ENG     18 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Müxtəlif

Evinizdə olan 10 təhlükəli əşya

Bilirsinizmi ki, eviniz həyatınızı xeyli qısalda bilər?

Düzdür, kimyəvi vasitələr insan həyatını xeyli asanlaşdırmışdır. Paltarların üzərindəki çirkli ləkələri aparmaq, mənzili ağcaqanadlardan təmizləmək və ya otağın havasını təravətləndirmək artıq çoxdandır ki, problem deyil. Lakin bu rahat təsərrüfat vasitələrinin hansı təhlükələr gətirdiklərini bilirikmi? Onların hər biri mənzillərimizi təhlükəli maddələrlə o dərəcədə çirkləndirir ki, hətta ən təmiz və işıqlı görünən otaqların havası avtomagistral havasından daha zəhərli olur.

1.Güvəyə qarşı vasitələr

Mənzildə olan ən təhlükəli şeylərdən biri güvəyə qarşı kimyəvi vasitədir. Xalq arasında uzun zamandır istifadə olunan lavanda, ətirşah yarpaqları, portağal qabıqları və ya çiyələk sabunu ən yaxşı halda kəpənəyi qaçıra bilər. Sürfələrlə mübarizədə onlar səmərəsizdir! Kəpənəklər onsuz da qalın sviter və xəz yaxalıqlar üçün təhlükə kəsb etmir, çünki bu əşyaları məhz sürfələr gəmirirlər.

Artıq neçə vaxtdır ki, naftalinin məişətdə istifadəsi qadağan olunmuşdur. Buna baxmayaraq, çox təsirli vasitə olduğundan o, insanlar tərəfindən hələ də alınır. Az miqdarda olduqda sürfələrə təsiri də zəif olduğundan bu maddədən böyük miqdarda istifadə edilir. Bu isə özü-özlüyündə insan həyatı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Naftalindən ayrılan buxarların təsirindən çox asanlıqla zəhərlənmək mümkündür. Zəhərlənmənin simptomları ürək bulanması, qusma, baş ağrısı, qıc olma və diareyadır.

Ətraf mühitin qorunması üzrə Amerika agentliyinin buraxdığı xüsusi bülletendə qeyd olunur ki, naftalin kanserogendir. O, insanlarda və heyvanlarda xərçəng yaradır. Bu maddənin uzunmüddətli təsiri eritrositlərin (qırmızı qan cisimciklərin) zədələnməsi və hətta dağılmasına gətirib çıxara bilər.

Tərkibində paradixlorbenzol aktiv maddəsi olan digər repellentlər (həşərat qovan maddələr) də insan həyatı üçün ciddi təhlükə kəsb edir. Britaniya alimləri müəyyən etmişlər ki, bu maddə allergik reaksiyaya səbəb olur, selikli qişanı həddən artıq qıcıqlandırır və hətta astma tutmasını törədə bilir.

2. Taxta-yonqar plitələr (DSP)

Digər daha çox yayılmış məişət çirkləndiricisi formaldehiddir. Xalq arasında DSP adlandırılan və taxta-yonqar lövhələrdən düzəldilmiş mebel mənzillərimizdə bu təhlükəli maddənin əsas mənbəyidir. Formaldehidlə çirklənmə mənbəyindən biri də qaz plitələridir. Metan tam yanmadıqda hava toksik birləşmələrlə "zənginləşir" ki, bu da insanın DNT-sinə, reproduktiv orqanlarına, göz və dərisinə mənfi təsir göstərir.

Bu maddə kanserogen kimi qəbul olunmuşdur. Formaldehid buxarları ilə uzun zaman nəfəs alma burun və boğaz xərçənginin yaranmasına səbəb olur.

Bununla belə mənzilinizdə DSP-dən düzəldilmiş köhnə mebel varsa onu atmağa tələsməyin, çünki zaman ötdükcə formaldehidin buxarlanması dayanır və o, artıq zərərli təsirini itirmiş olur.

