ENG     25 Aprel 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
19 Aprel 2019-ci il
N 14 (612)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

ZƏLZƏLƏLƏR, ONLARIN GENETİK TƏSNİFATI, COĞRAFİ YAYILMASI, PROQNOZU VƏ QORUNMAQ ÜÇÜN DAVRANIŞ QAYDALARI

(Əvvəli qəzetin 21,28 dekabr 2018-ci il, 11,19,26 yanvar, 1 fevral 2019-cu il tarixli saylarında)

Vulkanik zəlzələlərin tədqiqi göstərir ki, onlar, adətən, vulkanların fəaliyyəti, bilavasitə maqmadan ayrılan qazların partlayışı, hidravlik zərbə və s. ilə sıx şəkildə əlaqədardır. Hiposentrinin dərinliyinə görə zəlzələlər normal tipə aiddir. Zəlzələlər bəzən vulkanların püskürməsi ilə eyni vaxtda, bəzən isə ondan daha əvvəl baş verir. Denudasiya zəlzələlərinə nisbətən vulkanik zəlzələlər geniş yayılmışdır.

Denudasiya zəlzələləri. Denudasiya və ya uçqun zəlzələləri yeraltı uçqunlar nəticəsində uçulan süxur kütlələrinin zərbələri hesabına baş verir. Uçqunlar, adətən, müxtəlif denudasion proseslər (məsələn, karst mağaralarının tavanının uçması) nəticəsində baş verir. Bu tip zəlzələlər onların ümumi sayından 1 %-dən də az təşkil edir. Denudasiya zəlzələləri əhəngdaşı, gips və başqa asan həll olan süxurların geniş inkişaf tapdiğı ərazilərdə baş verir və nəticədə müxtəlif ölçülü mağaralar əmələ gəlir. Mağaralar əhəmiyyətli dərəcədə böyüdükdə onların tavanı yuxarıda yatan layların ağırlıq qüvvəsinin təsiri altında uçub tökülür. Uçub tökülən süxurların kütləsi və uçqunun hündürlüyü nə qədər böyük olarsa, yer səthində təkanlar bir o qədər güclü hiss ediləcəkdir. Bəzən birinci uçqunun ardınca bir neçə gün fasilələrlə digərləri də baş verir. Əgər yeraltı uçqun yer səthinə çatarsa, bu zaman tez-tez qıfabənzər formalı çökəklik (uçurum) əmələ gəlir.

Denudasiya zəlzələləri üçün fokusun az (qısa) dərinliyi xarakterikdir. Ona görə də, hətta təkanların gücü əhəmiyyətli olduqda belə bu zəlzələlərin yayılma sahəsi kiçik (bir neçə on kvadrat kilometri aşmır) olur. Uçqun zəlzələlərinin episentri mağaraların göstəricilərindən asılı olaraq çox və ya az dərəcədə sabitdir. Əgər uçqun birdən baş verərsə, onda zəlzələnin davam etmə müddəti bir neçə saniyədən artıq olmayacaqdır. Əgər uçqunlar bir istiqamətdə və yaxud bir neçə məntəqədə bir-birinin ardınca baş verərsə, onda isə təkanlar bir neçə ay müddətində davam edə bilər. Belə ki, onlarda mağaraların əmələ gəlməsi və uçqunların baş verməsi yeraltı suların fəaliyyəti ilə əlaqədardır, karst rayonlarında sonuncuların intensivliyi atmosfer çöküntülərinin miqdarından asılıdır, çöküntülərin miqdarının kəskin şəkildə artması isə tez-tez uçqun zəlzələlərinin təkrarlanması ilə nəticələnir.

Uçqun zəlzələlərinə dəfələrlə təkrar olunan pribaltika zəlzələləri (paleozoyun əhəngdaşı və gipsli süxurlarının inkişaf tapdığı zolaqda yerləşən Arxangelsk, Şenkursk, Velsk və başqa məntəqələrdə baş verən titrəyişlər)  misal ola bilər. 1915-ci ildə Xarkov vilayətinin Volçansk rayonunda baş vermiş uçqun zəlzələsi diametri 100 km-ə qədər olan sahəni əhatə etmişdi. Xarkov şəhərinin sakinləri binaların titrədiyini hiss etmiş, pəncərə şüşələrinin cingiltisini eşitmişlər, asma lampaların isə titrədiyini müşahidə etmişlər. Bir çox evlərdə qapılar açılmışdır.

