ENG     20 Senyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Senyabr 2018-ci il
N 28 (586)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

FHN-in təşkil etdiyi VI Beynəlxalq yarışa və VII Ümumrespublika birinciliyinə yekun vurulmuşdur

İyunun 30-da Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilmiş "Gənc xilasedici" VI Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" VII Ümumrespublika birinciliyinə yekun vurulmuşdur.

Yekun tədbirində iştirak edən Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və təhsil nazirinin müavini Firudin Qurbanov komandaların üzvləri ilə görüşərək, onların sıra, fiziki və taktiki hazırlıqları, geyimləri ilə tanış olmuşlar.

Sonra gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş olunmuşdur. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində şərti olaraq baş verən yanğının söndürülməsi, köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi əməliyyatı yerinə yetirilmişdir.

Konqres Mərkəzində təşkil olunan mükafatlandırma mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, yarışlardan bəhs edən FHN-in hazırladığı videoçarx nümayiş etdirilmişdir.

Məlumat verilmişdir ki, "Gənc xilasedici və yanğınsöndürən" Ümumrespublika birinciliyi artıq 7-ci dəfədir təşkil olunur. Bu yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə üç mərhələdə - rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələləri üzrə təşkil olunmuşdur. Zona mərhələsində qalib gələn komandalar Ümumrespublika final yarışlarında iştirak hüququ əldə etmişlər. Builki ümumrespublika birinciliyində 10 rayon və şəhərin komandaları mükafatlar uğrunda mübarizə aparmışlar.

"Gənc xilasedici" VI Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Pakistan, Gürcüstan, Rumıniya və Qazaxıstan respublikalarının komandaları qüvvələrini sınamışlar. Moldova nümayəndə heyəti isə yarışları qonaq qismində izləmişdir.

Gənclər "Manelər zolağı", "Kombinə edilmiş yanğın estafeti", "Axtarış-xilasetmə işi", "Komandaların təqdimatı" və "Divar qəzeti" mərhələləri üzrə mübarizə aparmışlar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri Qazaxıstan komandaları tutmuşlar. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri Nizami rayonu 220 nömrəli məktəbin, ikinci yerə Quba, üçüncü yerə isə Qax rayonunun komandaları layiq görülmüşlər.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və təhsil nazirinin müavini Firudin Qurbanov qalib komandalara mükafatları təqdim etmişlər. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə xatirə hədiyyələri verilmişdir.

Sonda uşaqların ifasında rəngarəng musiqi nömrələri və rəqslər təqdim olunmuşdur.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il