ENG     23 Yanvar 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
12 Yanvar 2018-ci il
N 01 (559)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında xüsusi ixtisaslı ali təhsilli kadrlar hazırlanır

Fövqəladə Hallar Nazirliyinin Akademiyası müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı milli kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə ciddi diqqət yetirir. Kursant və magistrantların düzgün təlim-tərbiyə olunmaları və yüksək səviyyəli mütəxəssislər kimi yetişmələri üçün Akademiyada hər cür şərait yaradılmış, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və yanğın təhlükəsizliyi mühəndisliyi sahəsində son elmi-texniki nailiyyətlərin tədris prosesinə uğurla tətbiq olunmasının, həmçinin pedaqoji heyətin  gündəlik fəaliyyətini yeni, mütərəqqi iş metodları ilə qurmasının nəticəsidir ki, təhsilin səviyyəsi keyfiyyət baxımından təşkil edilmiş, bu da öz növbəsində burada təhsil alanların peşəkar mütəxəssislər kimi yetişmələrində olduqca əhəmiyyətli rol oynayır.

Artıq Akademiyada qış imtahan sessiyası davam edir. Akademiyanın Tədris şöbəsinin rəisi polkovnik t.e.n., dosent Malik Qarayev bizimlə söhbətində bildirdi ki, ali təhsil müəssisəsinin bakalavriat və magistratura səviyyələrində əyani təhsil alan kursant və magistrantlar üçün cari tədris ilinin payız semestri 28 dekabr 2017-ci il tarixində başa çatmış, ixtisasların tədris qrafikinə uyğun olaraq qış imtahan sessiyasının cədvəli tərtib edilərək imtahan komissiyasının tərkibi müəyyən olunmuş və sessiyanın keçirilməsi Akademiya rəisinin müvafiq əmri ilə təsdiq olunmuşdur.

İmtahan sessiyası dövründə bakalavriat səviyyəsi üzrə 16 taqımın tərkibində 391 nəfər kursant və müdavimin bütövlükdə 43 fənn üzrə imtahanının planlaşdırıldığını bildirən tədris şöbəsinin rəisi vurğuladı ki, bu imtahanların 4 fənn üzrə praktiki hazırlıqdan normativlər üzrə, 5 fənn üzrə yazılı, qalan 34 fənn üzrə isə test üsulu ilə yeni proqram təminatı əsasında kompüter otaqlarında aparılması nəzərdə tutulmuşdur. Bir sıra fənlərin tədrisi məqbulların qəbulu ilə yekunlaşdırılmışdır. Magistratura səviyyəsində I kursda 8 fənn, II kursda isə 9 fənn üzrə olmaqla 6 qrupun tərkibində 26 nəfər magistrantın yazılı imtahanlarının keçirilməsi davam etdirilir. Qeyd olunan semestr üçün bakalavriat səviyyəsində qiyabi təhsil alan dinləyicilərin ixtisaslar üzrə yazılı imtahanları I kursda ötən il noyabrın 2-dən 10-dək, II kursda isə noyabrın 30-dan dekabrın 8-dək reallaşdırılmışdır.

Malik Qarayev onu da qeyd etdi ki, tədris prosesi, imtahanların keçirilməsi forması və qaydaları Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin Avropa Kredit Transfer Sisteminə (AKTS) uyğun normativ hüquqi tələbləri çərçivəsində Akademiyanın qəbul etdiyi qərarlar və müəyyən etdiyi təlimatlar əsasında həyata keçirilir. İmtahan sessiyasına hazırlıq dövründə təhsilalanların kafedralar tərəfindən təqdim olunmuş semestr göstəriciləri Tədris şöbəsində təhlil olunmuş və kursantların nəzərinə çatdırılmışdır. İmtahan sessiyasını kompüter texnologiyalarının tətbiqi  ilə həyata keçirmək məqsədilə xüsusi hazırlanmış kompüter otaqlarının yeni proqram təminatı işlək vəziyyətə gətirilmiş və kompüterlər şəbəkəyə qoşularaq onların mərkəzləşdirilmiş mühafizə sistemi təmin olunmuşdur. İmtahanların nəticələrinin sənədləşməsinə dair işlər sistemləşdirilərək elektron baza yaradılmış və kursantların imtahana giriş parolları müəyyən edilmişdir. İmtahanlara hazırlıq və imtahanqabağı məsləhət saatlarının  təşkili məqsədilə fənlər üzrə imtahan sualları hazırlanmış və kursantların istifadəsi üçün Akademiyanın kitabxanasına təhvil verilmişdir.

Yeri gəlmişkən qeyd edək ki, Akademiyanın "Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri" kafedrasında cari tədris ilinin payız semestrində 6 bakalavriat və 5 magistratura səviyyəsi üzrə 11 fənn tədris olunub. Kafedranın rəisi polkovnik, t.e.n. İlqar Dadaşov qeyd etdi ki, kafedrada imtahan sessiyasına hazırlıqlar tələb olunan qaydalara müvafiq olaraq təşkil edilib. Bunun üçün bakalavriat səviyyəsində fənlər üzrə test tapşırıqları yenidən işlənilərək imtahan bazasına yüklənilib və tətbiq olunmuş yeni qaydaya əsasən, yalnız imtahan sualları Akademiyanın kitabxanasına təhvil verilib, eləcə də magistratura səviyyəsi üzrə yazılı imtahanların bilet sualları hazırlanıb. Bakalavriat səviyyəsi üzrə kafedraya təhkim edilmiş fənlərdən "Sənaye təhlükəsizliyi", "Qəza-xilasetmə işlərinin aparılması taktikası-1", magistratura səviyyəsi üzrə isə "Fövqəladə halların proqnozlaşdırılması və riskin qiymətləndirilməsi" fənləri üzrə imtahan test tapşırıqları müəllimlər tərəfindən tamamilə dəyişdirilib, digər fənlər üzrə isə yeni əlavələr olunub və elektron test bazasına yerləşdirilib.