Uçqun zəlzələlərinin gücü episentrdə nadir hallarda 6-7 balldan yuxarı (artıq) olur, əhəmiyyətli dağıntılar isə yer səthində yalnış uçqunların əmələ gəlməsi ilə əlaqədar baş verə bilər.

Dəniz zəlzələləri.Onu da qeyd etmək lazımdır ki, bəzi zəlzələlər dəniz və ya okean hövzələrində baş verir ki, bunlara da  dəniz zəlzələləri deyilir. Zəlzələlər nəticəsində dəniz və ya okeanın dibində, quruda olduğu kimi, dəyişikliklər baş verir. Güclü zəlzələlər dənizin səthində böyük dalğalar əmələ gətirir ki, bu dalğalara da tsunami deyilir.

Dəniz və okeanlarda baş verən zəlzələlər zamanı su sahildən əvvəlcə geriyə çəkilir, sonra isə yenidən quruya doğru irəliləyir. Bu zaman əmələ gələn tsunami dalğaları quruya doğru böyük sürətlə hücuma keçir, nəticədə zəlzələnin özündən də güclü və məhvedici hadisələr baş verir. Adətən dənizin geri çəkilməsi təxminən 5-dən 35 dəqiqəyədək davam edir və bəzən - nadir hallarda bu proses bir neçə saat çəkir. Məsələn, 1690-cı ildə Peruda baş vermiş zəlzələ zamanı dəniz geri çəkilmiş və yalnız 3 saatdan sonra qayıtmışdır. Həmçinin, 1755-ci ildə Lissabon zəlzələləri zamanı dəniz əvvəlcə geri çəkilmiş, sonra isə güclü dalğanın əmələ gəlməsi ilə quruya doğru irəliləmiş və dənizin səthi orta hesabla 26 m qalxmışdır. Dəniz quruya doğru təxminən 15 km irəliləmiş, sahilə çoxlu sayda gəmilər tullamış və on minlərlə insanı tələf etmişdir.

Bəzən dənizin geri çəkilməsi və irəliləməsi halları bir neçə dəfə təkrar olunur. Məsələn, 1923-cü ilin ortalarında Kamçatka yarımadasının Ust-Kamçatski  qəsəbəsi yaxınlığında baş verən zəlzələ həmin il aprelin 14-də yenidən təkrar olunmuşdur. Hündürlüyü 6,5 m-ə çatan tsunami dalğaları quru ərazilərdə 450 km məsafədə irəliləmişdi.

Seysmik dalğaların dəniz şəraitində sürətı 1400 m/san-dən artıqdır və demək olar ki, səsin dəniz sularındakı sürətinə (1440 m/san)  bərabərdir. Çox dayaz sahil zonalarında bu sürət bəzi hallarda 200 m/san-dək çatır.

1868-ci ilin avqust ayında Çilidə hündürlüyü 20 m-dək olan dalğalar böyük dağıntılar törətmişdir. Maksimal hündürlüyə çatan dalğalar bütün Sakit okeanı boyu yayılmışdı. 12 saatdan sonra bu dalğalar Havay adalarına, 19 saatdan sonra isə artıq hündürlüyü 3 m olmaqla Yeni Zellandiyaya çatmış və 25 min insanı yuyub aparmışdı. 24 saatdan sonra bu dalğalar artıq Yaponiyaya çatmışdı.

Sunamilərin sahil boyu törətdiyi dağıdıcı fəlakətlərdən savayı, dənizin daha uzaq yerlərində də seysmik hadisələr baş verir. Lakin orada güclü dalğalar əmələ gəlmir. Açıq dəniz şəraitində tsunami dalğalarının əmələ gəlməsini indiyədək heç kəs müşahidə etməmişdir. Ola bilsin ki, bu dalğalar okean hövzəsində bütün su kütləsinin titrəyişi (tərpənişi) hesab edilməlidir.

Zəlzələlərin coğrafi yayilması.  Zəlzələlər yer səthində qeyri-bərabər şəkildə yayılmışdir və onların müəyyən zonalar (seysmik qurşaqlar) daxilində cəmləşdiyi müşahidə olunur. Bəzi zonalarda bu tez-tez və güclü, digər zonalarda isə zəif və eyni zamanda az-az baş verir.

