ENG     24 Iyul 2019 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Iyul 2019-ci il
N 25 (623)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Aktual

Prezident İlham Əliyev: Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək

Artıq yenicə tarixə qovuşmuş 2018-ci ildə milli maraqlarımızın tam təmin olunması kontekstində davamlı şəkildə və qətiyyətlə yürüdülən siyasətin bəhrəsi olaraq müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafında nəzərəçarpacaq irəliləyişlər baş vermiş, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artması və möhkəmlənməsi, daxili və xarici siyasətdə böyük uğurlar qazanması ilə yaddaşlara yazılmışdır.

Prezident İlham Əliyev öz fəaliyyətində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial, iqtisadi inkişaf və siyasi sabitlik kursunu yüksək əzmkarlıqla, yaradıcılıqla davam etdirərək əməli fəaliyyəti ilə bütün vədlərinin həyatda real həllinə nail olmuşdur. Azərbaycan dövlətinin qarşısında duran taleyüklü vəzifələrin həlli üçün inamlı addımlar atmışdır.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində görülən işlərə bir daha aydınlıq gətirmiş, 2019-cu ildə ölkəmizin daha da inkişafı üçün atılacaq addımları xarakterizə etmişdir.

2018-ci ilin Azərbaycanın hərtərəfli inkişafı üçün uğurlu olduğunu, güclü ölkə kimi dünya miqyasında özünü təsdiqlədiyini vurğulayan dövlətimizin başçısı öz təbrikində beynəlxalq mövqelərimizin daha da möhkəmləndiyini, ötən il 16 xarici səfər etdiyini, ölkəmizə 16 dövlət və hökumət başçısının gəldiyini bildirmiş, bütün bunların ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunun göstəricisi kimi səciyyələndirmişdir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik.

Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxıb

Təbrik nitqində qonşu ölkələrlə əlaqələrimizin daha yüksək səviyyəyə qalxdığını vurğulayan dövlətimizin başçısı demişdir ki, bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir.

"Biz Avropa İttifaqı ilə əlaqələrimizi daha da möhkəmləndirmişik",- deyə sözünə davam edən Prezident İlham Əliyev qeyd etmişdir ki, 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir.

Azərbaycan müsəlman aləmində öz güclü rolunu daha da gücləndirə bilib

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam ölkələri ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həm özəl münasibətləri var, həm də Azərbaycan bu təşkilat çərçivəsində fəal rol oynayır və böyük dəstəyə malikdir. Təbrik nitqində dövlətimizin başçısı İslam həmrəyliyi məsələlərində bizim rolumuzun artdığını vurğulayaraq bildirmişdir ki, İslam Əməkdaşlıq Təşkilatı bu sahədə apardığımız siyasətə çox yüksək qiymət verir və tam əminliklə demək olar ki, Azərbaycan müsəlman aləmində öz güclü rolunu daha da gücləndirə bilib. Müsəlman ölkələri tərəfindən bizə göstərilən diqqət, hörmət və rəğbət göstərir ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olubdur.

Xəzər dənizinin hüquqi statusunun

müəyyənləşdirilməsi məsələsi öz həllini tapdı

2018-ci ildə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması sözün həqiqi mənasında dövrümüzün mürəkkəb məsələlərindən birinin həll olunması deməkdir. Bu, regionda sülhə, sabitliyə xidmət edən, Xəzəryanı dövlətlər arasında münasibətlərin yeni səviyyəsini müəyyən edən, yeni mərhələsinin əsasını qoyan bir sənəddir.

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinin həllini tapmasını tarixi nailiyyət adlandıran Prezident İlham Əliyev demişdir ki, uzun illər ərzində bu məsələ həll olunmamış qalmışdı. Ancaq bu, hazırda öz həllini tapıb və Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini vermişdir.

Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün səylərin göstərildiyini bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır.

Prezident İlham Əliyev belə bir məqama da toxunmuşdur ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər.

