ENG     26 Mart 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Mart 2019-ci il
N 10 (608)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Aktual

Fövqəladə Hallar Nazirliyi Azərbaycan vətəndaşlarının dincliyi, rahatlığı və təhlükəsizliyinin keşiyindədir

Qloballaşan dünyanın çağırışlarına tarixi nailiyyətləri və yeni iqtisadi inkişaf modeli ilə cavab verən Azərbaycan dövlətinin əsas hədəfi xalqımızın rifahıdır. Bu rifahın təmin olunmasının əsas şərtlərindən biri isə ölkə vətəndaşlarının təhlükəsizliyinin təminatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən cəmiyyətin təhlükəsizliyinin qorunmasına və mülki müdafiəsinin təşkilinə xüsusi həssaslıqla, müasir standartlar prizmasından yanaşmış, fəlakətlərə qarşı hazır olmanı, effektiv mübarizəni, ərazilərin, təhlükə potensiallı müəssisələrin, təbii fəlakət və texnogen qəzaların mənbələrinin vəziyyətinin sistemli təhlilinin aparılmasını gündəliyə gətirmiş, 2005-ci il dekabr ayının 16-da imzaladığı sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının yeni yaradılmış nazirliyin tərkibinə verilməsi dövlətimizin və xalqımızın əmlakının və həyatının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması, hadisələrin qarşısının alınması və nəticələrinin çevik və effektli şəkildə aradan qaldırılmasında, əhalinin təhlükəsizliyinin etibarlı təmin olunması sahəsində irəliyə doğru atılan mühüm addımlardan olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin qarşısında vətəndaşların təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi kimi çox ciddi vəzifələr qoymuşdur. Qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün Fövqəladə Hallar Nazirliyi formalaşarkən tabeliyinə verilən və yeni yaradılan qurumlarında islahatlara, quruculuq işlərinə, maddi-texniki bazanın möhkəmləndirilməsinə ciddi diqqət yetirmiş, qısa zaman kəsiyində mobil bir quruma çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin nazirlik qarşısında qoyduğu ciddi tapşırıqlardan biri də belə olmuşdur: "Dünyada hansı qabaqcıl texnologiya varsa, o, Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir". Ölkə başçısının xüsusi diqqət və qayğısının nəticəsi olaraq nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilmişdir. Fransanın, Almaniyanın, Amerika Birləşmiş Ştatlarının, Yaponiyanın, Türkiyənin, Rusiyanın və digər ölkələrin istehsalı olan müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınları, hündürlük nərdivanları, yanğınsöndürənlər üçün xüsusi geyim dəstləri və mühafizə avadanlıqları, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən amfibiya tipli təyyarə, helikopterlər, xüsusi naviqasiya avadanlıqları istismara verilmişdir. Fövqəladə hadisə baş vermiş ərazidə, yol şəraiti çətin olan yerlərdə qısa müddət ərzində zərərçəkənlərə və xəstələrə tam həcmli tibbi yardım göstərmək üçün mobil hospitallar, mobil tibbi diaqnostika və təcili yardım avtomobilləri, tikintilərin mövcud texniki təhlükəsizlik normaları və qaydalarına uyğun aparılmasına nəzarəti həyata keçirmək üçün səyyar laboratoriyalarla təmin edilmişlər. Xilasetmə işlərində xüsusi texnikalar, bomba zərərsizləşdirici sistemləri, motosikletlər, dənizdə xilasetmə əməliyyatları üçün sürətli və çoxfunksiyalı katerlər, xilasedici qayıqlar, axtarış gəmiləri, digər zəruri texniki vasitə və onlarla digər avadanlıqların gücündən iş prosesində istifadə edilmişdir.

Quruda və dənizdə baş verən irimiqyaslı fövqəladə hallar zamanı axtarış və qəza-xilasetmə işlərinin aparılması, hadisənin nəticələrinin aradan qaldırılmasında qüvvə və vasitələrin operativ idarə olunması məqsədilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin formalaşdırılmasında beynəlxalq təcrübədən geniş istifadə olunmuşdur. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti və "112" qaynar telefon xəttinin yaradılması insanların təhlükəsizliyi və mümkün olan xoşagəlməz hadisələrin qarşısının alınması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində atılmış mühüm addımlardan olmuşdur.

Fövqəladə Hallar Nazirliyi sistemində  çalışan əməkdaşlar ötən illər, o cümlədən 2018-ci ildə baş verən fövqəladə halların nəticələrinin aradan qaldırılmasında fəal iştirak etməklə yanaşı, həm də  respublika və beynəlxalq idman arenalarında öz sözlərini qətiyyətlə deməyi bacarmışlar. Otən il nazirliyin kollektivi üçün əlamətdar hadisələrdən biri Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə FHN İdman-Sağlamlıq Mərkəzinin açılışı olmuşdur.

İdman-Sağlamlıq Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsən Prezident İlham Əliyev burada yaradılan şəraitlə tanış olmuşdur. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov görülən işlər və yaradılan şəraitlə bağlı dövlətimizin başçısına ətraflı məlumat vermişdir. Müasirliyi ilə diqqəti cəlb edən, ümumi ərazisi 14 min kvadratmetr olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılmışdır.

