ENG     15 Fevral 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Fevral 2019-ci il
N 06 (604)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Aktual

Azərbaycan Prezidentinin tapşırığına əsasən zəlzələnin fəsadlarının aradan qaldırılması işləri fasiləsiz davam etdirilir

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də gecə baş vermiş zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Dövlətimizin başçısının tapşırığına əsasən, aidiyyəti qurumların rəhbərləri zəlzələdən zərər çəkən vətəndaşlarla görüşüb, yeraltı təkanların fəsadları ilə tanış olublar. Sakinlərə vaxtında kömək göstərilib və lazımi yerlərdə yerləşdirilmələrinə şərait yaradılıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətti"nə dörd rayon üzrə 73 müraciət daxil olub. Müraciətlərdə ciddi fəsadların olmadığı qeyd edilib. Heç bir evdə böyük uçqun baş verməyib. Yalnız evlərin divarlarında içəridən və bayırdan müəyyən çatlar olub. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin 118 nəfərlik şəxsi heyəti, 15 texnikası və xüsusi təlim keçmiş itlər dərhal bölgəyə cəlb olunub.

Zəlzələnin baş verdiyi ərazinin vəziyyətinin qiymətləndirilməsi və nəticələrinin aradan qaldırılması üçün dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və nazirliyin digər rəhbər şəxsləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olub, yerli sakinlərlə söhbət aparıblar.

Zəlzələdən zərər çəkmiş yaşayış evlərindəki vəziyyətlə tanış olan Kəmaləddin Heydərov bildirib ki, mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vəziyyət tam nəzarətə götürülüb. Rayon fövqəladə hallar komissiyaları ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlər görüləcək. Nazir deyib ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcəklər. K.Heydərov bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər.

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in komissiyası Şamaxı, İsmayıllı və Ağsu rayon icra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları ilə birgə işləyirlər. FHN-in və rayon icra hakimiyyətinin əməkdaşları birlikdə zəlzələ nəticəsində qəzanın baş verdiyi və ya şikayət olunan yerlərə və vətəndaşlara baş çəkiblər. Mütəxəssislər ziyan dəymiş binaların dayanıqlılığını və vəziyyətini araşdırırlar. Araşdırmanın nəticəsində müvafiq qərar qəbul olunacaq. Evlərin təmiri və bərpa işlərinin aparılmasına dövlət tərəfindən yardım ediləcək.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri və könüllüləri dağıntılar baş verən yerlərdə sakinlərlə görüşürlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, hər bir sakinin evində olan nümayəndələr mövcud vəziyyət barədə məlumat toplayaraq müvafiq strukturlarla birgə iş aparırlar.

Hadisə ilə əlaqədar tibbi yardım üçün 30 müraciət olub. Xəsarət alan üç nəfərdən birinin qolu sınıb, ikisinin ayağı əzilib. Onlara təcili tibbi yardım göstərilib və evə buraxılıb. Zəlzələ ilə əlaqədar Şamaxı Mərkəzi Rayon Xəstəxanası gücləndirilmiş iş rejimində çalışıb, gecə ərzində altı təcili tibbi yardım briqadası xidmət göstərib.

Zəlzələnin sürüşmə sahələrinə təsirini öyrənmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssislərindən ibarət yaradılan işçi qrup monitorinq və müşahidələr aparmaq üçün Şamaxı, Ağsu və İsmayıllı rayonlarına ezam olunub.

Zəlzələ nəticəsində zərərçəkən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısına görə minnətdarlıqlarını bildirib, aidiyyəti qurumlar tərəfindən onların problemlərinin aradan qaldırılması üçün görülən işlərdən razılıqlarını ifadə ediblər.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il