ENG     18 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
15 Dekabr 2018-ci il
N 38 (596)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Cəmiyyət

Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb

Bəşəriyyətin ən gözəl və dəyərli varlıqları olan qadınlar hər zaman sülh və əmin-amanlıq tərəfdarı olmaqla yanaşı, insanlığın, ədalətin və gözəlliyin carçılarıdır. Azərbaycan qadınının ailədə, işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi uğurlu sabahımıza, firavan gələcəyimizə ən vacib təminatlardan biridir.

 Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.

Cəmiyyətin hər anında önəmli yer tutan Azərbaycan qadını öz zəkası və əzmi ilə milli-mənəvi dəyərlərin yaşadılmasında müstəsna xidmətlər göstərir. Analıq missiyasını şərəflə yerinə yetirən, Vətənə layiqli, qəhrəman oğul və qızlar bəxş edən qadınlar bu gün müstəqil Azərbaycanın çiçəklənməsi və tərəqqisi yolunda yorulmadan səy göstərirlər.

Fövqəladə Hallar Nazirliyinin inkişafında peşəkarlığı və şəxsi keyfiyyətləri ilə seçilən kadrlar arasında qadınların da rolu az deyil.  Qadın əməkdaşların fədakar, öz işinə, qarşısında qoyulan vəzifələrə məsuliyyət və ləyaqətlə yanaşma tərzi nazirliyin fəaliyyətinin bütün sahələrində özünü aydın şəkildə göstərir.

Bu gün nazirliyin Aparatında və strukturuna daxil olan qurumlarında dövlət qulluqçusu, hərbi və xüsusi rütbəli vəzifələrdə fəaliyyət göstərən qadın əməkdaşlar insanların təhlükəsizliyinin təmin olunması kimi çətin, lakin şərəfli vəzifənin məsuliyyətini dərindən başa düşərək öz fəaliyyətlərində daim müsbət keyfiyyətləri ilə seçilirlər. Onlar öz fəaliyyətlərilə heç də kişi həmkarlarından geri qalmadıqlarını əməli işləri ilə sübut edirlər. Çalışdıqları qurumun önəmini yüksək dəyərləndirən, vətəndaşların təhlükəsizliyinin bilavasitə onlardan asılı olduğunu dərk edən qadın əməkdaşlar hansı sahədə təmsil olunmalarına baxmayaraq işlərinə daha həssas və peşəkarlıqla yanaşırlar.  Xilasedici, həkim, tibb bacısı, dispetçer, telefonçu-operator və digər vəzifələrdə çalışan xanımlar üzərlərinə düşən ikiqat məsuliyyəti dərindən dərk edir, tapşırılan işi yüksək səviyyədə və operativ şəkildə yerinə yetirirlər.

"101" və "112" xidmətlərində 24 saat ərzində növbə çəkən dispetçer və telefonçu-operatorlar daxil olan zəngləri qəbul edir və operativ şəkildə əlaqədar xidmətləri hadisə yerinə yönəltməklə insanların tez və lazımi yardım almasını təmin edirlər.  Tibb xidmətində fəaliyyət göstərən həkim və tibb bacıları fövqəladə vəziyyət bölgəsində yaradılan səhra tibb məntəqələrində xəsarət almış insanlara ilkin tibbi yardım göstərirlər. Eyni zamanda Xüsusi Riskli Xilasetmə Xidmətində xidmət aparan qadın xilasedicilər müxtəlif axtarış-xilasetmə tədbirlərində yaxından iştirak edirlər. Kişilərlə bərabər çətin və ağır şəraitlərdə, öz həyatlarını təhlükəyə ataraq onlarla insanın həyatını xilas etmiş qadınların göstərdiyi fədakarlıq ölçüyə gəlməzdir.

Fövqəladə Hallar Nazirliyi sistemində qadınlar eyni zamanda digər sahələrdə də uğurlar əldə edirlər. Belə ki, zərif cinsin nümayəndələri müxtəlif beynəlxalq idman yarışlarında uğurlu nəticələrə imza ataraq müxtəlif əyarlı medallara layiq görülür, ölkəmizin bayrağını uca edirlər.

Gördüyü işlər və yerinə yetirdiyi xidmətlə hər zaman gözdə olan xanımların fəaliyyəti nazirliyin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. 

İnsanların təhlükəsizliyinin təmin edilməsini özlərinə həyat tərzi seçmiş FHN-in qadın əməkdaşlarının fədakarlıqları yüksək qiymətə və alqışa layiqdir.

Bayramınız mübarək, əziz xanımlar!



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il