ENG     17 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Oktyabr 2018-ci il
N 31 (589)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Cəmiyyət

13 oktyabr Beynəlxalq Təbii Fəlakətlərin Azaldılması günüdür
Ölkəmizin təbii fəlakətlər və böhranlara qarşı dözümlülüyünün möhkəmləndirilməsində davamlı dövlət siyasətinin rolu

Təbii fəlakətlərin ölkələrə vurduğu iqtisadi zərərin 350 milyard ABŞ dolları məbləğində qiymətləndirilərək rekord həddə çatdığı keçdiyimiz ildə, dünya miqyasında bu tip böhran vəziyyətlərinə ölkələrin hazırlığı və dəymiş zərərlərin aradan qaldırılması qlobal inkişaf gündəliyinin aktual məsələlərindəndir.

Dünya Bankının məlumatlarına əsasən bu cür fəlakətlər hər il 26 milyon insanı yoxsulluq halına salır və ölkələrin davamlı inkişafını əngəlləyərək, 2030-cu ilədək nail olunması hədəflənən 17 Davamlı İnkişaf Məqsədlərinin (DİM-lər) aclığa son, yaxşı səhiyyə və keyfiyyətli təhsilin əlçatanlığı, dayanıqlı şəhərlərin yaradılması, bərabərsizliklərin aradan qaldırılması, torpaq ekosisteminin mühafizəsi kimi bir çox aspektləri üzrə ölkələri ciddi şəkildə geriyə salır. Bu tip fəlakətlərin təsirlərinin azaldılması üçün ən ilkin şərtlər arasında ölkələrin məqsədyönlü ətraf mühit idarəçiliyi və fəlakətin baş verdiyi halda onun yaratdığı çətinliklərin minimuma endirilməsi üçün hazırlıqlı, yüksək bacarıqlara malik və çevik hərəkətə keçirilə bilən milli institusional vahidlərin olması başlıca yer tutur. BMT-nin Baş Assambleyası tərəfindən elan edilmiş 13 oktyabr - Beynəlxalq Təbii Fəlakətlərin Azaldılması günündə dünya ictimaiyyətinin xüsusilə diqqətinin yönəldiyi bu məsələlər istiqamətində Azərbaycan Respublikasında görülmüş ardıcıl və sistemli işlərə qısa nəzər yetirmək məqsədəmüvafiq olardı.

Bu gün qlobal səviyyədə təbii fəlakətlərin qarşısının alınması, onların ətraf mühitə və insanların yaşam şəraitlərinə, təsərrüfatlarına və sağlamlıqlarına yönəlik zərərlərinin azaldılması və yumşaldılması, habelə bu kimi fəlakətlərə ölkələrin hazırlığının gücləndirilməsi üzrə səyləri tənzimləyən və hədəfləri müəyyənləşdirən əsas sənəd 2015-ci ilin mart ayında Yaponiyanın Senday şəhərində keçirilmiş Fəlakət Riskinin Azaldılması üzrə BMT-nin Üçüncü Ümumdünya Konfransında qəbul edilmiş Fəlakət Riskinin Azaldılması üzrə Senday Çərçivəsidir.

Senday Çərçivəsinin yeddi strateji məqsəd və fəlakət itkilərinin azaldılmasında irəliləyişin ölçülməsi üçün otuz səkkiz göstəricisi "Dünyamızın transformasiyası: 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyi"ndə öz əksini tapmış 17 DİM və İqlim Dəyişikliyinə dair Paris Sazişinin əsas prinsipləri ilə uyğunluq təşkil edir. 2016-cı ildə BMT-nin Baş Katibi tərəfindən başladılan Senday Yeddi Kampaniyasının da əsas məqsədi hər il üzrə bir məqsədi xüsusilə prioritetləşdirərək, ümumdünya səviyyəsində müxtəlif maraqlı tərəflərin bu istiqamətdə gücünü səfərbər etməkdir. 2018-ci il üçün müəyyən edilmiş "2030-cu ilədək qlobal ümumi daxili məhsula nisbətdə birbaşa fəlakət səbəbindən yaranmış iqtisadi itkilərin azaldılması" məqsədinin çatdırmaq istədiyi başlıca mesaj isə fəlakətlərin yol açdığı iqtisadi itkilər sadəcə iqtisadi itki olaraq qalmayıb, əhalinin vəziyyətini, xüsusilə onun təhsil, səhiyyə və s. fundamental ehtiyaclarını qarşılaya bilmək bacarığını əhəmiyyətli dərəcədə çətinləşdirməsidir. Digər tərəfdən bu o deməkdir ki təbii fəlakət riskinin azaldılması və qarşısının alınması, habelə bu kimi hallara institusional hazırlığın gücləndirilməsi sahəsinə qabaqcadan qoyulmuş sərmayə bu kimi fəlakətlərin baş verdiyi halda böyük iqtisadi və sosial zərərlərin qarşısını almaqla böyük iqtisadi qənaətə şərait yaradır. Bəzi hallarda mənfəətin xərcə nisbəti 3:1-dən 15:1-ə kimi dəyişərək böyük iqtisadi zərərlərin qarşısını alır. Bu cür nəticə isə ətraf mühit idarəçiliyi sahəsinə kompleks və davamlı dövlət yanaşmasının sayəsində əldə oluna bilər.

