ENG     26 Senyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
21 Senyabr 2018-ci il
N 29 (587)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Pambıq yığımı zamanı yanğın təhlükəsizliyinə əməl olunmalıdır

Pambığın yanğından mühafizə olunması üçün bu qiymətli bitkinin yığılması, tədarükü və emalı ilə məşğul olan bütün kənd təsərrüfatı və fermer müəssisələrinin, digər obyektlərin rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına cavabdehlik daşıyırlar.  

Kənd təsərrüfatı, fermer müəssisələri, digər obyektlərin rəhbərləri pambıq yığımı mövsümünün başlanğıcında  bütün texnikanı yanğına qarşı hazırlamalı, işçilərin yanğına qarşı bilgilərlə təlimatlandırılması üçün cavabdeh şəxslər müəyyən etməlidirlər.

Pambıq yığımında, onun daşınması və emalında kənd təsərrüfatı texnikalarının - traktorların, pambıqyığan maşınların, yanacaq  daşıyan nəqliyyatın istismarına yalnız dövlət yanğın nəzarəti xidməti əməkdaşlarının iştirakı ilə xüsusi komissiyanın razılığı olduqdan sonra icazə verilməlidir.

Xam pambığın yığılmasına, daşınmasına və emal olunmasına cəlb olunmuş bütün kənd təsərrüfatı maşınları mütləq ilkin yanğınsöndürmə vəsaitləri, qığılcımsöndürənlərlə, süpürgələrlə və üzərində yanğına qarşı təbliğat mövzusunda yazısı olan dəmir  lövhələrlə təmin olunmalıdır.

Pambıqyığan maşınlar, traktorlar, nəqliyyat vasitələri məhsul yığımına buraxılarkən onların qidalanma, alışdırma sistemləri, sürtülən hissələri, tüstüboğucu sistemləri diqqətlə yoxlanmalıdır. Pambıqyığan və pambıqdaşıyan maşınların tüstüboğucu boruları saz, kollektorların birləşmələri kip olmalı və atqı boruları saz qığılcım söndürənlərlə təmin edilməlidir. Atqı boruların və qığılcım söndürənlərin içərisində əmələ gələn qurum müntəzəm olaraq təmizlənməlidir. Mühərrikin qızmış hissələrinə xam pambığın düşməsinin qarşısını almaq məqsədilə örtüksüz və ya açıq örtüklü texnikanın istismar olunması yolverilməzdir.

Pambıq yığımına cəlb olunmuş bütün texnikanın elektrik naqilləri etibarlı izolyasiyaya malik olmalı, onlar sürtünmədən, mexaniki təsirlərdən qorunmalıdır.

Nasazlıq aşkar edilmiş texnikanın məhsul yığımına buraxılması qəti qadağandır.

Pambıq yığımı zamanı pambıqyığan maşının iş günündən sonra sahədə saxlanılması yanğın təhlükəlidir.

Maşına yüklənilmiş pambığın üstü brezentlə kip örtülməli, maşında kimyəvi ödsöndürən və kürək olmalıdır.

Pambığı daşıyan maşınların döşəmələrində yarıqlar olmamalıdır.

Traktorların, avtomobillərin, pambıqyığan maşınların dayanacaq yeri, həmçinin onların təmiri, yağlanması, yanacaqla doldurulması üçün nəzərdə tutulmuş yerlər xırmanlardan ən azı 50 metr məsafədə olmalıdır.

Tədarük məntəqələrində, zavodlarda pambıq yalnız qapalı anbarlarda, talvarlar altında, taya halında saxlanıla bilər.

Xam pambıq qəbulu və tədarükü məntəqələrinin ərazisi quru otdan, yerə dağılmış pambıqdan, zibildən daima təmizlənməlidir.

Pambıqtəmizləmə zavodlarının, pambıq qəbulu və tədarükü məntəqələrinin ətrafı 2 metr hündürlükdə hasarlanmalı, ümumi istifadə yollarından daxil olmaq üçün ən azı (ayrı-ayrı tərəflərdən) iki giriş yolu olmalıdır.

Pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməlidir.

Pambıq lifi kipləri qapalı anbarlarda saxlanılarkən uzununa ən azı 2 metr enində keçid yolu olmalıdır. Anbar daxilində arakəsmələrin olmaması yanğın təhlükəsizliyi tələblərinə ziddir. Qapalı anbarların və talvarların döşəmələri, eləcə də açıq meydançalarda ştabellərin altındakı özüllər yanmayan materiallardan olmalıdır.

Yanğınsöndürmə üçün su mənbəyi olan su hovuzlarına yollar salınmalı, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün 12X12 metr ölçüdə meydançalar olmalıdır.

Kənd təsərrüfatı zəhmətkeşləri, fermer təsərrüfatlarında çalışanlar pambığın yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarını öyrənməli, onlara riayət etməklə yanaşı yanğın baş verən zaman nə cür hərəkət etmələrini də bilməlidirlər.

Xam pambıq yalnız gündüz qəbul edilməlidir. Qəbul zamanı pambığın tədarük məntəqəsinin və ya zavodun həyətində yerə dağılmasına yol vermək olmaz.

Pambıqyığan maşının bunkerindən və maşınlardan yanan xam pambığın boşaldılması pambıq tarlasından kənarda, təhlükəsiz yerdə həyata keçirilməlidir.

 Pambığın nəm halda maşında saxlanılması, tayaya vurulması qadağandır. Unutmaq olmaz ki, nəm pambıq öz-özünə alışır. Yanğın zamanı bütün hallarda FHN-in "112" telefon nömrəsinə məlumat verilməlidir.

Xam pambıq tayalarında yanğın zamanı mövcud səs siqnallarından istifadə etməklə ətrafdakı insanları xəbərdar etmək, yanğın lülələrindən istifadə etməklə yanğın yerinə su vermək, torpaq atmaq, xam pambıq tayasını dağıtmaq lazımdır. İmkan olarsa islanmış brezent örtüklə xam pambığın üstü örtülməlidir.

Qiymətli sərvəti - pambığı yanğından qorumaq hər bir vətəndaşın doğma işi olmalıdır.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin

Yanğına qarşı təbliğat şöbəsi

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il