Yüksək intensivlikdə baş verən zəlzələlər Sakit okeanın ətrafında yerləşərək Sakit okean seysmik qurşağını təşkil edir. Kamçatka yarımadasının şərq sahillərindən başlayan bu seysmik qurşaq Aleut adalarını keçməklə Alyaskaya doğru uzanır. Bu zonada (qurşaqda) seysmiklik çox yüksəkdir. Kaliforniya ərazisi istisna olmaqla, onun cənub hissəsində seysmikliyin səviyyəsi nisbətən azalır. Sonra qurşaq mərkəzi Meksika, oradan isə Sakit okean sahilləri boyu cənubi Amerikaya tərəf uzanır. Digər tərəfdən bu iri seysmik qurşaq Kuril və Yapon adaları boyu keçir. Mərkəzi Yaponiyada zona iki (şərq və qərb) qola ayrılır, şərq qolu cənubda Marian adalarına qədər, qərb qolu isə Filippin adalarına keçməklə cənuba doğru istiqamətlənir. Dünyada baş verən bütün dərinfokslu zəlzələlərin 90 %-i, o cümlədən fəlakətli zəlzələlərin böyük əksəriyyəti bu zonada baş verir.

Yüksək seysmik aktivliyə malik olan digər zona Alp-Himalay seysmik qurşağı hesab edilir. Bu qurşaq Aralıq dənizindən başlayaraq Yunanıstan, Türkiyə, Qafqaz, İran ərazisindən keçməklə Hindistanın şimalına qədər uzanır. Yerdəki zəlzələlərin 5-6 %-i bu qurşaq daxilində, qalan 4-5 % zəlzələlər isə orta okean dağ sıralarını və rift (ingilis sözü olub yarğan, dərə mənasını verir) zonalarını əhatə edən zolaq daxilində baş verir.

Qafqaz, o cümlədən Azərbaycan, eləcə də Xəzər dənizi Alp-Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kollizion təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir.

Ərəbistan plitəsi Qirmızı dəniz və Ədən körfəzi rift zonaları boyunca Afrika meqaplitəsindən qirilaraq şimala doğru hərəkər edir. Bu yerlərdə rift zonalarının varlığı geoloji-geofiziki məlumatlarla sübut olunmuşdur ( Bott, 1974; Soroxotin, 1979). Rift zonalarında zəlzələlərin sayı, plitələrin subduksiya və kolliziya formalı təmas zonalarında baş verən zəlzələlərdən az, intensivlikləri isə nisbətən aşağı olur. Ərəbistan plitəsinin cənubunda və cənub-qərbində olan rift zonaları da nisbətən az saylı seysmik təkanlarla səciyyələnir. Tədqiqatlar burada horizontal genişlənmə gərginliyinin olmasını göstərir. Bu horizontal genişlənmə gərginliyi Ərəbistan plitəsini şimal istiqamətində hərəkət etməyə sövq edən yerdəyişmə qüvvələrinin əmələ gəlməsinə səbəb olur.

Ərəbistan plitəsinin Avrasiya meqaplitəsi ilə toqquşması nəticəsində onların arasındakı litosfer sahəsi Anadolu, İran, Qaradəniz, cənubi Xəzər mikroplitələrinə və Qafqaz meqablokuna parçalanır. Bu mikroplitələr, o cümlədən Azərbaycan ərazisinin də daxil olduğu cənubi Xəzər mikroplitəsi və Qafqaz meqabloku özünəməxsus hərəkət istiqamətləri ilə səciyyələnir və kifayət qədər yüksək seysmoaktivlikli dərinlik qırılmaları sistemləri ilə sərhədlənirlər.

Alp qırışıqlıq qurşağının mürəkkəb tektonik quruluşa malik bir elementi olan Qafqaz meqabloku və onun Azərbaycan hissəsi tektonik rejimi və struktur-fasial xüsusiyyətləri ilə fərqlənən müxtəlif hərəkət istiqamətli strukturlara ayrılır. Bu strukturları sərhədləndirən dərinlik qırılmalarının bir çoxu yüksək mütəhərrikliklə səciyyələndiyindən ərazidə yüksək seysmik aktivliyin yaranmasına səbəb olurlar. 