3. Sintetik xalçalar

Bir çox sintetik xalçalar toksik hopdurmalara malikdir və güclü elektrikləşmə ilə seçilirlər. Bu kimi mallar satılan dükana baş çəksəniz kəskin iylə qarşılaşacaqsınız. İlk anda sizə elə gələcək ki, lak-boya məhsulları şöbəsindəsiniz. Hava tam mənada yapışdırıcıdan ayrılan toksik maddələrlə zəhərlənmişdir.

Odur ki, kəskin qoxusu olan təzə xalça almısınızsa onu yataq otağınıza salmağa tələsməyin. Bu yuxusuzluq, əsəbilik və allergik reaksiyalara səbəb olur. Yaxşısı budur xalçanı bir neçə həftəlik nadir hallarda istifadə etdiyiniz otaqda və ya bağ evində açılmış vəziyyətdə saxlayasınız, beləliklə də zəhərli iylərin çəkilməsinə nail olasınız.

4. Lazer printerləri

Avstraliya alimləri müəyyənləşdirmişlər ki, lazer printeri sağlamlığa passiv siqaret çəkmə qədər ziyanlıdır. İş ondadır ki, işlək printer havaya çap tozunun kiçicik zərrəciklərini tullayır ki, onlar da nəfəs almada asanlıqla ağ ciyərlərə düşür və nəticədə tənəffüsün çətinləşməsinə və xroniki xəstəliklərə səbəb olur.

Buna görə də, printerləri havası daim dəyişilən yerlərdə saxlayın və lüzum olmadıqda işə salmayın.

5. Plastik butulkalar

Plastik butulkaların (eləcə də uşaqlar üçün istehsal edilən digər mallar daxil olmaqla) istehsalında bifenol A  maddəsi istifadə olunur.

Uzun müddət bu maddəyə şübhə ilə yanaşan alimlər müəyyənləşdirmişlər ki, bifenol A quruluşuna görə qadın hormonu olan estrogenə oxşardır. ABŞ Milli toksikoloji proqramının ekspertləri hələ bir neçə il öncə elan etmişlər ki, bu maddə təcrübə altında olan heyvanlarda cinsi yetkinliyi sürətləndirir, davranışlarını pozur, eləcə də prostat və süd vəzi xərçənginin yaranmasına səbəb olur.

Plastik şüşələri heç bir zaman qızdırmayın! Onları isti su ilə yumayın! Plastik qablarda olan qidanı da qısa dalğalı sobalarda qızdırmayın: isidildikdə bifenol A maddəsinin ayrılması 55 dəfə artır.

6. Alovlanmaya qarşı olan maddələr

Bəzi müasir döşəklərdə, mebellərin üzlənməsində, tele və kompüter detallarında istifadə olunan bu maddələr evlərdə yanğınların qarşısını alaraq bir çox insan həyatını xilas ediblər. Alovlanmaya qarşı olan maddələr, polibromlaşdırılmış difenil efirlər (PBDE) əvvəlcə alqışla qarşılandı. Lakin çox tez bir zamanda aydın oldu ki, onlar sağlamlığa zərər yetirir.

Öncələr bu maddələrlə tez alışan penopoliuretan döşəklər hopdurulurdu. Sonralar aydın oldu ki, bu döşəklərdən istifadə edən 100 minlərlə insanda daxili orqanların zədələnməsi və mərkəzi sinir sistemi ilə əlaqədar problemlər üzə çıxır. Bu toksiki maddələr insan orqanizminə evdə olan tozla qarışaraq düşür. Nəticədə qalxanvari vəzin xəstəlikləri, spermanın keyfiyyətinin aşağı düşməsi, süd verən anaların isə südündə toksinlərin toplanması halları müşahidə olunurdu. Bir çox tədqiqatçılar PBDE-nin yaşayış yerlərində istifadəsinə qadağa qoyulmasına təkid edirlər.