1993-cü ilin əvvəllərində zəif idarəçilik səbəbindən ortaya çıxmış mərkəzdənqaçan qüvvələrin fəallaşması və Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının bürüdüyü xaotik bir zamanda Azərbaycan xalqının tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev çox gözəl bilirdi ki, hazırki halında ölkəmiz nəinki təbii fəlakətlərə hazır, heç onların baş verəcəyi təqdirdə fəsadların təkbaşına aradan qaldırılması gücünə malik deyil. Beləliklə, Ulu Öndər ətraf mühitin idarəçiliyi məsələlərinə kompleks və davamlı yanaşmanın əsasını qoyaraq, bu istiqaməti prioritet sahələrdən birinə çevirdi. Sadə bir fakt kimi qeyd etmək olar ki, Azərbaycan hökumətinin ən yaxın tərəfdaşlarından olan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən fəaliyyətinin ilkin illərində ən çox maliyyə vəsaitləri ayrılaraq dəstəklənən sahələr məhz ətraf mühitin mühafizəsinin gücləndirilməsi və böhranların qarşısının alınması sahələri idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu istiqamət üzrə görülmüş institusional islahatlar davam etdirilərək öz məntiqi nəticələrinə çatırdı.Bu islahatlar arasında ən əhəmiyyətlisi və uğurlusu isə Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması olmuşdur. Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, bu kimi fəlakət hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması, bir çox strateji məsələlərdə dövlət təhlükəsizliyini mərkəzləşdirilmiş və vahid qurumdan təmininə məsuliyyət daşıyan bu Nazirlik, qısa bir zamanda yüksək peşəkarlığa, çevik şəkildə hərəkətə gətirilə bilən heyətə və lazım olan müasir avadanlığa sahib olaraq ölkənin hər bir təbii fəlakətə dayanıqlılığını gücləndirdi.

Təbii fəlakətlərin və böhranların əhalinin layiqli yaşam sürmələri üçün imkanlarını məhdudlaşdırdığını və onların yol açdığı böyük sosial və iqtisadi itkilərin qarşısının alınması və ölkəmizin hər bir bölgəsinin sosial-iqtisadi inkişaf üzrə müvafiq Dövlət Proqramlarına uyğun olaraq davamlı inkişaf etmələri üçün təbii fəlakət riskinin azaldılmasına və əhalinin bu hallara hazırlığının artırılmasına Prezident İlham Əliyevin rəhbərliyi altında Fövqəladə Hallar Nazirliyi tərəfindən böyük diqqət ayrılmışdır. Bu məcrada ələlxüsus Azərbaycanın Böyük Qafqaz regionunun dağlıq zonalarında yaşayan icmalarının iqlim dəyişikliyi ilə əlaqədar üzləşdiyi daşqın və su qıtlığının yol açdığı çətinliklərə dözümlüyünün artırılmasına göstərilən dəstəyi vurğulamaq olar. Dağlıq icmaların su və daşqın idarəçiliyini təkmilləşdirməklə bu icmaların su sıxıntısı və daşqın təhlükəsinə qarşı həssaslığını azaltmağı hədəfləyən 2012-ci ildə Fövqəladə Hallar Nazirliyi və BMTİP-in birgə icrasına start verdiyi "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsinin əsas məqsədləri arasında qanunvericilik və  idarəetmə bazasının təkmilləşdirilməsi, strukturla bağlı olmayan metodları tətbiq etməklə təşkilati potensialın gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak etmələri üçün təlimlərin keçirilməsi və onların səlahiyyətlərinin genişləndirilməsi kimi məqsədləri qeyd etmək olar. Beş il müddətində davam edən icrası zamanı qarşısına qoyduğu məqsədləri layiqincə yerinə yetirən bu layihə təbii fəlakətlərin və böhranların qarşısının alınması üzrə Azərbaycan Respublikasının ən uğurlu təcrübələrindən biridir.

Senday Çərçivəsi və Senday Yeddi Kampaniyasının digər mühüm çağırışlarından biri də fəlakət riskinin və itkilərinin azaldılması prosesinə özəl sektorun nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və məsələ ilə yaxından tanış olan və mümkün həll yolları təmin edə bilən qrupların cəlb edilməsi üçün imkanların yaradılmasıdır. Bu həm başlıca rol və məsuliyyət daşıyan dövlətin üzərinə düşən yükün azalmasına, həm də problemin daha çevik və hərtərəfli həllinə müsbət təsir göstərə bilər.

Azərbaycan Respublikasında bu istiqamətdə ən örnək təşkilatlardan biri istər ölkəmizdə, istərsə də onun sərhədlərindən kənarda təbii fəlakətlər də daxil olmaqla müxtəlif problemlərdən əziyyət çəkən əhaliyə təmənnasız qayğı və xidmət göstərən Heydər Əliyev Fondudur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəfələrlə vurğuladığı kimi, bu kimi fəlakətlər və böhranlar baş verdiyi halda onların aradan qaldırılması üçün dəstək sahəsi qeyri-məhduddur. Tələb olunan isə sadəcə bu işin dövlət tərəfindən sistemli və məqsədyönlü şəkildə tənzimlənməsidir.

Yuxarıda qısaca nəzər yetirdiyimiz işlər, aparılan bir çox islahatlar, təkmilləşdirilmiş qanunvericilik bazası, bu sahədə fəaliyyət göstərən milli institutların yüksək təşkilati potensialı, beynəlxalq təşkilatlar və müxtəlif maraqlı tərəfdaşlar ilə qurulmuş konstruktiv əlaqələr bu gün ölkəmizi hər bir təbii fəlakətin və böhranın qısa bir zamanda aradan qaldırılaraq sosial və iqtisadi perspektivdən onların yarada biləcəyi çətinliklərin minimuma endirilməsi üçün tam hazırlıqlı edir.

Məzahir Əfəndiyev,

BMT-nin İnkişaf Proqramının layihə rəhbəri

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il