ENG     26 Mart 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Mart 2019-ci il
N 10 (608)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qış imtahan sessiyası davam edir

Fövqəladə Hallar Nazirliyinin Akademiyası müasir dövrün tələblərinə cavab verən xüsusi ixtisaslı ali təhsilli milli kadrların hazırlanması, əməkdaşların əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqatlar ali təhsil müəssisəsi olmaqla kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə ciddi diqqət yetirir. Kursant və magistrantların düzgün təlim-tərbiyə olunmaları və yüksək səviyyəli mütəxəssislər kimi yetişmələri üçün Akademiyada hər cür şərait yaradılmış, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi və yanğın təhlükəsizliyi mühəndisliyi sahəsində son elmi-texniki nailiyyətlərin tədris prosesinə uğurla tətbiq olunmasının, həmçinin pedoqoji heyətin gündəlik fəaliyyətini yeni, mütərəqqi iş metodları ilə qurmasının nəticəsidir ki, təhsilin səviyyəsi keyfiyyət baxımından təşkil edilmiş, bu da öz növbəsində burada təhsil alanların peşəkar mütəxəssislər kimi yetişmələrində olduqca əhəmiyyətli rol oynayır.

Artıq Akademiyada qış imtahan sessiyası davam edir. 

Yeri gəlmişkən, Akademiyada əyani təhsil alan kursantlar və magistrantların 2018/2019-cu tədris ilinin payız semestri bütün ixtisaslar və kurslar üzrə akademik təqvim qrafikinə uyğun olaraq 28 dekabr 2018-ci il tarixində başa çatmışdır. Payız semestrinin qış imtahan sessiyası isə həmin qrafikə uyğun tərtib olunmuş imtahan qrafikinə uyğun olaraq yanvarın 4-dən 31-dək dövr üçün planlaşdırılmışdır. Akademiyada qiyabi təhsil alan 85 nəfər dinləyicilərin imtahanları isə tədris ili üçün təsdiq olunmuş qiyabi təhsilin qrafikinə uyğun olaraq artıq başa çatdırılmışdır.

İmtahan sessiyası dövründə bakalavriat səviyyəsi üzrə 16 taqımın tərkibində 387 nəfər kursant və müdavimin bütövlükdə 43 fənn üzrə imtahanları planlaşdırılmışdır. İmtahanların qəbulu bəzi tətbiqi ixtisas fənlərindən praktiki hazırlıqdan, bir sıra fənlərdən yazılı formada, əksər fənlərdən isə xüsusi kompüter otaqlarında test üsulu ilə həyata keçirilir. Fakültativ formada tədris olunan fənlərin tədrisi isə məqbulların qəbulu ilə artıq yekunlaşdırılmışdır.

Magistratura səviyyəsində II kursda 8 fənn üzrə 15 nəfərdən, I kursda isə 8 fənn üzrə 14 nəfərdən yazılı imtahanların qəbulu davam etdirilir.

Test üsulu ilə keçirilən imtahanlara hazırlığın keyfiyyətini yüksəltmək məqsədi ilə imtahan test bazasında açıq sualların yerləşdirilməsi təmin olunmuşdur.

Onu da qeyd edək ki, imtahan sessiyasına hazırlıq dövründə qış imtahan sessiyasının keçirilməsi barədə Akademiyanın rəisi general-mayor Baba Salayevin əmr layihəsi ilə imtahanların keçirilməsi üzrə komissiyaların tərkibi müəyyən edilmiş, sessiyanın keçirilməsi qrafiki hazırlanmış və vaxtında təsdiq olunmuşdur. İmtahanların şəffaf keçirilməsi və nəticələrinin obyektiv qiymətləndirilməsi məqsədilə qərargah yaradılmış və onun tərkibində apellyasiya komissiyasının işi təmin olunmuşdur. İmtahan test bazası yenilənmiş, yazılı imtahanların sualları isə fənn müəllimləri tərəfindən hazırlanmış və müvafiq kafedralarda müzakirə olunaraq təsdiq olunmuşdur. İmtahanlara hazırlıq və imtahanqabağı məsləhət saatlarının təşkili məqsədilə fənlər üzrə imtahan sualları kursantların istifadəsi üçün kafedralar tərəfindən Akademiyanın kitabxanasına təhvil verilmişdir. Kafedraların təqdim etdiyi semestr göstəriciləri Tədris şöbəsində təhlil olunmuş və kursantların nəzərinə çatdırılmışdır.

İmtahan sessiyasını kompüter texnologiyalarının tətbiqi ilə həyata keçirmək məqsədilə xüsusi hazırlanmış kompüter otaqlarının yeni proqram təminatı işlək vəziyyətə gətirilmiş və kompüterlər şəbəkəyə qoşularaq onların mərkəzləşdirilmiş mühafizə sistemi təmin olunmuşdur. İmtahanların nəticələrinin sənədləşməsinə dair işlər sistemləşdirilərək elektron baza yaradılmış və kursantların imtahana giriş parolları müəyyən edilmişdir.

Yeri gəlmişkən, kursant və magistrantların tədris müddəti ərzində topladıqları imtahana ümumi giriş balları onların imtahanlara buraxılması üçün şərait yaratmışdır. Magistratura səviyyəsi üçün yazılı imtahanların sualları biletlər formasında hazırlanıb Akademiyanın kitabxanasına təhvil verilmişdir.

İmtahan prosesi komissiyanın nəzarəti altında tam şəffaf formada həyata keçirilir. İmtahanda iştirak edən hər bir kursant imtahan başa çatdıqdan sonra aldığı qiymətlərlə tanış olur. Əvvəlki imtahan sessiyalarında olduğu kimi hazırki imtahan sessiyasında da əldə olunan nəticələr əsasında fakültələr, kurslar, taqımlar və fərdi birincilik müsabiqəsinin təşkil olunması imtahanlara daha yaxşı hazırlaşmaq üçün stimul yaradır. İmtahanda yüksək nəticələr göstərmiş kursantlar rəhbərlik tərəfindən rəğbətləndirilir və təhsildə fərqləndiyinə görə kursantlar sırasından əlaçı döş nişanına laiq görülür. İmtahan prosesində kursantların fəallığı müşahidə olunur. Bütövlükdə Akademiyada imtahanlara hazırlıq və qış imtahan sessiyasının gedişi göstərir ki, tədris olunan fənlər üzrə kursant və magistrantların hazırlıq səviyyəsi qənaətbəxşdir.

Tədris prosesi, imtahanların keçirilməsi forması və qaydaları Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin Avropa Kredit Transfer Sisteminə (AKTS) uyğun normativ hüquqi tələbləri çərçivəsində Akademiyanın qəbul etdiyi qərarlar və müəyyən etdiyi təlimatlar əsasında həyata keçirilir.

Qış imtahan sessiyasının nəticələrinin qiymətləndirilməsi Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş "Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə"yə uyğun 100 ballıq qiymət şkalasına uyğun aparılır. 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il