ENG     19 Iyun 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Iyun 2019-ci il
N 21 (619)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin qurumlarında 28 May - Respublika Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 28 May - Respublika Günü münasibətilə bayram tədbiri keçirilib.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev iştirakçıları salamlayaraq onları Respublika Günü münasibəti ilə təbrik edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir, bu tarixi gün böyük hörmət və ehtiramla qeyd edilir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika olmaq kimi ülvi məqsəd qoymuş ilk milli hökümət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib.

"1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı ikinci dəfə öz müstəqilliyini elan etdi. Həmin dövrdə hökm sürən anarxiya, xaos və hakimiyyətsizlik Azərbaycan ücün böyük təhlükə, müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikamız müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu və ölkəmiz qısa bir zamanda surətlə inkişaf etməyə başladı",- deyən Akademiya rəisi qeyd edib ki, Ümummilli Liderin layiqli varisi cənab Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrildi, bütün sahələrdə inkişaf tempi durmadan sürətləndi.

Sonra tədbir bayram konserti ilə davam etdirilib.

*****

Fövqəladə Hallar Nazirliyinin Bakı, Qarabağ, Aran, Muğan, Şimal və Cənub Regional mərkəzlərində 28 May - Respublika gününə həsr olunmuş tədbirlər keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan toplantılarda bildirilib ki, 1918-ci il mayın 28-i Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş milli qürur hissi duyduğumuz bir tarixdir. Həmin tarixdə müsəlman Şərqində ilk dəfə dünyəvi dəyərlərə söykənən demokratik, müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı, 28 aprel 1920-ci il tarixində Xalq Cümhuriyyəti süquta uğradı.

70 il sonra Azərbaycan xalqı yenidən öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. 1991-ci ilin oktyabrında XX əsrdə ikinci dəfə öz müstəqilliyimiz elan edildi. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və beləliklə, Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu, çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin alternativsiz siyasəti nəticəsində dövlət müstəqilliyimiz daha da möhkəmləndi, ölkəmiz regionun liderinə çevrildi.

*****

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin inzibati binasının akt zalında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini daxili xidmət polkovniki Rasim Kərimov və Dövlət Yanğından Mühafizə Xidmətinin bir qrup əməkdaşı iştirak edib.

Dövlət himni səsləndikdən sonra tədbiri giriş nitqi ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv edib, bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub, qadınlara kişilərlə bərabər seçki hüququ verib, ölkənin sərhədləri müəyyənləşdirilib, dövlət rəmzləri - bayraq, himn və gerb hazırlanıb. Azərbaycanda ilk milli ali təhsil ocağı - Bakı Dövlət Universiteti də AXC dövründə yaradılıb.

Natiq vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir. Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağımız yalnız ulu öndər Heydər Əliyevin vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başladı.

Çıxışdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tərəfindən Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin Həmkarlar İttifaqının sədrinə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Fəxri Əməkdaşı" döş nişanı təqdim olunub.

Daha sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən Dövlət Yanğından Mühafizə Xidmətində çalışan, 2019-cu ildə 50 və 60 illik yubiley yaşı tamam olan bir qrup əməkdaş fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondunun dəstəyi ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə çəkilmiş, 23 aylıq müstəqilliyə son qoyan "28 aprel işğalı"ndan bəhs edən "Son iclas" bədii-sənədli filmi nümayiş etdirilib.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il