ENG     21 Avqust 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
14 Avqust 2018-ci il
N 25 (583)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Uşaqları nəzarətsiz qoymayın!

Yaş qruplarına görə, bir yaşından kiçik uşaqlarda boğulma və tənəffüs yollarına xarici cisim düşməsi, 1-4 yaş arasında düşmə, yıxılma, qaynar sudan yanma, odla yanma və zəhərlənmə kimi hallar daha xarakterikdir. 2-4 yaşlarında təmizlik maddələri və ortada buraxılan dərmanlar, 5 yaşından sonra isə şkafda və yüksəkdə saxlanan dərmanlarla zəhərlənmələr müşahidə olunur.

Düşmələr daha çox masa, kreslo, uşaq kürsüsü kimi əşyalardan, nərdivandan, beşikdən, eyvan və pəncərədən, sürüşkən bir yerdən yıxılma ilə baş verir. Ayrıca, uşaqların şüursuzca hərəkət etməsi, yelləncəklərdə idarəsiz yellənməsi, hündür qapı ağızları, düzgün işıqlandırılmayan məkanlar da düşmə və yıxılmaya səbəb olur. Uşaqların anlayış qabiliyyətləri və təhlükəni önləyəcək bədən koordinasiyalarını hələ qazana bilməmiş olmaları və sürüşkən zəmində ani və sürətli hərəkət etmələri, mebellərin, nərdivanların üzərinə çıxmaq və bunların üzərindən atlanmaq istəmələri düşməyə gətirib çıxaran əsas səbəblərdəndir.

Alov nəticəsində, isti su və mayelər səbəbindən meydana gələn yanıqlar, kimyəvi yanıqlar və digər yanıqlar da uşaqların rastlaşdığı ekstremal vəziyyətlərdəndir. Bu hallar içərisində hamam və mətbəxdə, xüsusilə yemək əsnasında isti mayelərin tökülməsi nəticəsində meydana gələn yanma hadisələri daha çoxluq təşkil edir.

Zəhərlənmələr zəhərli maddələrin həddindən artıq dozada qəbul olunması ilə bağlı olaraq orqanizmdə ölümə gətirib çıxaran səviyyədə müxtəlif funksiya pozğunluqlarının ortaya çıxması ilə meydana gəlir. Zəhərlənmələr iməkləmə çağı ilə 5 yaş arası uşaqlarda sıx rast gəlinən ev qəzasıdır. Bu yaş qrupu uşaqlarda çox maraq, öyrənmə istəyi, tapdıqları hər şeyi ağızlarına aparma və böyükləri təqlid etmə həvəsi olur. Açıqda buraxılan dərman və ya buna bənzər zəhərli maddənin uşaq tərəfindən tapılması və içilməsi ciddi nəticələrə və ya onun ölümünə səbəb ola bilər. Bundan əlavə dəm qazından yaranan zəhərlənmələr də bu sıraya daxildir.

Boğulmalar- bura suda boğulma başda olmaqla, dənəli qida maddələri və xarici cisim udmaları, səhv yatış və duruş səbəbi ilə boğulma və s. aiddir.

Suda boğulmalara duş, evdə istifadə üçün yığılan suların doldurulduğu geniş qablar, vedrələr, bağçada yağış və ya sulama nəticəsində yaranan hovuzcuqlar, xüsusilə üzmə hovuzları əsas səbəb olan vasitələrdir. Uşaqların suda oynamağı sevmələri, 4-5 yaşlarına qədər sudan qorxmamaları, xüsusilə heç bir təhlükənin fərqində olmayan 1-3 yaş arası uşaqların (bu yaşda heç üzmə qabiliyyətləri yoxdur) üzmə hovuzlarına, böyük su yığınlarına atlanmaları onları boğulma riski ilə qarşı-qarşıya qoyur.

Digər boğulma dənəli qida maddələri, xarici cisimləri udma səbəbilə meydana gəlir. Uşaq doğulduğu andan etibarən ətrafını, ətrafındakı obyektləri və hər şeyi tanımaq istəyir və bunu, toxunaraq, ağzına götürərək edir. Xüsusilə də iməkləməyə başlaması ilə evdə xeyli çox yerə çata biləcəyindən bu risk artır. Boğulmalara əsasən kiçik dənəli sərt yeməklər, qidaların qabıqları, həmçinin medal, qəpik, sırğa, vint kimi cisimlərin udulması   səbəb olur.

Boğulmanın digər səbəbi isə uşağın yatış şəklindən qaynaqlanır. Belə ki, səhv yatış və duruş da boğulmaya gətirib çıxarır.

Kiçik yaşlı uşaqların bu kimi hallarla qarşılaşmaması üçün onlara nəyisə izah etmək mümkün deyil. Bu səbəbdən valideynlər, uşaqlara baxan böyüklər belə hallara səbəb ola biləcək şəraitlərin yaranmasına imkan verməməli və son dərəcə diqqətli olmalıdırlar.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il