ENG     26 Aprel 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
20 Aprel 2018-ci il
N 11 (569)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Dini obyektlərin yanğın təhlükəsizliyi

Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub olan və tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı bir ölkədir. Müəyyən dövrlərdə xalqın bu inancına zərbə vurmaq, Azərbaycan xalqını öz milli-mədəni köklərindən ayırmaq istəsələr də, bu cəhdlər heç bir nəticə verməmiş, dövlət müstəqilliyini qazanmış ölkəmiz yenidən İslama, bu dinin mənəvi-mədəni ənənələrinə üz tutmuşdur.

Məscidlər, kilsələr və sinaqoqlar əhalinin hər gün daha sıx toplaşdığı yer olduğundan burada onların təhlükəsizliyinin, o cümlədən yanğın təhlükəsizliyinin qorunması ümdə məsələdir. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün obyektlərin işçiləri kimi dini məbədlərin rəhbərləri də "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun, həmçinin "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın tələblərinə əməl etməlidirlər. İlk növbədə yanğın zamanı insanların köçürülməsi üçün "Köçürmə planı" işlənib hazırlanmalı və görünən yerlərdən asılmalıdır. Həmçinin "Köçürmə planı"na əlavə olaraq xidməti heyət üçün "İnsanların yanğın yerindən köçürmə tədbirləri" hazırlanmalıdır.

Bütün dini obyektlərdə elektrik qurğuları və cihazları müvafiq qaydaların tələblərinə və normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidir. Elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğınların əsasən qısaqapanmalardan baş verməsini unutmaq olmaz. Qısaqapanmalar izolyasiyası olmayan və ya  zədələnmiş halda olan iki müxtəlif yüklü elektrik naqilinin biri-biri ilə birləşdiyi zaman baş verir. Qısaqapanmalar zamanı naqillər bir anda o dərəcədə qızırlar ki, metal damarlar əriyir, güclü qığılcım və istilik əmələ gəlir. Əgər qısaqapanma yerində yanacaq materialları və ya yana bilən konstruksiyalar olsa, onlar dərhal alışırlar. Elə buna görə də naqillərin  izolyasiyasının sazlığına daima nəzarət edilməlidir.

Bununla yanaşı elektrik şəbəkəsinə enerji işlədən müxtəlif cihazları qoşmaqla artıq yükləmək olmaz. Elektrik şəbəkəsində həddən artıq yüklənmə olduqda naqillərdə ayrılan istiliyin miqdarı artır. Ayrılan istiliyin əksəriyyəti ətrafdakı havaya yayıla bilmədiyi üçün o naqillərin izolyasiyasını qızdıraraq alışdırır. Bu isə yanğınlara səbəb olur.

Bu gün məscidlərin əksəriyyətində "Mərasim evi" fəaliyyət göstərir. Yas mərasimi zamanı burada eyni vaxtda yüzlərlə insan iştirak edir və ehsan məqsədilə onlara həmin obyektlərin mətbəxlərində yemək, çay hazırlanır. Mətbəxdə çalışanlar bilməlidirlər ki, standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək olmaz. Unudulmamalıdır ki, dəm qazının məişətdəki əsas mənbələri nasaz, standarta uyğun olmayan qaz cihazlarıdır, işlək vaziyyətdə olmayan tüstü bacalarıdır.

Qazdan istifadə olunan yerlərdə havanın daimi hərəkəti olmadıqda yığılan dəm qazının xaric olması çətinləşir, bu isə zəhərlənmə və boğulma kimi hallar yaradır.

Qaz cihazına qazın ötürülməsində rezin şlanqlardan (və yaxud müvafiq normalara uyğun olmayan borulardan) istifadə olunması qəti qadağandır. Qazla işləyən cıhazlarda (təyinatından asılı olmayaraq) quraşdırılmış mətbəxin tüstü bacaları ən azı ildə iki dəfə təmizlənməlidir.

Məscidlər (ziyarətgahlar, pirlər və s.), kilsələr və sinaqoqlarda otaqların isidilməsi zamanı standarta uyğun olmayan və qeyri peşəkarlar tərəfindən quraşdırılmış elektrik və qaz cihazlarından istafadə etmək qadağandır. Umumulikdə isə otaqların, zalların və digər sahələrin qızdırılması -mərkəzi istilik sistemləri vasitəsilə həyata keçirilməlidir.

Ölkə ərazisində, demək olar ki, bütün rayon mərkəzlərində, kəndlərdə məscidlər, dini obyektlər fəaliyyət göstərir. Təəssüf ki, bəzi kənd məscidlərində zallar odun və qaz sobaları vasitəsilə qızdırılır. "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın tələblərinə əsasən bu yolveriməzdir, yanğın təhlükəsi törədir.

Məlum olduğu kimi məscidlərdə ayinləri yerinə yetirməyə gedən insanlar içəri daxil olarkən ayaqqabılarını soyunmalı, ibadət zamanı dizlərini yerə qoymalıdırlar.  Onların rahatlığının təmin edilməsi məqsədilə  zalların döşəməsinə xalça, palaz, kilim döşənir. Xalça, palaz, kilim döşənərkən bunlar döşəməyə möhkəm bərkidilməlidir ki, yanğın baş verdikdə tez alovlanmasın.Umumilikdə isə bu cür obyektlərin təxliyə yollarının döşəmələrinə, divarlarına və tavan sahələrinə yanar materiallar vurmaq olmaz.

Hər bir dini obyekt yanğının söndürülməsi üçün ilkin odsöndürücü vasitələrlə və  balonlarla təchiz edilməli, işçilər bu balonlardan istifadə qaydalarını bilməlidirlər. Həmçinin yanğının söndürülməsi üçün dini məbədlərdə yanğına qarşı su hovuzu (normaların tələblərinə uyğun) olmalıdır. Su mənbələri daim su ilə dolu olmalı, yanğın avtomobillərinin (və yaxid digər texnikanın) maneəsiz hərəkəti etməsi, su mənbəyinə yaxınlaşması üçün yollar açıq olmalıdır. Yanğın su hovuzuna aparan yollar işarələnməli, su hovuzunun həcmini bildirən xüsusi lövhələr olmalı və ərazi işıqlandırılmalıdır.

Məscidlər, kilsələr, sinaqoqlar və digər dini obyektlərdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən yanğın siqnalizasiyası və avtomatik yanğınsöndürmə qurğuları quraşdırılmalıdır. Bununla yanaşı, tüstüyə qarşı müdafiə, insanların yanğın haqqında xəbərdaretmə və köçürmələrin idarəetmə sistemlərinə texniki xidmət üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq həyata keçirilməlidir. Bu iş xüsusi təlim almış heyət və ya lisenziyası olan ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir.

Dini obyektlərdə çalışan işçilər yanğının və ya yanmanın əlamətlərini (alov, tüstü, yanıq qoxusu, temperaturun artması və s.) aşkar etdikdə dərhal telefonla Fövqəladə Hallar Nazirliyinin "112 qaynar xətti"nə zəng vuraraq xəbər verməli (obyektin dəqiq ünvanını, yanğının baş vermə yerini, həmçinin öz soyadını deməlidir), imkan daxilində insanların köçürülməsi, yanğının söndürülməsi və əmlakın oddan qorunması üçün zəruri tədbirləri görməlidirlər.

Məscidlər, kilsələr, sinaqoqlar dəyərli tarixi abidələrdir. Bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin. dünyanın qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır. Bu yadigarları yanğından qorumaq hər kəsin müqəddəs vəzifəsidir.

Hikmət Cəfərov

DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki

Rövşən Bəkirov

DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il