ENG     25 Avqust 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
23 Avqust 2019-ci il
N 28 (626)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Yanğından mühafizə xidmətinin nəqliyyat vasitələrinin istismarı zamanı yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün tövsiyələr

Döyüş hesabında olan şəxsi heyəti, yanğın alət-avadanlıqlarını və odsöndürücü vasitələri yanğın yerinə gətirən, yanğın yerində döyüş tapşırığının yerinə yetirilməsində, yanğının məhdudlaşdırılmasında, söndürülməsində, qəza-xilasetmə, təxliyə işlərinin müvəffəqiyyətlə həyata keçirilməsində mühüm rol oynayan yanğın avtomobili sürücülərinin nəqliyyat vasitələrinin istismarı zamanı yol nəqliyyat hadisələrinin və imtina hallarının baş verməməsi üçün bir sıra qaydalara riayət etmələri vacibdir. İlk növbədə sürücülər onlara təhkim olunmuş yanğın texnikasını istismar edərkən istehsalçı tərəfindən hazırlanmış təlimatın tələblərini öyrənməli və onlara əməl etməlidirlər.

Yanğından mühafizə qurumlarında növbəyə daxil olmazdan və ya verilən müvafiq tapşırıqları yerinə yetirməzdən əvvəl sürücü heyəti yol hərəkəti qaydalarına dəqiq əməl edilməsi barədə təlimatlandırılmalıdır.

Sürücülərin növbəyə daxil olmazdan əvvəl sağlamlığına, psixoloji durumuna diqqət yetirilməli, intizamsız, hazırlıqsız, eləcə də tibbi göstəricilərə uyğun gəlməyən sürücülər avtomobili idarə etməkdən azad edilməli və bununla bağlı Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinə məlumat verilməlidir.

Növbəyə daxil olmazdan əvvəl sürücülərin sürücülük vəsiqəsi və yanğın avtomobilinin idarə edilməsi üçün verilən şəhadətnamə yoxlanılmalı, etibarlılıq müddətinin bitmə tarixinə 1 ay qalmış hissə rəhbərliyinə məlumat verilməlidir.

Yanğından mühafizə qurumlarında sürücü heyəti ilə mütəmadi olaraq təlim-tərbiyəvi iş aparılmalı, xidməti zərurət yaranmadığı halda xidməti-minik və yük avtomobillərinin istirahət və bayram günlərində istismarı dayandırılmalıdır. Sürücülər təhvil-təslim və ya digər hallarda yanğın avtomobilinin qaraja daxil edilməsi və çıxarılması zamanı yanğın avtomobilinin üzərində quraşdırılan avadanlıqların, yan bölmələrinin tam bağlanmasına əmin olmalı, yanğın avtomobillərinin su-köpük sistemi yoxlanılmalıdır.

Yanğınlara, təlimlərə və digər çıxışlara cəlb edilən şəxsi heyət avtomobilin hərəkəti zamanı mütləq qaydada döyüş paltarında olmalıdır.                      

Yanğın avtomobili ilə sutkanın saat 23:00-dan səhər saat 7:00-dək olan müddətində yanğın hadisələrinə çıxış zamanı həyəcan səs siqnallarından istifadə edilməsinə yol verilməməli, sutkanın digər saatlarında (gündüzlər) yalnız yanğın hadisəsinə yürüş edərkən həyəcan işıq və səs siqnallarından istifadə edilməlidir. Digər hallarda, yəni yanğından qayıdarkən, təlimə gedərkən və ya qayıdarkən, eləcə də müvafiq tapşırıqların icrası ilə bağlı hərəkət edərkən həyəcan işıq və səs siqnallarından istifadə olunması yolverilməzdir.

Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" Qanununun 74-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq əməliyyat və yanğın avtomobillərinin üstün keçid hüququna malik olduqlarından digər hərəkət iştirakçılarına təhlükə yaratmamaq şərti ilə bu Qanunun tələblərindən kənara çıxmasına icazə verilir. Xidməti minik, yük və digər köməkçi avtomobillərə heç bir üstünlük verilmədiyindən, onları idarə edərkən yol hərəkəti qaydalarına ciddi riayət edilməlidir.

Yanğın avtomobillərinin idarə olunması zamanı sürət yaşayış zonaları və həyətyanı sahələrdə 20 km/saatdan, yaşayış məntəqələrində 50 km/saatdan, avtomagistral və respublika əhəmiyyətli avtomobil yollarında isə 70 km/saatdan artıq olmamalıdır.

