ENG     17 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin vəzifələri

Hər bir müəssisə və təşkilat rəhbərinin istehsalat prosesləri ilə bağlı işləri çox olur. Ona görə də yanğın təhlükəsizliyinin təmin olunmasına görə ilk növbədə onlar özləri məsuliyyət daşısalar da, YTQ ? 01-2001 "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları"nın 1.5 bəndinə uyğun olaraq əmrlə bu sahəyə cavabdeh şəxs təyin edirlər. Qaydaların həmin bəndində göstərilir ki, ayrı-ayrı ərazilərin, binaların, tikililərin, otaqların, sexlərin, sahələrin, texnoloji avadanlığın, elektrik şəbəkələrinin, isitmə sistemlərinin və s. yanğın təhlükəsizliyinə cavabdeh şəxslər müəssisənin rəhbəri tərəfindən xüsusi əmrlə təyin edilməlidir.

 Bir qayda olaraq, bu vəzifənin icrası əməyin mühafizəsi üzrə mühəndisə həvalə olunur və müəssisə üzrə yanğın təhlükəsizliyinin təmin olunmasına həmin şəxs cavabdehlik daşıyır. Cavabdeh təyin olunan əməkdaş mütləq qaydada yanğın-texniki minimum üzrə təlim keçməlidir.

Yanğın təhlükəsizliyinin təmin olunmasına cavabdeh olan şəxsin təyinatı zamanı aşağıdakıların nəzərə alınması tövsiyə olunur:

- yanğın təhlükəsizliyinin təmin olunması sahəsində iş təcrübəsinin olması;

- müvafiq təhsilin olması;

- istehsalat proseslərinin və müəssisənin spesifikası barədə biliklərinin olması.

 

Cavabdeh şəxsin vəzifələrinə aşağıdakılar daxildir:

- işçilərlə yanğın təhlükəsizliyi üzrə təlimatların keçirilməsi;

- işçilərin yanğın-texniki minimum üzrə öyrədilməsi;

- yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanması;

- obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirilməsi;

- avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilməsi;

- təxliyə yollarından istifadə mümkünlüyünün yoxlanılması;

- təxliyə yollarının və yanğına qarşı avadanlıqların yanğın təhlükəsizliyi nişanları ilə işarələnməsi, tələb olunan və görünən yerlərdə köçürmə (təxliyə) planlarının asılması;

- müəssisədə yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsini təmin edən təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması və görülmüş işlərin nəzarətdə saxlanılması;

- yanğın təhlükəsizliyi üzrə yoxlamaları həyata keçirən orqanlarla qarşılıqlı əlaqələrin qurulması və onlar tərəfindən irəli sürülən qanuni tələb və göstərişlərinin icrası;

- müəssisənin yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflərin verilməsi;

- könüllü yanğın dəstələrinin və döyüş hesablarının təşkilində iştirak edərək, onların hazırlıq dərəcəsinin yoxlanılmasına rəhbərlik etməsi;

- yanğın-texniki komissiyanın işində iştirak etməsi;

- müəssisənin yanğına qarşı vəziyyətinin öyrənilməsi məqsədilə dövri yoxlama aparması;

- odlu işlərin aparılmasına buraxılışların rəsmiləşdirilməsi;

- baş vermiş yanğın hadisələrinin araşdırılmasında iştirak etməsi.

Bundan əlavə, yanğın təhlükəsizliyinə cavabdeh şəxs mütəmadi olaraq qüvvədə olan yanğın təhlükəsizliyi tələblərini ehtiva edən normativ sənədləri öyrənməlidir.

Yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs yanğının nə olduğunu və onun müxtəlif inkişaf ssenarilərindən asılı olaraq təhlükə dərəcəsini anlamalıdır.

Yanğınların baş verməsini istisna etmək üçün "yanğın üçbucağı"nın nə olduğunu bilmək faydalı olardı. Bu anlayış yanğına səbəb ola biləcək şəraiti ifadə edir. Üçbucağın birinci küncü-yanar maddənin mövcudluğunu, ikincisi - yanan mənbəyin daxil edilməsini, üçüncüsü isə - oksigenin mövcudluğunu nəzərdə tutur. Qeyd olunmuş amillərdən hər hansı biri olmadığı təqdirdə, yanğının baş vermə mümkünlüyü istisna edilir.

Məsuliyyət

Müəssisə və ya təşkilatlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxs təyin olunmadığı halda, yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət həmin müəssisə və ya təşkilatın rəhbərinin üzərinə düşür. Cavabdeh şəxs təyin olunduğu halda belə, bu yenə də təşkilatın rəhbərini məsuliyyətdən azad etmir, lakin cavabdehlik sahələrinin bölünməsinə imkan yaradır.

Azərbaycan Respublikasının İnizbati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq yanğın təhlükəsizliyi sahəsində inzibati xəta törətmiş şəxslər barəsində aşağıdakı cərimələr nəzərdə tutulmuşdur:

Maddə 518. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, yəni mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə Xəbərdarlıq və ya 20-30, vəzifəli şəxslərə 100-150, hüquqi şəxslərə isə 350-500 manat məbləğində cərimə tətbiq edilir. Eyni hərəkətlərin yanğına qarşı xüsusi rejim şəraitində törədilməsinə görə fiziki şəxslərə 30-50, vəzifəli şəxslərə 150-200, hüquqi şəxslərə isə 500-750 manat məbləğində cərimə tətbiq edilir. İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslərə 200-300, vəzifəli şəxslərə 800-1000, hüquqi şəxslərə isə 2000-3000 manat məbləğində cərimə tətbiq edilir;

Maddə 519. Yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması, saxlanılması və onların işlədilməsi qaydalarının pozulması, yəni yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması, saxlanılması və onların işlədilməsi qaydalarının pozulmasına görə fiziki şəxslərə 150-200, vəzifəli şəxslərə 500-800, hüquqi şəxslərə isə 500-2000 manat məbləğində cərimə tətbiq edilir;

Maddə 536. Yanğın təhlükəsizliyi sahəsində qəbul edilmiş qərarın və ya tələbnamənin yerinə yetirilməməsi, yəni Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə fiziki şəxslərə 70-100, vəzifəli şəxslərə 350-500 manat məbləğində cərimə tətbiq edilir. Eyni maddənin digər bəndinə uyğun olaraq isə ərazilərin, bina və qurğuların layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi aşkar olunduqda, ərazilərin, istehsal sahələrinin, aqreqatların işinin, binaların, qurğuların istismarının tamamilə və ya qismən dayandırılması barədə verilmiş qərarların icra edilməməsinə görə fiziki şəxslərə 70-100, vəzifəli şəxslərə 350-500 manat məbləğində cərimə tətbiq edilir;

- Maddə 469. İcbari sığorta müqaviləsinin bağlanmaması, yəni icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə tətbiq edilir.

Yanğın təhlükəsizliyi qaydalarını öyrənək və əməl edək!

Elnur Babayev,

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin

Yanğına qarşı təbliğat şöbəsinin rəisi 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il