ENG     17 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Yataqxanalarda yanğın təhlükəsizliyi

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları mütəmadi olaraq yataqxanalarda olur, sakinlərlə görüşərək onların yanğın-texniki biliyinin artırılması üçün maarifləndirmə tədbirləri həyata keçirirlər. Tədbirlər zamanı sakinlərin nəzərinə çatdırılır ki, yataqxana otaqlarında qeyri-standart, nasaz və istifadəsi nəzərdə tutulmayan elektrik avadanlıqlarından istifadə etmək olmaz. Hər hansı bir nasazlıq, yəni naqillərin qızması, lampaların nasazlığı, qığılcım və sairə bu kimi hallar aşkar edilərsə, təhlükəsiz vəziyyətə gətirilənədək elektrik cərəyanı dərhal kəsilməlidir.

Hər bir yataqxana sakini yaşayış yerində elektrikdən düzgün istifadəyə və yanğından mühafizə qaydalarına əməl etməyə görə məsuliyyət daşıyır. Yataqxanada yanğın və yaxud yanma əlamətləri olan tüstü, yanıq iyi, temperaturun yüksəlməsi hiss edilərsə, bu halda hər bir şəxs özünün və digər şəxslərin təxliyəsini təmin edərək yanğının söndürülməsi və maddi dəyərlərin qorunub saxlanması üzrə mümkün tədbirləri görməlidir. Bununla yanaşı, telefonla komendanta, rəhbərliyə təcili məlumat verməklə Fövqəladə Hallar Nazirliyinin "112 qaynar xətti"nə zəng etməli, bu zaman həmin şəxs öz adını və soyadını, obyektin ünvanını, yanğın baş verdiyi yeri bildirməlidir.

Yataqxanaların komendantları və digər müvafiq vəzifəli və ya yanğına qarşı çavabdeh şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə yaşayış evlərinin və yataqxanaların çardaq və zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, mənzillərə vaxtaşırı baxış keçirməli, onların tabeliyində olan ərazidə keçidlərin, yolların, yanğın su mənbələrinin və onların göstəricilərinin vəziyyətinə nəzarət etməli, mütəmadi olaraq köçürmə yollarının, binanın fasad hissəsində yerləşdirilən yanğın nərdivanlarının, eyvanlarda olan keçid qapılarının, yanğına qarşı qurğuların vəziyyətini yoxlamalıdırlar.

Eyni zamanda yataqxana sakinləri ümumi istifadə edilən pilləkən və dəhlizləri artıq əşyalarla tutmamalı, elektrik naqillərini, elektrik və qızdırıcı qurğularını daima saz vəziyyətdə saxlamalı, uşaqların odla oynamalarına yol verməməli, boyaların və lakların tətbiqi ilə mənzil daxili təmir işlərinin aparılması, kimyəvi məişət əşyalarından, qaz cihazlarından istifadə zamanı təhlükəsizlik tədbirlərinə, eləcə də binada təyin edilmiş yanğına qarşı rejimə riayət etməli, yanğın baş verərsə, yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli və dərhal yanğının söndürülməsini ilkin yanğınsöndürmə vasitələri ilə təşkil etməlidir.

Yataqxanalarda yanğın təhlükəli işlərin tətbiq olunması ilə aparılan əsaslı təmir işləri dövründə Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət olunmalı, həmin binalarda yaşayan əhalinin və xidməti heyətin digər binalara köçürülməsi təmin edilməlidir. Yataqxanaların həyətyanı sahələri yanan materiallardan daima təmizlənməlidir. Yana bilən tullantılar xüsusi meydançalarda quraşdırılmış konteynerlərə yığılmalı və vaxtında daşınıb aparılmalıdır. Yanğına qarşı su hovuzuna, həmçinin yanğın qurğularına və vasitələrinə sərbəst yaxınlaşma təmin edilməli, ərazi işıqlandırılmalıdır. Yanğın avtomobillərinin hərəkətinə maneə törədə bilən ayrı-ayrı yol sahələrinin, keçidlərinin təmiri zamanı və yaxud yaranmış hər hansı bir məhdudiyyət barəsində Dövlət Yanğından Mühafizə Xidməti məlumatlandırılmalıdır.

İnsanların yanğın haqqında xəbərdar edilməsi üçün səs siqnalları quraşdırılmalı və yanğınların söndürülməsi üçün su ehtiyatları nəzərdə tutulmalıdır.

Müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yataqxanalarda yenidənqurma işlərinin aparılması, qarajların və tikililərin quraşdırılması, meydançalarda və həyətyanı sahələrdə yanar və tezalışan mayelər olan çənlərin, həmçinin ərazi və binalarda təzyiq altında olan qaz balonlarının yerləşdirilməsi qadağandır.

Yataqxana binalarının çardaqları daima təmiz olmalıdır. Texniki mərtəbələrin və çardaqların pəncərələri şüşələnməli, daima bağlı saxlanılmalıdır. Pilləkən qəfəslərində quraşdırılmış elektrik şitləri etibarlı açarlar ilə bağlanmalıdır.

