ENG     17 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Oktyabr 2018-ci il
N 31 (589)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.

Prezident İlham Əliyev deyib ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.

Dövlətimizin başçısı deyib:  "Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət əfsuslar olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq. Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik".

2018-ci ildə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini deyən dövlətimizin başçısı bildirib ki, mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.

Bu il qonşu ölkələrlə əlaqələrimizin yeni pilləyə qalxdığını vurğulayan dövlətimizin başçısı deyib: "Mənim qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlərim olub. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Müsəlman ölkələri ilə bizim əlaqələrimiz həmişə olduğu kimi diqqət mərkəzindədir. Bu, bizim xarici siyasətimizin prioritet məsələlərindən biridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal və dəyərli üzvüdür və bütün beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə biz İslam həmrəyliyini göstəririk və bunu təbliğ edirik. Təsadüfi deyil ki, keçən il bizdə "İslam Həmrəyliyi İli" elan olunmuşdur. Azərbaycanda, İslam aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsi işində bizim fəaliyyətimiz müsəlman dünyasında çox yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatı bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Biz bu istiqamətdə səylərimizi davam etdiririk və etdirəcəyik. Təsadüfi deyil ki, bu il Azərbaycanın ikinci şəhəri, Bakıdan sonra bu dəfə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı adına layiq görüldü. Biz bunu bütün müsəlman aləminin bizə olan hörmətinin təzahürü kimi qəbul edirik, qiymətləndiririk. Eyni zamanda, əlbəttə ki, bu qərar bizim İslam aləmində oynadığımız müsbət rol ilə bağlıdır və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. İslam aləmində həmrəyliyin, birliyin möhkəmlənməsi üçün səylərimizi davam etdirəcəyik, eyni zamanda, İslam dəyərlərini dünyaya çatdırmaq üçün bundan sonra da addımlar atılacaqdır. Bildiyiniz kimi, Azərbaycanda multikulturalizmlə bağlı bir çox tədbirlər keçirilmişdir və həm İslam aləmində, həm Avropada bizim bu səylərimiz yüksək qiymətləndirilir, bu səylərin gözəl nəticələri vardır".

Bu il bizim iştirakımızla bir neçə önəmli beynəlxalq hadisənin baş verdiyini  məmnunluqla dilə gətirən Prezident İlham Əliyev onların arasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsini xüsusilə qeyd edib: "Hesab edirəm ki, bu, tarixi sənəddir və bu sənəddə Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb. Xəzəryanı beş ölkə uzun danışıqlardan sonra razılığa gəlibdir. Yəni, bu, onu göstərir ki, bütün ölkələrin maraqları bu Konvensiyada təmin edilib. Hesab edirəm ki, bu, bölgənin, regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli bir sənəddir, çox ciddi hüquqi sənəddir".

Sözünə davam edən dövlətimizin başçısı deyib ki, bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük konfransı keçirilmişdir. Azərbaycan bu təşkilatda uğurla fəaliyyət göstərir və gələn ildən başlayaraq bu təşkilata, dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrlik edəcəkdir. Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcəkdir.

Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri" sənədində və NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstəyin bir daha ifadə olunduğunu deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin mövqelərinin daha da möhkəmləndiyini vurğulayıb.

Prezident İlham Əliyev Ermənistan tərəfinin cəhdlərinin nəticə vermədiyini, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatının dəyişməz olaraq qaldığını vurğulayıb. "Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır", - deyə Prezident İlham Əliyev bildirib.

"Biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq",- deyə sözünə davam edən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir.

Prezident İlham Əliyev deyib: "Bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq".

"Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı", -deyə sözünə davam edən Prezident İlham Əliyev  vurğulayıb ki, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb. "Hesab edirəm, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq. İqtisadi göstəricilərə gəldikdə isə deməliyəm ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir", - deyə Azərbaycan Prezidenti əlavə edib.

Bu il Cənub Qaz Dəhlizinin açılışı olub. TANAP layihəsinin icrası başa çatıb. TAP layihəsinin icrasında da heç bir problem yoxdur. Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə regionda icra olunan layihələrdən danışarkən ölkəmizin bütün prinsipial məsələlərlə bağlı öz mövqeyinin olduğunu diqqətə çatdırıb: "Regionda baş verən hadisələr, bizim təşəbbüsümüzlə icra edilən nəhəng enerji, nəqliyyat layihələri, digər sahələrdə apardığımız işlər siyasi çəkimizi böyük dərəcədə artırıb. Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir. Təkcə bizim yaratdığımız imkanlara görə yox, eyni zamanda, bəlkə də, ilk növbədə, ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Biz prinsipial siyasət aparırıq. Bütün prinsipial məsələlərlə bağlı öz mövqeyimizi ortaya qoyuruq, ölkəmizin milli maraqlarını layiqincə yerinə yetiririk və bundan sonra da bu yolla gedəcəyik".

Sonra Vergilər naziri Mikayıl Cabbarov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev yekun çıxışında bildirib ki, gələn ilin büdcəsi investisiya və sosial yönümlü olacaq. Bütün sosial layihələr icra ediləcək. Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur. Əsas məsələ ondan ibarətdir ki, biz bu vəsaitdən səmərəli şəkildə istifadə edək, ölkə qarşısında duran əsas məsələlərin həllini təmin edək, prioritetləri düzgün seçək. Dövlət İnvestisiya Proqramımız iqtisadiyyatın real sektoruna xidmət göstərməlidir, eyni zamanda, bu günə qədər öz həllini tapmayan infrastruktur layihələrinin icrasına da istiqamətləndirilməlidir.

 İqtisadi sahədə, xüsusilə vergi və gömrük sahələrində islahatlar davam etdiriləcək. Qeyri - neft sektorunun inkişafı, bu yaxınlarda orbitə buraxılan "Azerspace-2"  peykinin imkanlarından səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafının diqqət mərkəzində saxlanılması, iri fermer təsərrüfatlarının, aqroparkların və sənaye parklarının yaradılması ilə bağlı tapşırıqlarını verən dövlətimizin başçısı bir sıra kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı görülən işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Sosial sahədə şəffaflığın  təmin olunduğunu, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və məcburi köçkünlərin yeni mənzillərlə və avtomobillərlə təmin edildiyini deyən Prezident İlham Əliyev əhalinin elektrik enerjisi ilə təminatı, yeni yolların çəkilməsi, içməli su layihələrinin icrası, meliorativ işlərin görülməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini, yeni təhsil və səhiyyə müəssisələrinin inşa olunduğunu, paytaxtda qanunsuz tikililərin qarşısının alındığını və şəhər nəqliyyatının təkmilləşdirildiyini diqqətə çatdırıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü Dövlət Proqramının hazırlandığını deyən dövlətimizin başçısı burada görüləcək işlərlə bağlı konkret vəzifələrin əks olunduğunu bildirib.

 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il