ENG     16 Oktyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Oktyabr 2018-ci il
N 31 (589)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyevin Goranboy rayonuna və Naftalan şəhərinə səfəri

A­zər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev iyu­nun 5-də Go­ran­boy ra­yo­nu­nda və Naftalan şəhərində səfərdə olub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonuna səfəri çərçivəsində Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Avtomobil yolunun tikintisi əhatə etdiyi 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda "Region Agropark"ın açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İnam Kərimov və aqroparkın direktoru Sənan Qədimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdilər.

Bildirildi ki, ümumi dəyəri 30 milyon manat olan aqroparkın yaradılmasına 6 milyon manat dövlətin güzəştli krediti verilib. Belə ki, Goranboy rayonunda uzun müddət istifadəsiz qalmış və yararsız hala düşmüş 3500 hektar, Samux rayonunda isə 1200 hektar qış otlaq sahələrinin təyinatı Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Aqropark tərəfindən "Bozdağ massivi" ərazisində yerləşən, yararsız vəziyyətdə olan torpaq sahələrinin əkinə yararlı vəziyyətə gətirilməsi üçün ərazidə yarğanlar doldurulub, yüksək keyfiyyətli hamarlama işləri aparılıb, sahələr kol-kosdan təmizlənib, torpağın biohumus qatının bərpası məqsədilə böyük həcmdə kompos verilib. Torpağın tərkibinin öyrənilməsi məqsədilə nümunələr götürülərək Türkiyənin beynəlxalq akkreditasiya olunmuş "Laben" laboratoriyasına göndərilib və analizlərin nəticələrinə uyğun əkin planı hazırlanıb. İstehsal olunan məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılması üçün hər birinin tutumu 3 min ton olan 18 min tonluq 6 taxıl anbarı kompleksi və saatda gücü 10 ton olan qurutma sistemi inşa olunub. Amerika və Türkiyədən alınan avadanlıqlarla təchiz olunmuş taxıl anbarı kompleksi tam avtomatlaşdırılmış qaydada fəaliyyət göstərir. Kompleks məhsulu qəbul edir, təmizləyir və qurudaraq saxlanılması üçün anbarlara ötürür. Aqroparkda işçilər, kənardan cəlb olunmuş mütəxəssis və qonaqlar üçün 72 yerlik iki mərtəbəli tam infrastruktura malik müasir yataqxana və ikimərtəbəli ofis binası tikilib.

Sonra dövlətimizin başçısı aqroparkın kollektivi ilə görüşdü.

Görüşdən sonra dövlətimizin başçısı aqroparkda ilk buğda biçini prosesini izlədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 20 kilometr olan yolun hərəkət hissəsinin eni 6 metr təşkil edir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolağından ibarətdir. Hərəkət zolağının eni isə 3 metrə bərabərdir.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son vaxtlar rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə "Dəliməmmədli" yarımstansiyasının açılışında iştirak edib.

 

 "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verdi. Bildirildi ki, bu yarımstansiyanın genişləndirilərək əsaslı şəkildə yenidən qurulması rayonun keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik təchizatını tam formalaşdırmağa imkan verir. "Dəliməmmədli" yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, o cümlədən 35 kilovoltluq "Azad" hava xətti üzərində olan 35/10 kilovoltluq "Azad" və 35/10 kilovoltluq "Alıuşağı" yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir.

Prezident İlham Əliyevə 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq "Kürəkçay" yarımstansiyası barədə də məlumat verildi.

Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.

İyunun 5-də Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

 "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına Şəmkirçay su anbarı və Şəmkir-Samux-Goranboy magistral suvarma kanalı kompleks layihəsi barədə məlumat verdi. Bildirildi ki, ötən əsrin 80-ci illərində inşa edilmiş bu suvarma kanalının birinci növbəsinin davamı olaraq uzunluğu 27,95 kilometr olan ikinci növbəsinin tikintisinə 2015-ci ildə başlanılıb. Bu kanalın tikintisi ilə su mənbəyi işğal zonasında qalmış Goranboy rayonunun 8293 hektarı yeni suvarılacaq torpaq olmaqla, ümumilikdə 26584 hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.