Yanğın avtomobillərinin istismarı zamanı sürücülər yol şəraiti, yolların neft qalıqları və məişət tullantıları ilə çirklənməsi, yollarda qaz, su və digər boru xətlərinin olması və s. haqqında məlumatlandırılmalıdırlar.

Sürücülər yanğın yerində yanğın avtomobilinə mexaniki zədələnməməsini təmin etməli, avadanlıqların istifadəsi zamanı təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməlidirlər.

Sürücülər dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmaları, yaxınlaşan qatarın olmadığını təyin etmələri, ondan sonra hərəkəti davam etmələri barədə təlimatlandırılmalıdırlar.  Hər hansı nasazlıq və ya qəza səbəbindən hərəkəti dayandırılarsa, sürücülər qəza dayanma nişanını ən az 30 metr məsafədə quraşdırmalı, qəza işıq siqnalını yandırmalıdırlar. 

Yanğınlara və qəza hadisələrinə yürüş zamanı ən qısa marşrutun, hərəkət intensivliyinin az olduğu küçə və yolların seçilməsi, ərazidə olan mühüm əhəmiyyətli obyektlərdə mövcud olan su mənbələrinin və hidrantların yerinin tam öyrənilməsi təmin olunmalıdır. Yol ayrıclarına və piyada keçidlərinə yaxınlaşarkən sağa və ya sola dönmə manevri edən zaman sürət həddi elə seçilməlidir ki, piyadalara yol verilməsi mümkün olsun.

Sürücülər yanğın avtomobillərin idarə edilməsi zamanı sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən digər nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

Yanğın və qəza-xilasetmə hadisələrinə yanğın avtomobili ilə yürüş edərkən tıxac və ya digər səbəblərdən yolun bağlı olması zamanı qarşı zolağa keçərkən, digər avtomobillərin yol verməsinə və ya zolağın boş olmasına əmin olduqdan sonra hərəkəti davam etdirə bilərlər.

Yanğın və qəza-xilasetmə hadisələrinə yürüş zamanı yanğın avtomobilinin sürəti icazə verilən sürət həddi daxilində elə seçilməlidir ki, hər hansi maneə qarşılarına çıxdığı təqdirdə dərhal avtomobilin saxlanılması mümkün olsun.

Hadisə yerində yanğın avtomobillərinin təhlükəsiz yerləşdirilmə qaydalarına əməl edilməli, həmçinin yolda tıxac yaratmamaq və digər avtomobillərin hərəkətinə mane olmamaq şərti ilə saxlanması təmin olunmalıdır. Yanğın avtomobilləri yanan maddə və materiallardan, konstruksiyalardan, elektrik xətləri və qurğularından mümkün qədər uzaq məsafədə üzü çıxışa doğru saxlanılmalı, təkəraltı dayaqdan istifadə edilməli, kabinə və yan bölmələrin qapıları ehtiyac olmadığı təqdirdə bağlı saxlanılmalı, avtomobil işləyən zaman kabinəyə aidiyyəti olmayan şəxslərin girişi qadağan olunmalıdır.   

Yanğın və ya qəza hadisələrində, təlimlərdə, dərslərdə və digər işlərdə yanğın avtomobilinin saxlanması, arxaya, sağa və sola manevr edilməsi zamanı təhlükəsizlik məqsədi ilə şəxsi heyətin əməli köməkliyindən istifadə olunmalıdır.

Yaşayış zonalarında hərəkət hissəsinin ensizliyi nəzərə alınmalı, avtomobilin şinlərinin səkilərin çıxıntılarına, kənar əşyalara, avtomobilin kabinə və ban hissəsinin ağac, dirək, dəmir tor və sairə bu kimi maneələrə dəyərək zədələnməsinə yol verilməməlidir.

Su hövzələri yoxlanılmalı, dərslər, təlimlər və digər yürüşlər zamanı da bir sıra qaydalara əməl olunmalıdır. Su mənbələrinin yoxlanılması zamanı yanğın avtomobilinin digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmaması şərti ilə saxlanmasına, su hovuzuna yaxınlaşmasına və təhlükəsiz hərəkətinə diqqət yetirilməlidir. Sürücülərdən yanğın avtomobillərinin yedəyə alınması zamanı yedəyə alan nəqliyyat vasitəsinin yaxın işıq faraları və qəza işıqları yandırılmalıdır.

Hissə və bölmələrin sürücü heyətinin hadisə zamanı xəsarət alanlara ilkin tibbi yardım göstərilməsi bacarığına yiyələnməsi təmin edilməlidir.

FHN-nin Dövlət Yanğından

Mühafizə Xidmətinin İctimaiyyətlə

əlaqələr və təbliğat sektoru

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il