ENG     17 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyevin Quba rayonuna səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba rayonuna səfər çərçivəsində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğunda olan yol 1B texniki dərəcəyə uyğun inşa edilir.

Yeni inşa edilən yol 92 kilometrdən sonra Şabran rayonunun Gəndov kəndindən Rusiya sərhədinədək uzanan 60 kilometrlik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 kilometr təşkil edəcək.

Oktyabrın 11-də Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq "Yeni Yaşma" Külək Elektrik Parkının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsdilər.

"Azərenerji" ASC-nin prezidenti Baba Rzayev məlumat verdi ki, "Yeni Yaşma" Külək Elektrik Parkı bu il yenidən qurulub. Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyasında yenidənqurma işlərini Almaniyanın "Berlin Wind" şirkəti aparıb. Yanvar ayında ilk turbin işə salınmaqla ay üzrə cəmi 200 min kVt/saat elektrik enerjisi istehsal olunurdusa, hazırda 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kVt/saata yaxındır.

Dövlətimizin başçısına 3,6 MVt gücündə Yaşma Bağları Külək Elektrik Parkı və 1,7 MVt gücündə Şuraabad Külək Elektrik Parkı barədə də məlumat verildi.

Sonda Külək Elektrik Parkının kollektivi ilə xatirə şəkli çəkdirildi.

Oktyabrın 11-də Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verdi ki, dördüncü texniki dərəcəyə uyğun tikilən iki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Bütün texniki standartlara uyğun salınan yol üzərində zəruri yerlərdə siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ümumi uzunluğu 528 metr olan su ötürücü borular tikilib, yol cizgi xətləri çəkilib. Avtomobil yolunun tikintisi 11 yaşayış məntəqəsini birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.

Dövlətimizin başçısına Quba-Xaçmaz avtomobil yolunun yenidən qurulması barədə də məlumat verildi. Bundan əlavə, Prezident İlham Əliyevə Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin layihəsi barədə məlumat verildi.

Sonra dövlətimizin başçısı Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əsaslı təmirdən sonra fəaliyyəti ilə tanış olublar.

Dövlətimizin başçısı və xanımı elmi-tədqiqat institutunun binasında yaradılan şəraitlə maraqlanıblar.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.

Qeyd olundu ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun 50 hektar ərazisində 2017-2018-ci illərdə müasir və məhsuldar meyvə bağları salınıb. Prezident İlham Əliyevə əsas hədəfi ixrac potensialının gücləndirilməsi, bağçılığın dayanıqlı inkişafı, keyfiyyətli məhsul istehsalı və innovativ fermerlərin formalaşmasına dəstək olan "Ağıllı bağ layihəsi" barədə məlumat verildi. Həmçinin ixtisaslı mexanizatorların vahid reyestri, fermerlər və mexanizatorları əlaqələndirəcək vahid kommunikasiya sisteminin yaradılması, mexanizatorların peşəkarlıq səviyyəsi və digər göstəricilərinin ölçülməsi və onların ölkə üzrə lokasiyasının öyrənilməsi məqsədini daşıyan "AqroUber" layihəsindən də danışıldı.

Dövlətimizin başçısına yeni yaradılan Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyəti barədə məlumat verilərkən bildirildi ki, indiyə qədər 300-dən çox fermerin müraciətinə baxılıb. Onlardan alınan 300 min kiloqramdan çox məhsul satışı çıxarılıb. Bu yaxınlarda Cocuq Mərcanlıda 15 fermerin məhsulunun satışı məqsədilə memorandum imzalanıb.

Azərbaycan Prezidentinə "Kənddən Şəhərə" layihəsi haqqında da məlumat verildi. Qeyd olundu ki, layihə çərçivəsində müasir tipli yarmarkaların təşkili, pərakəndə satış mərkəzlərinin qurulması, online sifariş üçün mobil tətbiqin yaradılması nəzərdə tutulur.

 

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdilər.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına tibb müəssisəsində yaradılan şərait barədə məlumat verdi. Qeyd olundu ki, 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıq quraşdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşdü.

Həkim Kəmalə Heybətova dövlətimizin başçısına onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Oktyabrın 11-də Quba şəhərində 100 yerlik "Günəş" körpələr evi-uşaq bağçası açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Bağçada yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ümumi sahəsi 1439 kvadratmetr olan bina iki mərtəbəlidir. Yataq, yemək və istirahət otaqlarının olduğu bağçada uşaqlar üçün musiqi otağı və idman zalı yaradılıb. Burada balacaların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Oktyabrın 11-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Qubada "ABAD Factory" İstehsalat Kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış oldular.

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, həmçinin "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirdilər ki, "Quba ABAD Factory" İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə "Mədəniyyət evi" qismində istifadəyə verilmiş və uzun illər istismar nəticəsində yararsız vəziyyətdə düşmüşdü. İkimərtəbəli binada "ABAD" publik hüquqi şəxs tərəfindən "Paşa Holding"in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıq quraşdırılıb. Kompleksdə bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək.

"Paşa Holding"in dəstəyi ilə "ABAD" publik hüquqi şəxs tərəfindən həyata keçirilən "ABAD Gastro Village" layihəsi çərçivəsində isə "Quba ABAD Factory"nin önündə "Food truck park"ı yaradılıb.

"Quba ABAD Factory" və "ABAD Gastro Village" komplekslərində, ümumilikdə, 90-100 nəfər vətəndaşın məşğulluğu təmin ediləcək.

Oktyabrın 11-də "Qubaekoaqrar" Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına Quba-Xaçmaz iqtisadi rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr barədə məlumat verdi.

Sonra dövlətimizin başçısı zavodu işə saldı.

İqtisadiyyat naziri Şahin Mustafayev və müəssisənin rəhbəri Emin Məmmədzadə zavodda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdilər.

Bildirildi ki, "Qubaekoaqrar" MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb.

Hazır məhsullarla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, zavodun xammala olan tələbatı Quba və ətraf rayonlardan tədarük edilən məhsullar hesabına ödəniləcək. Bu isə kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək və regionda yeni meyvə bağlarının salınmasına stimul yaradacaq. Eyni zamanda, yetişdirilən meyvələr emal olunaraq xarici bazarlara çıxarılacaq ki, bu da regionun ixrac potensialının artırılmasına səbəb olacaq.

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba şəhərində salınan Gənclər Parkında yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısına parkda görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, parkın inşasına bu ilin fevralında başlanılıb. Ərazisi 0,66 hektar olan bu istirahət məkanı 4 hissədən ibarətdir. Burada yaşlı insanlar üçün hissə, idman zonası, gənclər və uşaqlar üçün guşələr yaradılıb. Bundan başqa, Gənclər Parkında 300 kvadratmetr sahəsi olan 2 mərtəbəli restoran da fəaliyyət göstərəcək. Parkda söhbətgahlar quraşdırılıb, uşaqların vaxtlarını səmərəli keçirmələri üçün attraksionlar qoyulub, geniş yaşıllıq zonaları salınıb, müxtəlif dekorativ ağac və gül kolları əkilib, işıqlandırma sistemi yaradılıb. Bir sözlə, bu parkda Quba sakinləri və rayonunun qonaqlarının istirahətlərini xoş və mənalı təşkil etmək üçün hərtərəfli şərait var.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il