Yataqxanaların elektrik qurğuları, şəbəkələri və işıqlandırıcıları mövcud tələblərə tam cavab verməlidir. Binaların rəhbərləri istismar etdikləri elektrik qurğu və şəbəkələrə texniki qulluq göstərilməsini müqavilə yolu ilə xüsusiləşdirilmiş təşkilatlar tərəfindən həyata keçirilməsini təmin etməlidirlər. Onlar elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktiki baxışların, eləcə də planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntularının aradan qaldırılmasına, qısaqapanmadan, artıq yüklənmələrdən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının texniki baxımdan saz olmasına müntəzəm olaraq nəzarət etməlidirlər.

Yanğın təhlükəsi törədən keçirici müqavimətin əmələ gəlməməsi üçün, kabel naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq edilməsi yolu ilə bərkidilməlidir. Müvəqqəti elektrik şəbəkələrinin qurulması və istismarı qadağandır. İstisna hallarda tikinti, təmir və qəza işləri aparılan sahələrdə müvəqqəti elektrik şəbəkəsindən istifadə etmək olar. Elektrik qızdırıcı qurğuların, stolüstü işıqlandırıcıların, radio-televizor cihazlarının, soyuducuların və s. cihazların şəbəkəyə qoşulması üçün yalnız standartlara uyğun birləşdiricilərdən istifadə edilməsinə icazə verilir.

Elektrik şəbəkələrinin və qurğularının istismarı zamanı üst örtüyü zədələnmiş elektrik naqilindən istifadə edilməsi, elektrik şəbəkələrinin qorunması üçün nəzərdə tutulmuş avtomat qoruyucular əvəzinə dövlət standartına uyğun olmayan qoruyuculardan (burulmuş məftil və s.) istifadə edilməsi, elektrik naqillərinin, işıqlandırıcıların kəndir ilə bərkidilməsi, çılçıraqların elektrik naqilindən asılması qadağandır.

Sakinləri elektrik və qızdırıcı cihazlardan təhlükəsiz istismar edilməsi barədə təlimatlandırmaq lazımdır.

Binanın tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.

Köçürmə yolları və dəhlizlər daima elektrik işığı ilə işıqlandırılmalıdır. Köçürmə qapılarının, eləcə də ümumi istifadədə olan dəhlizlərin qarşısına mebellərin və ya başqa əşyaların yığılması, köçürmə pilləkənlərinin və çıxışlarının tamam bağlanması, tüstüləməyən pilləkən qəfəsələrində şüşəbənd və ya jalüzlərin düzəldilməsi, köçürmə yolunda hərəkətedən və fırlanan qapıların quraşdırılması qadağandır.

Yataqxanaların hər mərtəbəsində odsöndürən balonlar yerləşdirilməlidir. Odsöndürən balonlar yer səviyyəsindən 1,5 metr hündürlükdən çox olmamalıdır. Qapıdan 1,2 metrdən az olmayan məsafədə, yer səviyyəsindən 1,5 metr hündürlükdə asılı vəziyyətdə yerləşdirilməlidir. Odsöndürən balonlar köçürmə (təxliyə) yollarında maneçilik törətməməli və elə asılmalıdırlar ki, onların gövdəsində olan məlumat yazısı görünsün.

Yanğın xəbərverici, tüstüdən müdafiə qurğuları, təxliyənin yollarının işıqlandırıcıları və təhlükəsizlik nişanları daimi olaraq saz vəziyyətdə saxlanmalıdır. Köçürmə yollarının yanar materiallardan olan üzlüklərlə bəzədilməsinə yol verilməməlidir. Köçürmə (təxliyə) yollarının üzərində, döşəmədən 2-2,5 metr hündürlükdə "ÇIXIŞ" sözü yazılmış işıqlandırıcı lövhələr asılmalı, pilləkən qəfəsələri, köçürmə yolları, keçidlər və dəhlizlər adamların hərəkətinə maneə törədə bilən kənar əşyalardan daima təmizlənməlidir.

Yanğın zamanı pəncərələrin və qapıların açılmasından, həmçinin şüşələrin sındırılmasından mümkün qədər imtina etmək lazımdır. Otağı və ya binanı tərk edərkən qapıları və pəncərələri bağlamaq lazımdır, çünki hava axını yanğının yayılmasına şərait yaradır.

Yanğından mühafizə bölməsi yanğın yerinə gəldiyi zaman yanğının söndürülməsinə rəhbərlik edən şəxs və ya orada yaşayan şəxslərdən biri, yanğından mühafizə bölməsinin yüksək vəzifəli şəxsinə yanğın haqqında məlumatları, yəni binada adamların olub-olmaması, yanğının mənbəyi və yanğının ləğv edilməsinə yönəldilmiş işlər haqqında, həmçinin binada yanğının ləğv edilməsi haqqında məlumatları verməlidir. İnsanların, əmlakın köçürülməsi və yanğının ləğv edilməsi ilə məşğul olmayan xidməti heyəti başqa köməkçi işlərə cəlb etmək lazımdır.

Yataqxanaların komendantları, inzibati nümayəndələri yanğının baş verməsinə səbəb ola bilən bütün amilləri aydınlaşdırmalı və belə halların baş verməməsi üçün profilaktiki tədbirlər həyata keçirməli, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına ciddi yanaşmalıdırlar.

Rövşən Bəkirov

Dövlət Yanğın Nəzarəti Xidmətinin

Yanğına qaşı təbliğat şöbəsinin

böyük təlimatçısı

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il