Bu gün Azərbaycan Ordusu dünya

miqyasında güclü ordular sırasındadır

Yola saldığımız 2018-ci ildə ölkəmizin müdafiə potensialı daha da güclənmişdir. Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, bizim güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir. Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək.

"Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq",- deyə sözünə davam edən dövlətimizin başçısı vurğulamışdır ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq.

Məcburi köçkünlərin, qacqınların sosial problemlərinin həllini özünün başlıca vəzifələrindən hesab edən Azərbaycan dövləti bu sahədə ciddi tədbirlər həyata keçirmişdir. Bu məsələyə toxunarkən Azərbaycan Prezidenti İlham Əliyev bildimişdir ki, 2018-ci ildə məcburi köçkünlər üçün çox böyük işlər görülüb. 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilib və onlara təqdim edilib. Bu, son illərdə rekord göstəricidir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilmişdir və biz bu siyasəti gələn il də davam etdirəcəyik.

Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim

müstəqil siyasətimizi gücləndirən amildir

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sosial - iqtisadi, siyasi sahədə aparılan genişmiqyaslı islahatlar təkcə xalqımız tərəfindən deyil, eyni zamanda dünya dövlətləri, beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Dövlətimizin başçısının sözlərinə görə, Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur. Dünya Bankının "Doing Business" proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir.

Azərbaycan dünyanın məhdud sayda

olan kosmik klubunun üzvüdür

Dövlətimizin başçısının rəhbərliyi altında müasir texnologiyalara böyük əhəmiyyət verilməsinin nəticəsi olaraq mövqeləri daha da möhkəmlənən, orbitə 3 peyk çıxaran və bu gün dünyanın məhdud sayda kosmik klubunun üzvlərindən olan Azərbaycanın qazandığı bu böyük nailiyyət həm də ölkə iqtisadiyyatının xüsusilə qeyri-neft sektorunun şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması və modernləşdirilməsi üçün aparılan islahatların ardıcıl və məntiqi nəticəsidir.

Azərbaycan nəinki regionun,

Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir

Qeyd etmək lazımdır ki, qısa müddətdə neft - qaz ixrac edən ölkəyə cevrilən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu, ölkəmizin müstəqil siyasət yeritməsinə, bütün dövlətlərlə əməkdaşlığı genişləndirməyə, Azərbaycanın beynəlxalq birlikdə etibarlı tərəfdaş kimi qəbul olunmasına təsir edən başlıca amillərdəndir.

Təbrik nitqində Prezident İlham Əliyev qeyd etmişdir ki, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. May ayında biz bu möhtəşəm tədbiri qeyd etmişdik. Bu, böyük tarixi nailiyyətdir. Eyni zamanda, iyun ayında TANAP layihəsi də rəsmi olaraq açıldı və beləliklə, Cənub Qaz Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yarandı. Bu, bizim tarixi nailiyyətimizdir və Azərbaycan xalqı bundan sonra onilliklər ərzində bu layihələrin faydasını görəcək.

Bu il Ələt Ticarət Limanının açılışını qeyd etdik. Bu da tarixi layihədir. Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri bizim ərazimizdən keçir. Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək.

Azərbaycan heç vaxt tarixdə bu qədər güclü,

bu qədər müstəqil, bu qədər azad olmamışdır

Xalqa təbrikində dövlətimizin başçısı xatırlatmışdır ki, ilin əvvəlində mənim Sərəncamımla 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilmişdir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə böyük təntənə ilə qeyd etmişik. Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır.

Azərbaycan xalqı yekdilliklə layiqli liderinə səs vermişdir

2018-ci il Azərbaycanın tarixinə növbəti prezident seckiləri ili kimi yazılmışdır. Xalqımız yekdilliklə özünün layiqli liderinə yenidən səs vermişdir. Bu, ötən beş ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan xalqının birmənalı surətdə dəstəkləməsinin, ölkənin gələcəyini yenidən ona etibar etməsinin bariz nümunəsi olmuşdur. Təbrik nitqində 2018-ci ildə keçirilən prezident seçkilərinə münasibətini açıqlayan dövlətimizin başçısı demişdir: "Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək". 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il