İdman-Sağlamlıq Mərkəzinin universal zalında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verilmişdir ki, 1950 tamaşaçı yerlik universal zalda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Burada, əsasən, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubu fəaliyyət göstərəcək. İdman-sağlamlıq klubu tərəfindən əsas diqqət nazirliyin hərbi qulluqçularının və dövlət qulluqçularının fiziki hazırlığının yüksəldilməsinin həyata keçirilməsinə yönəldilib. Bundan başqa, klub nazirliyin qurumlarında idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsində iştirak edərək yığma komandaların, ayrı-ayrı idmançıların, məşqçilərin respublika və beynəlxalq əhəmiyyətli yarışlara qatılmasını təmin edir. Klub, həmçinin xilasetmə qurumlarının fəaliyyət istiqamətlərinə uyğun olaraq idman yarışları da təşkil edir. Son illər idman-sağlamlıq klubunun üzvləri müxtəlif yerli və beynəlxalq yarışlarda mühüm uğurlar qazanırlar. İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə hər il "Mübarizlər" yarışı keçirilir. Həmin il keçirilən yarışda klubun təmsilçiləri 8-i əcnəbi iştirakçıdan ibarət olmaqla, 45 komanda arasında birinci yeri tutmuşdur. Bundan başqa, klubun üzvləri 20-dək çempionatda, o cümlədən dünya və Avropa birinciliklərində, həmçinin digər turnirlərdə uğurla çıxış etmişlər. Klubun kişilərdən ibarət voleybol komandası Azərbaycan çempionatında müvəffəqiyyətlə çıxış edərək ikinci yeri tutmuşdur. Klubda inkişaf etdirilən əsas idman növləri arasında nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq səmti müəyyənetmə, dağadırmanma, beşnövçülük və çoxnövçülüyə də xüsusi diqqət yetirilir.

İdman-Sağlamlıq Mərkəzinin trenajor, cüdo, boks, güləş, karate və taekvondo zallarında da idmançılar üçün hərtərəfli şərait yaradılmışdır. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Zallarda məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub.

Qeyd edilmişdir ki, İdman-Sağlamlıq Mərkəzinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Buradakı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 120 nəfər izləyə biləcək.

Onu da qeyd edək ki, idman-sağlamlıq klubunun üzvləri yalnız nazirliyin əməkdaşlarından ibarətdir. Hazırda klubun 300-dək üzvü var. Klubun üzvləri bu idman qurğusunda cüdo, güləş, karate, üzgüçülük, gimnastika, taekvondo və digər idman növləri üzrə ustalıqlarını artırırlar. Gələcəkdə idman növlərinin sayının artırılması nəzərdə tutulur.

Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat təhlükəsizliyinin, dövlət əmlakının və fərdi mülkiyyətlərin təhlükəsizliyinin qorunması sahəsində öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmuş, maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində 2018-ci ildə işləri yüksək dinamizmlə davam etdirmişdir. Bir faktı da qeyd edək ki, ötən il Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Biləcəri qəsəbəsində yeni inşa edilən 4 nömrəli Yanğından mühafizə bölməsinin açılışı olmuş, Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 5 nömrəli Yanğından mühafizə bölməsinin və Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin depo binalarında işlər tam başa çatdırılaraq istismara hazır vəziyyətə gətirilmiş, Mülki müdafiə qoşunlarının Gəncə briqadasında tikinti işləri tamamlanaraq obyekt təhvil verilmiş, Şəmkir şəhərində Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında işlər tam yekunlaşdırılaraq istismara hazır vəziyyətə gətirilmişdir. Nazirliyin Akademiya kompleksinin müdavim yataqxanalarında, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Sumqayıt, Qobustan, Tağıyev, Corat, Novxanı, Buzovna, Şıxov, Pirşağı, Şıx, Sahil, Türkan, Hövsan, Lökbatan və Qızılqum xilasetmə məntəqələrində, Bakı və Zaqulba Dalğıc-axtarış qrupu binalarında təmir işləri başa çatdırılmışdır.

İl ərzində iş prosesində tətbiqi nəzərdə tutulan  müasir  texnika və avadanlıqların alınması  davam etdirilmiş, Dövlət Yanğından Mühafizə Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 25 ədəd müxtəlif təyinatlı yanğın avtomobilləri, 2 ədəd yük avtomobili, 1 ədəd avtobus, 1 ədəd mikroavtobus, 21 ədəd xidməti minik avtomobilləri, habelə meşə yanğınlarının söndürülməsi zamanı operativliyin təmin edilməsi məqsədilə 3 ədəd "Pikap" tipli avtomobil alınaraq istismara verilmişdir.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri respublika ərazisində baş verən irimiqyaslı yanğınların söndürülməsi, bina uçqunları, partlayış, qəza, torpaq sürüşmələri, sel və daşqınlar, digər təbii və texnogen fəlakətlər zamanı xilasetmə əməliyatlarında, axtarış işlərində, yaranan təhlükələrin aradan qaldırılmasında, insanların təhlükəsizliyinin təmin edilməsində nəyə qadir olduqlarını əməli fəaliyyətləri ilə dəfələrlə sübut etmişlər.

