifadə etmək, sonluqları örtüksüz elektrik naqillərini cərəyan altında saxlamaq, bir neçə cərəyan qəbuledicilərinin bir elektrik mənbəyinə qoşmaq yanğın təhlükəsi yaradır.

Uşaq evləri və internat məktəblərinin rəhbərliyi tərəfindən yanğın su hovuzlarının, çənlərin, su kəməri şəbəkəsinin və hidrantların saz və işlək vəziyyətdə olması, müvafiq normalara cavab verməsi təmin edilməlidir. Su hovuzlarının daim saz vəziyyətdə saxlanılması üçün onların zibillənməsinə yol verliməməlidir. Yanğın su hovuzlarında, cənlərində hesablanmış miqdarda suyun olmasına mütəmadi olaraq nəzarət olunmalıdır.

Yanğın baş verərkən dərhal FHN-in 112 qaynar xəttinə məlumat verilməli, həmçinin yanğın barədə  müəllim, şagird və uşaqlara xəbər verilməsi üçün daxili radiotranslyasiya şəbəkəsindən, həyəcan zəngindən və digər səs siqnallarından istifadə edilməlidir. Yanğınsöndürənlər gələnə qədər mövcud olan yanğınsöndürmə vasitələrindən istifadə etməklə yanğının mənbəyini söndürməyə çalışmaq lazımdır.

Uşaq evləri və internat  məktəblərinin vəzifəli şəxsləri, digər nümayəndələri yanğın  barədə müəssisənin rəhbərinə xəbər verməli, yanğınsöndürənləri qarşılamaq üçün yolları və su mənbələrinin yerini yaxşı bilən şəxs ayırmalı, yanğının söndürülməsi ilə məşğul olmayan adamları binadan və ya təhlükəli zonadan uzaqlaşdırmalı, insanların həyatı üçün təhlükə yarandıqda mövcud qüvvə və vəsaitlərdən istifadə etməklə  dərhal onların xilas edilməsini təşkil etməli, zərurət yarandıqda qazdan xilasetmə, tibbi və digər xidmətləri yanğın yerinə çağırmalı, yanğının ləğv edilməsi ilə əlaqədar olmayan bütün işləri dayandırmalıdır.

Yanğın zamanı elektrik enerjisinin nəqli kəsilməli, yük daşıyan qurğular dayandırılmalı, qaz xətləri qapanmalı, havadəyişmə sisteminin işi dayandırılmalı, tüstü sorucu sistem işə salınmalı, yanğının yayılmasının qarşısını alan digər tədbirlər həyata keçirilməlidir.

Uşaq evləri və internat məktəbləri elektrik işığı ilə işıqlandırılmalıdır. 50 nəfərdən çox yeri olan uşaq və müalicə müəssisələrinin binalarında qəza işığı quraşdırılmalıdır.

Uşaq evləri və internat məktəblərinin hər bir işçisinin əsas vəzifələrindən biri də uşaqların və şagirdlərin həyatını yanğından qorumaqdır.

FHN Dövlət Yanğın Nəzarəti

Xidmətinin Yanğına qarşı təbliğat şöbəsi

 

 



Föv­qə­la­də Hal­lar Na­zir­li­yi xə­bər­dar­lıq edir:
Dəm qazı təhlükəsi

 

 

 

 

 

 



"112"/"101" QAYNAR TELEFON XƏTTİNƏ BU HALLARDA MÜRACİƏT ETMƏK OLAR:

 

 

 

 

 

 

 

 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il