7. Ftalatlar

Ftalatlar plastifikator qismində oyuncaq, uşaq diş halqaları, körpələrin yedizdirilməsi üçün istifadə edilən butulkaların istehsalında, bir sözlə, yumşaq plastikin əldə edilməsi lazım olduğu bütün əşyalarda istifadə olunur. Bu maddə eyni zamanda qadın və kişi kosmetikası tərkibində də mövcuddur.

Amerika və Kanada alimləri iddia edirlər ki, ftalatlar oğlan uşaqlarının erkən inkişafına zərərli təsir göstərir, böyüklərdə isə əsas kişi hormonu olan testosteronun təsirini azaldaraq sonsuzluğa səbəb olurlar. Kanadada hətta tərkibində ftalatlar olan məhsulların etiketləri üzərində bu haqda məlumat verilməsini tələb edən geniş kampaniya vüsət almışdır.

8. Pestisidlər

Pestisidlər - zərərverici orqanizmlərlə mübarizədə istifadə olunan kimyəvi maddələrdir. Bu vasitələrdən ağcaqanad, siçan, tarakan və s. bu kimi həşərat və zərərvericiləri məhv etmək məqsədilə, demək olar, hər bir ailə istifadə edir.

Harvard universitetinin tibb fakültəsinin alimləri aydınlaşdırmışlar ki, pestisidlərin, hətta az miqdarda olsa belə, təsirinə məruz qalan insanlar Parkinson xəstəliyinə bu təsirdən azad olan insanlara nisbətən 70 faiz daha çox tutulurlar.

Əgər nə vaxtsa evdəki həşəratları pestisidlərlə məhv etmək fikrinə düşsəniz respiratordan istifadə etməyi və sonda otağı yaxşıca havalandırmağı unutmayın.

9. Qurğuşunlu boyalar

Bir çox mənzillərdə divar və qapılar tərkibində qurğuşun olan boyalarla rənglənmişdir. Boya çatlamır və qabıq vermirsə o, təhlükəli deyil. Lakin çatlayıb tökülən boya evdə yaşayan insanlar üçün ciddi ekoloji təhlükə mənbəyidir, çünki insanlar tərkibində qurğuşun birləşmələri olan havanı udmaq məcburiyyətindədirlər. Bu hal xüsusilə uşaqlar üçün arzuolunmazdır. Hətta az miqdarda udulan zəhər mərkəzi sinir sistemi, qan hüceyrələri, beyin və böyrəklərdə problemlər yarada bilər.

Boyanı təzələmək istədikdə heç bir halda bunu özünüz etməyin. Dəvət olunmuş peşəkarlar qoruyucu paltarda işləyir və onların bu işdə lazımi səriştəsi var. Onlar istənilən səthdən boyanı təmizləyərkən ətrafı çox az çirkləndirirlər.

10. Hava  təravətləndiriciləri və təmizləyici vasitələr

Berklidə yerləşən Kaliforniya universitetinin tədqiqatçıları belə bir nəticəyə gəliblər ki, kiçik, havalandırılmayan otaqlar (məs. vanna və tualet otaqları) müasir vasitələrlə dərindən təmizlənməməlidir. Belə yır-yığışdan sonra burada toksinlərin səviyyəsi görünməmiş dərəcədə artır. Buna səbəb isə etilenqlikol və terpen əsaslı kimyəvi maddələrin qarışığıdır. Etilenqlikol tənəffüs yoluna və dəriyə düşdükdə təhlükəlidir. O, zəiflik, başağrısı, başgicəllənməsi, təngnəfəslik və ürək döyüntülərinə səbəb ola bilər. Terpenlər özü-özlüyündə zəhərli olmasa da, ozon və digər maddələrlə reaksiyaya girdikdə zəhərli birləşmələr əmələ gətirirlər.



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il