Yanğından mühafizə sahəsində əməliyyat şəraitinin daim diqqət mərkəzində saxlanıldığının nəticəsi olaraq, baş verən yanğın hadisələrinin qarşısı çevik surətdə alınmış, yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilməmişdir. Ötən il yanğınların söndürülməsi zamanı 129 dövlət obyekti, 351 özəl obyekt, 321 çoxmənzilli bina, 591 fərdi ev, 522 yardımçı tikili, 487 ədəd müxtəlif təyinatlı texnika, 1250 hektara yaxın meşə sahəsi, 2500 hektara yaxın taxıl zəmisi yanğından mühafizə olunmuşdur. 88 nəfərin həyatı real təhlükədən xilas edilmişdir. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1465 nəfər təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Xilasetmə qrupları tərəfindən fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 547-si uşaq olmaqla 1814 nəfər zərərçəkmiş xilas edilmiş, 24 nəfər zərərçəkmişə ilk yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilmişdir. Dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 136 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 75 nəfər olmaqla cəmi 211 nəfər xilas edilmiş, Astara və Lənkəran rayonları ərazisində subasma hadisəsi ilə əlaqədar 92 nəfər təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Müxtəlif təbii fəlakətlər nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün fərdi yaşayış evləri tikilib istifadəyə verilmiş, həmçinin, Daşkəsən, Oğuz, Masallı, Cəlilabad, Lənkəran, Yardımlı, Quba, Şamaxı rayonlarında güclü külək nəticəsində evlərə və sosial obyektlərə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması məqsədilə inşaat materiallarından ibarət yardım göndərilmişdir.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 5600 obyektdə tikinti norma və qaydalarının tələblərinə, layihəyə uyğunluğuna, təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə əməl olunmasının, görülən işlərə texniki və müəllif nəzarəti aparılmasının təmin olunması ilə əlaqədar dövlət nəzarəti qaydasında yoxlama işləri aparılmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın bir çox ölkələri ilə qurulan dostluq və əməkdaşlıq əlaqələri, beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici Fövqəladə Hallar Nazirliyinin bu istiqamətdəki fəaliyyətində də özünü göstərmişdir. Ötən il nazirliyin xarici ölkələrin müvafiq dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri daha da inkişaf etdirilmiş və möhkəmləndirilmişdir. O cümlədən, BMT-nin Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiyasının (UNISDR) Avropa üzrə rəhbərinin və Beynəlxalq Mülki Müdafiə Təşkilatının yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə FHN Akademiyasının yaradılmasının 10 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Bakı şəhərində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında informasiya mübadiləsi Reqlamenti, Minsk şəhərində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 17 oktyabr 2006-ci il tarixində Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsi üzrə 2019-2021-ci illər üzrə tədbirlərin Kompleks Planı imzalanmışdır. Qətərin Doha şəhərində keçirilən Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Katibliyinin 23-cü və İcraiyyə Şurasının 51-ci sessiyasında Azərbaycan Respublikası Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasına yenidən üzv seçilmişdir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın təhlükəsizliyinin və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması məqsədilə ardıcıl olaraq həyata keçirdiyi xüsusi-taktiki təlimlər xilasedicilərin peşə vərdişlərinin artırılmasında, baş verə biləcək hadisələrə çevik reaksiya verməsində mühüm əhəmiyyət kəsb etmişdir. Nazirliyin aidiyyəti qurumlarının şəxsi heyəti və xüsusi texnikası ötən ilin avqust ayında Qazaxıstan Respublikasında keçirilən "Xəzəryanı ölkələrin ərazilərində və Xəzər dənizinin akvatoriyasında təbii və texnogen xarakterli fövqəladə hallar zamanı Qazaxıstan Respublikası, Azərbaycan Respublikası, İran İslam Respublikası, Rusiya Federasiyası və Türkmənistanın xilasetmə xidmətlərinin qarşılıqlı fəaliyyətinin təşkili" mövzusunda "TENİZ-2018" beynəlxalq kompleks təlimində iştirak etmişdir.

Nazirliyin idarəetmə, kimyəvi kəşfiyyat və axtarış-xilasetmə qruplarından təşkil olunmuş Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi oktyabr ayında Serbiya Respublikasında Şimali Atlantika Müqaviləsi Təşkilatının Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzinin fəlakət nəticələrinin idarəolunması sahəsində "Serbiya-2018" təlimində iştirak etmişdir. Nazirliyin əməkdaşları kimyəvi kəşfiyyat və axtarış-xilasetmə əməliyyatları ilə yanaşı təlimin idarə heyətində, koordinasiya mərkəzi və qiymətləndirici qrupda fəaliyyət göstərmişlər.

Fəaliyyətinin hər bir anında ali dövlət qayğısı ilə əhatə olunmuş Fövqəladə Hallar Nazirliyi Azərbaycan xalqının təhlükəsizliyinin etibarlı təminatçısı kimi öz şərəfli missiyasını bundan sonra da var gücü ilə davam etdirəcəkdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il