Kursant və magistrantların tədris müddəti ərzində topladıqları imtahana ümumi giriş balları onların imtahanlara buraxılması üçün şərait yaratmışdır. Magistrantlar kafedrada tədris olunan "Fövqəladə halların idarə olunması", "Fövqəladə hallarda müdafiənin iqtisadi əsasları", "Fövqəladə halların proqnozlaşdırılması və riskin qiymətləndirilməsi" fənləri üzrə hazırladıqları referatların müdafiəsini komissiya qarşısında müvəffəqiyyətlə müdafiə edərək imtahana buraxılıblar. Kafedrada tədris olunan fənlər üzrə yekunlara nəzər saldıqda, kursantlardan Aydın Nurəhmədov, Abdulhüseyn Əlizadə, Şöhrət Əmrahov, II kurs magistrantlarından Nicat İsmayılov, I kurs magistrantlarından isə Məhəmməd Musayev, Elnur Cəbrayılov yüksək keçid ballarla qiymətləndirilərək imtahana buraxılıblar.

Qış imtahan sessiyasının gedişi barəsində fikirlərini bizimlə bölüşən Akademiyanın Yanğın təhlükəsizliyi ixtisas fənləri kafedrasının rəisi daxili xidmət polkovnik-leytenantı, t.e.n. Kazım Kazımovun sözlərinə görə, 2017/2018-ci tədris ilinin payız semestrində bakalavriat və magistr səviyyələri üzrə kafedrada 10 fənn tədris olunub. İmtahana buraxılış əldə etmək üçün kursant və magistrantlar bir neçə fənn üzrə kurs işi və referatların müdafiəsini müvəffəqiyyətlə başa vurublar. Magistrantlardan Şakir Fərəcullayev, Anar Əliyev və Şəhriyar Hacıyev yüksək keçid ballarla qiymətləndirilərək imtahana buraxılıblar.

Qeyd etmək lazımdır ki, magistratura səviyyəsi üçün yazılı imtahanların sualları biletlər formasında hazırlanıb. Belə ki, "Yanğın təhlükəsizliyinin təminatı sistemlərinin hesabatı və layihələndirilməsi", "Layihələrin ekspertizası" fənləri üzrə suallar Akademiyanın kitabxanasına təqdim edilib. Eyni zamanda bakalavriat səviyyəsində "Yanğının inkişafının və söndürülməsinin fiziki kimyəvi əsasları", "Yanğınsöndürmə taktikası və qəza-xilasetmə işləri" və "Yanğın qəza-xilasetmə texnikası" kimi yeni tədris olunan fənlərin imtahan suallarının, ümumilikdə 765 sualdan ibarət bazası kafedranın müəllimləri tərəfindən yenidən hazırlanıb baxılaraq elektron test bazası sisteminə yerləşdirilib.

Bakalavriat səviyyəsində "Yanğınsöndürmə və qəza-xilasetmə işlərinin aparılma taktikası" fənni üzrə kursantlar kurs işinin müdafiəsini müvəffəqiyyətlə yerinə yetirərək imtahana buraxılıblar. Kurs işinin müdafiəsindən Yanğın təhlükəsizliyi fakültəsinin IV kurs kursantları Umarxan Umrayev, Ferdinand Şabanov və Nurlan Sadulov kursda ən yüksək ballarla qiymətləndiriliblər.

Akademiyada tədris prosesinin başa çatması ilə əlaqədar imtahanlara hazırlıq dövründə, onlar üçün müvafiq şəraitin yaradıldığını bildirən Yanğın təhlükəsizliyi fakültəsinin 3-cü kurs kursantları Bəylər Mehdizadə və Həmid Həsənov qeyd etdilər ki, imtahandan əvvəl semestrdə əldə etdiyimiz göstəricilər komissiya tərəfindən bizə elan edilir. İmtahan prosesi komissiyanın nəzarəti altında tam şəffaf formada həyata keçirilir. İmtahanda iştirak edən hər bir kursant imtahan başa çatdıqdan sonra aldığı qiymətlərlə tanış olur. Kursantların imtahan sessiyasında göstəricilərinin yüksək olmasının əsas səbəbi sessiya dövründə imtahanlararası ayrılan vaxtın düzgün planlaşdırılması və kursantların imtahanlara məsuliyyətlə hazırlaşmasından ibarətdir. Əvvəlki imtahan sessiyalarında olduğu kimi hazırki imtahan sessiyasında da əldə olunan nəticələr əsasında fakültələr, kurslar, taqımlar və fərdi birincilik müsabiqəsinin təşkil olunması imtahanlara daha yaxşı hazırlaşmaq üçün stimul yaradır. İmtahanda yüksək nəticələr göstərmiş kursantlar rəhbərlik tərəfindən rəğbətləndirilir və təhsildə fərqləndiyinə görə kursantlar sırasından əlaçı döş nişanına layiq görülən namizədlərin tərkibi müəyyən olunur.

Hazırda, imtahan prosesi davam etdirilir. İmtahan prosesində kursantların aktivliyi müşahidə olunur. Bütövlükdə, Akademiyada imtahanlara hazırlıq və qış imtahan sessiyasının gedişi göstərir ki, tədris olunan fənlər üzrə kursant və magistrantların hazırlıq səviyyəsi qənaətbəxşdir.

Söhbəti yazdı: P.QAFAROĞLU

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il