ENG     19 Senyabr 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
6 Senyabr 2019-ci il
N 30 (628)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika

Prezident İlham Əliyev XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edib.

Böyük Britaniyanın "ITE Group Plc" şirkətinin baş məsləhətçisi Endryu Vud sərgi-konfransın 26-cı ildönümünü nailiyyətlərlə qeyd etdiyini, Azərbaycana hər gəlişində burada müsbət dəyişikliklərlə qarşılaşdığını bildirdi, sərginin işinə uğurlar arzuladı.

Sonra dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.

Prezident İlham Əliyev XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019" sərgisinin öz işinə başlaması münasibətlə təbriklərini çatdırdı, 30-dan çox ölkədən 300-ə yaxın şirkətin iştirak etdiyi sərginin iyirmi altı il ərzində dünyada böyük diqqəti topladığını bildirdi.

1994-cü ildə ilk sərginin keçirildiyi vaxt ölkəmizdə gedən böhranlı ictimai-siyasi və iqtisadi proseslərdən danışan Prezident İlham Əliyev qeyd etdi ki, məhz Ulu Öndər Azərbaycan rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bizə inandı: "Çünki o vaxt bu inam əsas şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmayə qoymazdı. Çünki Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı və investorları buraya cəlb etmək üçün böyük səylər göstərilmişdir. 1994-cü ilin sentyabr ayında "Azəri-Çıraq-Günəşli" neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona "Ərsin kontraktı" adı verilmişdir. "Əsrin kontraktı"nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. "Əsrin kontraktı"nın çox böyük əhəmiyyəti var. Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də "Azəri-Çıraq-Günəşli" yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək".

"Şahdəniz" qaz-kondensat yatağı üzrə imzalanmış Sazişin də ölkəmiz üçün xeyirli olduğunu deyən Prezident İlham Əliyev indi bu yatağın Cənub Qaz Dəhlizinin resurs bazası olduğunu, Cənub Qaz Dəhlizinin həm Azərbaycan, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıdığını dedi, TANAP kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycanın öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başladığını vurğuladı.

Azərbaycanın bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev BP şirkəti ilə əlaqələrə də toxundu: "Biz 25 ildir ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi var. Çünki qeyd etdiyim kimi, təkcə "Azəri-Çıraq-Günəşli" yatağı üzrə işlər ən azı 2050-ci ilə qədər aparılacaqdır. "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi də bundan sonra onilliklər ərzində aparılacaqdır. Beləliklə, bizim strateji tərəfdaşlığımızın çox gözəl perspektivləri vardır".

Enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyətinə toxunan dövlətimizin başçısı qeyd etdi ki, enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir: "Bu baxımdan Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır".

Dövlətimizin başçısı neft-qaz layihələrinin ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyətinin olduğunu bildirdi: "Çünki təsəvvür edin, əgər 1994-cü ildə "Əsrin kontraktı" imzalanmasaydı və Azərbaycan öz zəngin neft-qaz resurslarını dünya bazarlarına ixrac etməsəydi, bizim iqtisadi vəziyyətimiz tam fərqli ola bilərdi. Ona görə bu layihələr ölkə iqtisadiyyatına çox böyük təkan vermişdir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, kadr hazırlığı üçün yeni imkanlar yaradılmışdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Gözəl təlim və təhsil almış gənc Azərbaycan mütəxəssisləri bu gün ölkəmiz üçün çox böyük işlər görürlər. Kadr hazırlığı, biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlıq - bütün bunlar bu layihələrin nəticəsində mümkün olmuşdur və ölkəmizə böyük fayda vermişdir".

Prezident İlham Əliyev dedi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının icrası Azərbaycanda tamamilə yeni bir vəziyyət yaratmış və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır: "Biz neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa başlamışıq. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur, sosial layihələrin, vətəndaşların sosial problemlərinin həlli - bütün bunların təməlində bizim uğurlu neft siyasətimiz dayanır. Bu gün isə ölkə qarşısında duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə də önəmli addımlar atılır. Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq. Eyni zamanda, bilməliyik ki, neft-qaz sektoru bundan sonra da ölkə iqtisadiyyatında çox önəmli rol oynayacaqdır".

ABŞ dövlət departamentinin enerji ehtiyatları bürosunda dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon Azərbaycanın qlobal enerji bazarına, Cənub Qaz Dəhlizi layihəsinin isə enerji təhlükəsizliyinə töhfə verdiyini vurğuladı. Bu layihənin reallaşmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və digər tərəfdaşlara təşəkkür etdi. Kent Loqsdon daha sonra ABŞ Prezidenti Donald Trampın məktubunu tədbir iştirakçılarına çatdırdı.

Böyük Britaniyanın beynəlxalq ticarət üzrə dövlət katibi Liam Foks videomüraciətində bildirdi ki, Azərbaycan enerji müstəqilliyini təmin etmiş ölkədir. Azərbaycan ilə Böyük Britaniya arasında dərinləşən əməkdaşlıq ölkələrimizə daha çox iqtisadi faydalar verməkdədir. Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir.

Sonra Prezident İlham Əliyev sərgi ilə tanış oldu.

Tanınmış beynəlxalq platforma kimi nüfuz qazanan və bölgəmizin neft-qaz sənayesinin mühüm tədbiri olan bu sərgi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək üçün mühüm platforma hesab edilir. Sərgidə iştirak edən şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edir.

Sonda dövlətimizin başçısı sərgi və konfransın xatirə kitabını imzaladı.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il