Aparilmış geoloji-seysmoloji tədqiqatların nəticələri göstərir ki, seysmik qurşaq və zonalar yer səthini praktiki cəhətdən seysmik aktivlikdən məhrum edilmiş böyük ərazilərə bölür. Yüksək seysmik aktiv qurşaqlarla müasir vulkanizmin və cavan dağəmələgəlmə proseslərinin təzahür etdiyi qurşaqlar bir-birinə uyğun gəlir, yəni endogen proseslərin 3 əsas təzahür forması - vulkanizm, dağəmələgəlmə və zəlzələ məkanca əlaqəlidirlər.

Seysmik rayonlaşdırma. Zəlzələ təbiətin ən dəhşətli hadisəsidir, o, böyük fəlakətlər törədir, binaları uçurub dağıdır, şəhər və kəndləri viran edib xarabazarlığa çevirir, həmçinin insan tələfatına səbəb olur. Zəlzələlərin təsirilə yer qabığında çatlar əmələ gəlir, çaylar öz köhnə vadilərindən kənara çıxır, bəzən də ən möhtəşəm dağlar bu zərbələrə davam gətirməyib parçalanır. Zəlzələlərin qarşısını almaq qeyri-mümkündür. Lakin onların çox vaxt böyük sayda insan itgilərinə səbəb olan dağıdıcı nəticələrini azaltmaq mümkündür. Bunun üçün seysmik aktiv ərazilərin etibarlı seysmik rayonlaşdırma xəritələrinin və ona uyğun seysmik dayanıqlı tikinti normalarının tətbiqi zəruridir. Seysmik rayonlaşdırma seysmoaktiv ərazilərin seysmik təhlükəlilik səviyyəsinə görə xəritələşdirilməsidir. Seysmik təhlükə dedikdə verilən ərazidə kifayət qədər böyük zaman intervalında (50, 100, 500 il və s.) müəyyən səviyyəli seysmik effektin baş verməsi ehtimalı nəzərdə tutulur. Uzun müddətli seysmik təhlükənin qiymətləndirilməsi seysmik cəhətdən aktiv ərazilərdə yerləşən dövlətlərin dayanıqlı inkişafını (şəhərsalma, torpaqdan istifadə, fövqəladə hallar və s.) planlaşdırmaq üçün zəruri bir işdir.

Ərazilərin dəqiq və ətraflı şəkildə seysmik, geoloji və geofiziki xüsusiyyətlərinin öyrənilməsi qabaqcadan gələcəkdə zəlzələ baş verə biləcək əyalətləri, zonaları və rayonları ehtimal əsasında qeyd etməyə, həmçinin onların maksimal intensivliyini və bu və ya digər bina və qurğular üçün mümkün təsirlərini qiymətləndirməyə imkan verir. Gələcəkdə baş verə biləcək zəlzələlərin ehtimal edilən gücü (balla) xüsusi xəritə üzərində göstərilir ki, belə xəritə də  seysmik rayonlaşdırma xəritəsi adını daşıyır. Belə xəritənin tərtib edilməsi məqsədi ilə hal-hazırda Rusiyada və bir sıra Avropa ölkələrində, o cümlədən Azərbaycanda zəlzələ kataloqlarına daxil olan tarixi və instrumental üsulla yazılmış zəlzələlərin xəritələnməsinə əsaslanan determinist-ehtimallı metoddan istifadə edilir. Bu metodun əsasını iki prinsip təşkil edir: 1) müəyyən maqnitudlu zəlzələlər gələcəkdə də keçmişdəki təkrarlanma periodu ilə təkrarlanacaqdır; 2) eyni tektonik quruluşlu sahələr bərabər seysmik potensiala malikdir.

Problemin qoyuluşundan, detallıq dərəcəsindən və tədqiqat miqyasından asılı olaraq seysmik rayonlaşdırma  ümumi, detal və  mikroseysmik ola bilər. Qeyd etmək lazımdır ki, ümumi seysmik rayonlaşdırma xəritələri detal və mikrorayonlaşdırma işləri üçün əsas və dayaq rolu oynayır.

(ardı var)

FHN Fövqəladə halların xəbərdar

edilməsi və daxili təhlükəsizlik Baş idarəsi

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il