Dövlətimizin başçısı qurğunu işə saldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Goranboy Bayraq Muzeyi Bayraq meydanının ərazisində yerləşir. Meydanda hündürlüyü 72 metr olan dövlət bayrağının postament hissəsi abadlaşdırılıb, ərazidə yaşıllaşdırma işləri aparılıb, işıq dirəkləri quraşdırılıb, fəvvarələr əsaslı təmir edilib. Bayraq Muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb. Muzeyin sərgi zalında ümumilikdə 3 bölmə var. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsr xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Bundan başqa, muzeyin eksponatları arasında Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid rəsmi sənədlər, Azərbaycan SSR dövründə və müstəqillik illərində qəbul olunmuş konstitusiyalar, habelə gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Naftalan şəhərinə səfərə gəlib.

Əvvəlcə dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Dövlətimizin başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına bu tibb müəssisəsində yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, 60 çarpayılıq Naftalan Şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanılıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb. Şəhər Mərkəzi Xəstəxanasının tikintisi Prezident İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılıb. Xəstəxana 1,2 hektar ərazidə yerləşir. Tikintinin ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur. Xəstəxanada cərrahiyyə, doğum bloku, doğumdan sonrakı fizioloji və hamiləliyin patologiyası şöbələri yaradılıb. Bu müəssisənin laboratoriya şöbəsi ən müasir avadanlıqla təchiz olunub. Bu da laborator müayinələri yüksək keyfiyyət, dəqiqlik və qısa müddətə aparmağa imkan verir. Burada, eyni zamanda, şüa diaqnostika, qəbul, inzibati, poliklinika, reanimasiya, intensiv terapiya şöbələri fəaliyyət göstərəcək. Əməliyyat bloku da müasir tibbi avadanlıqla təmin edilib. Xəstəxananın bütün şöbələrində ən müasir tibb avadanlıqları quraşdırılıb.

Xəstəxana binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 5-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısına raport verdi.

Məlumat verildi ki, bu hərbi şəhərciyin inşasına 2015-ci ilin yanvarında başlanılıb və 2017-ci ilin fevralında tikinti işləri başa çatdırılıb. Hərbi şəhərcikdə 28 yaşayış və qeyri-yaşayış binası, 350 avtomobil və zirehli texnikanın saxlanması üçün park inşa edilib. Ərazidə qərargah binası tikilib. Binadakı 28 xidməti otaqda hərbi qulluqçular üçün zəruri şərait yaradılıb. Otaqların hamısı lazımi avadanlıqla təchiz olunub. Hərbi şəhərcikdə 120 nəfərlik 8 və 150 nəfərlik 1 əsgər yataqxanası tikilib. Yataqxanalarda əsgərlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Burada subaylar üçün 126 nəfərlik 3 yataqxana, zabitlər üçün 14 mənzilli 2 yaşayış binası inşa olunub. Əsgər yeməkxanası da yüksək səviyyədə qurulub. Burada 1500 hərbi qulluqçunun dolğun qidalanması üçün geniş imkanlar var. Hərbi şəhərcikdə çörəkbişirmə məntəqəsi də fəaliyyət göstərir. Hərbi qulluqçuların istirahəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəhərcikdə bütün tədbirlər görülüb. Ərazidə inşa olunan trenajor binasında atış və sürücülük məşqlərinin keçirilməsi üçün 4 tank və 6 piyada döyüş maşını təlim-məşq qurğusu quraşdırılıb.

Hərbi şəhərcikdə 500 yerlik klub binası da var. Burada ölkəmizin, eyni zamanda, hərbi hissənin həyatında baş verən əlamətdar günləri qeyd etmək mümkün olacaq. Şəhərcikdə yaradılan hamam-camaşırxana-qazanxana kompleksi də müasirliyi ilə seçilir. Ərazidə tibb məntəqəsi tikilib. Müasir avadanlıqla təchiz olunan bu məntəqə 56 çarpayılıqdır. Şəhərcikdə qarovulxana binası inşa olunub, ərzaq və əşya anbarları, transformator yarımstansiyası, nəzarət-buraxılış məntəqəsi, su nasos stansiyası, 500 kubmetrlik 2 su anbarı quraşdırılıb. Hərbi şəhərcikdə genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi hissədəki texnikalara baxdı.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il